REGİONAL MƏSƏLƏLƏR KOMİTƏSİNDƏ

Komitə iclasları
11 aprel 2017 | 04:04   
Paylaşın:        

Aprelin 11-də Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirildi. İclasda bələdiyyə rəhbərlərinin, müvafiq assosiasiya təmsilçilərinin, Ədliyyə Nazirliyi nümayəndələrinin iştirakı ilə “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” qanun layihəsinə təklif edilən dəyişikliklər müzakirə olundu.
 Komitə sədri Arif Rəhimzadə iclası acaraq bildirdi ki, qanun layihəsinin “Vergitutma obyekti və vergi ödəyicisi” adlanan 5-ci maddəsinin 5.4-ci hissəsi yeni redaksiyada verilir. Düzəlişə əsasən, bələdiyyələrə ödənilən fiziki şəxslərin torpaq və əmlak vergisinin hesablanması və tutulması məqsədilə müvafiq bələdiyyənin təşkil edildiyi ərazi vahidləri hüdudlarında mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrinin ölçüləri və ünvanı, onların mülkiyyətçiləri olan fiziki şəxslər, habelə fiziki şəxslərin mülkiyyətində və istifadəsində olan torpaq sahələrinin ölçüləri və ünvanı barədə məlumatlar həmin bələdiyyə tərəfindən dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsi ilə real vaxt rejimində ödənişsiz əldə edilməsi nəzərdə tutulur.
Diqqətə çatdırıldı ki, qanunun əmlakın vergiqoyma məqsədləri üçün qiymətləndirilməsi barədə qərarın qəbul edilməsi, əmlakın qiymətləndilməsi üzrə əməliyyatlar və bunların müəyyənləşdirilməsi qaydaları əks olunan 5.3-cü müddəası ləğv edilir.
 Müzakirələr zamani çıxış edən komitə sədrinin müavini Fəttah Heydərov, millət vəkilləri Tahir Rzayev, Fəzail İbrahimli, Azər Badamov, Nərimanov Bələdiyyəsinin sədri Təmraz Tağıyev, Mingəçevir Bələdiyyəsinin sədri Coşqun Abdullayev, Sumqayit Bələdiyyəsinin sədri Sultan Əsədov qanuna edilən dəyişikliklərin əhəmiyyəti barədə fikirlərini açıqladılar.
Qeyd edildi ki, bu düzəlişlər yerli özünüidarə orqanlarının səmərəli fəaliyyətini təmin edəcək, onların maliyyə bazasının möhkəmləndirilməsinə, o cümlədən vergi və ödəniş sisteminin təkmilləşdirilməsinə xidmət edəcək.
Müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU