MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 7-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası parlamentin Sədri Oqtay Əsədov açdı.
Əvvəlcə iclasda cari məsələlər ətrafında müzakirələr aparıldı. Millət vəkilləri Siyavuş Novruzov, Zahid Oruc, Aydın Mirzəzadə, Elmira Axundova, Mixail Zabelin, Əhliman Əmiraslanov, Əli Hüseynli, Çingiz Qənizadə, Azay Quliyev ictimai-siyasi hadisələrlə bağlı vacib məsələlərdən, ötən ilin aprel döyüşlərində ordumuzun əldə etdiyi uğurlardan danışdılar.
Sonra iclasda İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun illik məlumatı dinlənildi. Milli koordinator, Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini, general-leytenant Vilayət Eyvazov ötən dövrdə ölkəmizdə insan alveri ilə mübarizə sahəsində görülən işləri diqqətə çatdırdı.
Bildirdi ki, keçən il Azərbaycanda həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2015-ci illə müqayisədə 30 faiz çox və ya 147 insan alveri faktı aşkarlanmış, 15 cinayətkar qrup zərərsizləşdirilmiş və həmin cinayətlərin qurbanı olmuş 70 şəxs müəyyən edilmişdir. Onun sözlərinə görə, onların hər birinə 400 manat məbləğində birdəfəlik müavinət verilmiş, 25-i işlə təmin edilmiş, 38 nəfər peşə kurslarına göndərilmişdir.
Keçirilmiş reydlər zamanı ötən il küçə həyatına məruz qalan, dilənçilik edən və qeyri-qanuni qulluğa cəlb olunan 600-ə yaxın azyaşlı müəyyən edilmişdir. Onların insan alverinin və məcburi əməyin qurbanı olmaları təsdiqlənməsə də, övladlarının təlim-tərbiyəsi ilə bağlı vəzifələrini yerinə yetirməyən, onların məktəbdən yayınmasına şərait yaradan 240 valideyn barəsində inzibati məsuliyyət tədbirləri görülmüşdür.
Qeyd olundu ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 63 qurbana hüquqi və psixoloji yardım, Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 7 potensial qurbana dövlət hesabına tibbi xidmət göstərilmişdir. Qurbanların himayəsində olan 31 azyaşlı uşaq müxtəlif təhsil proqramlarına cəlb edilmiş, 5 uşağın sosial problemləri həll olunmuş, daha 7 uşaq isə “Azərbaycan Uşaqlar Birliyi”nin nəzdindəki sığınacağa yerləşdirilmişdir.
Vilayət Eyvazov diqqətə çatdırdı ki, qurbanların təkcə sosial reabilitasiyasına, o cümlədən sığınacaqda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən 153 min manat əlavə vəsait xərclənmişdir.
Nazir müavini onu da qeyd etdi ki, hesabat dövründə “Qaynar xətt” telefon xidmətinə daxil olmuş 15 minə yaxın müraciətin hər biri üzrə qanunla müəyyən edilmiş tədbirlər görülmüşdür.
General-leytenant Vilayət Eyvazov bildirdi ki, ötən dövrdə ölkəmizdə insan alverinə qarşı mübarizədə Baş Prokurorluq, Ombudsman Aparatı, Təhsil, Ədliyyə, Səhiyyə, Xarici İşlər, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirlikləri, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd və Dövlət Miqrasiya Xidmətləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, QHT-lər və yerli icra hakimiyyəti orqanları yaxından iştirak etmişlər.
Sonda Vilayət Eyvazov onu da vurğuladı ki, ölkəmizdə insan alverinin və məcburi əməyin qarşısının alınması sahəsində fəaliyyətin effektivliyi əksər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış hesabatlarda yüksək dəyərləndirilmişdir.
Sonra insan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı ilə bağlı müzakirələr aparıldı. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlardan Siyavuş Novruzov, Tahir Kərimli, Zahid Oruc, Qənirə Paşayeva sənədlə bağlı fikirlərini bildirdilər. Müzakirələrdən sonra məlumat səsə qoyularaq nəzərə alındı.
Sonra gündəlikdəki digər məsələlərin müzakirəsinə başlanıldı. Əvvəlcə bir sıra beynəlxalq sənədlər təsdiq edildi. Azərbaycan Hökuməti və Belarus Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında 21 noyabr 2013-cü il tarixli Sazişin tətbiqinə dair, həmçinin Azərbaycan Hökuməti ilə Venesuela Bolivar Respublikasının Hökuməti arasında diplomatik, xidməti və rəsmi pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Sazişlər təsdiq edildi.
“Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin” və “Azərbaycan Respublikası Prezidentinin və Venesuela Bolivar Respublikası Prezidentinin” Birgə Bəyanatları da səsə qoyularaq təsdiqləndi.
Millət vəkilləri 1997-ci il 10 iyun tarixində Almatı şəhərində imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında mülki işlər üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilə”nin 5-ci Maddəsinə dəyişiklik və əlavələrin edilməsi haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi arasında Notalar Mübadiləsinin təsdiq edilməsi barədə, “Azərbaycan Respublikası ilə İsrail Dövləti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə sənədləri də səsə qoyaraq təsdiqlədilər.
Bildirildi ki, bu beynəlxalq sənədlər ölkəmizin beynəlxalq əlaqələrinin daha da inkişafına xidmət edir.
İclasda “Meliorasiya və irriqasiya haqqında”, “Siyasi partiyalar haqqında”, “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında”, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında”, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında”, “Veteranlar haqqında”, “Milli arxiv fondu haqqında”, “Təhsil haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Aviasiya haqqında”, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” , “Dövlət satınalmaları haqqında”, “Dövlət borcu haqqında” qanunlara, həmçinin Azərbaycan Respublikasının 1993-cü il 2 mart tarixli 525 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət himni haqqında Əsasnamə”də dəyişikliklər edildi.
Deputatlar Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin təqdimatlarından sonra Cinayət, Vergi, İnzibati Xətalar, İnzibati Prosessual, Mülki Prosessual, Mülki və Seçki məcəllələrinə təklif olunan dəyişiklikləri müzakirə etdilər.
Məlumat verildi ki, bu dəyişikliklərin əksəriyyəti digər qanunlara uyğunlaşdırma məqsədi daşıyır. Cinayət Məcəlləsinə isə “Satınalma prosedurları keçirilmədən dövlət vəsaitlərini xərcləmə və ya dövlət satınalmalarını qanunsuz keçirmə” adlı yeni maddə əlavə olunur və İnzibati Xətalar Məcəlləsində də bununla bağlı məsuliyyət müəyyən edilir . Cinayət Məcəlləsinə edilən digər əlavəyə görə isə, qanunla müəyyən edilmiş qaydaları pozmaqla torpaq sahələri ayrılmasına, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə verməyə görə vəzifəli şəxslər üçün cinayət məsuliyyəti sərtləşdirilir və bununla bağlı əvvəllər İnzibati Xətalar Məcəlləsində olan 249-cu maddə ləğv edilir.
“Banklar haqqında” Qanuna təklif olunan dəyişikliklər barədə məlumat verən İqtisadi siyasət, sənaye və sahiblarlıq komitəsinin sədri Ziyad Səmədzadə isə bildirdi ki, bu dəyişikliklər ödəmə qabiliyyətini itirmiş bankların sağlamlaşdırılması məqsədi daşıyır və İnzibati Prosessual, Mülki Prosessual və Mülki məcəllələr də bu qanuna uyğunlaşdırılır.
Müzakirələrin sonunda Cinayət, Vergi, İnzibati Xətalar, İnzibati Prosessual, Mülki Prosessual, Mülki və Seçki məcəllələrinə təklif olunan dəyişikliklər səsə qoyularaq qəbul edildi.
İclasda “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunlara dəyişikliklər edilməsi barədə məsələlər də müzakirə olundu.
“Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə məlumat verən deputat Rüstəm Xəlilov diqqətə çatdırdı ki, təklif olunan dəyişikliyə əsasən, bələdiyyələr hüquqi və fiziki şəxslərin yerli vergilər və ödənişlərlə bağlı borcları barədə onların yazılı müraciətləri əsasında 1 iş günü müddətində arayış verəcəklər. Hazırda isə bu müddət 5 gündür.
“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Qanunda dəyişiklik edilməsi barədə isə deputat Malik Həsənov məlumat verdi. Bildirdi ki, layihəyə əsasən, qanunun 13-cü maddəsinə belə bir cümlə əlavə olunur: “Yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir”.
Bildirildi ki, bu dəyişikliklər bələdiyyələrin daha şəffaf və operativ fəaliyyət göstərməsinə kömək edəcəkdir. Hər iki qanuna təklif olunan dəyişikliklər səsə qoyularaq təsdiqləndi.
İclasda “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi də birinci oxunuşda müzakirəyə çıxarıldı.
Layihə barədə məlumat verən Regional məsələlər Komitəsinin sədri Arif Rəhimzadə bildirdi ki, 3 fəsildən ibarət olan “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsində peşəkarlıq və fərdi məsuliyyətin artırılması, şəxslərin qanuni maraqlarına, şərəf və ləyaqətinə hörmət, mədəni davranış, qərəzsizlik və digər məsələlər öz əksini tapıb. Çıxış edən Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov, deputatlar Azay Quliyev, Tahir Kərimli, Qənirə Paşayeva, Kamran Bayramov, Siyavuş Novruzov qanun layihəsi barədə fikirlərini bildirdilər.
Müzakirələrin yekununda qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul olundu.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti