SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
12 aprel 2017 | 07:04   
Paylaşın:        

Aprelin 12-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. İclasda “Dərman vasitələri haqqında”, “Yeyinti məhsulları haqqında”, “Reklam haqqında” qanunlara və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərin edilməsi ilə bağlı məsələlərə baxıldı.
Komitə sədri Əhliman Əmiraslanov iclası açaraq vurğuladı ki, ölkədə dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və əczaçılıq sənayesinin inkişafı ilə bağlı geniş islahatlar paketi hazırlanıb və mərhələlərlə həyata keçirilir. Dərman vasitələrinin keyfiyyətinə nəzarətin gücləndirilməsi, vaxtı keçmiş dərmanların ölkəyə idxalının qarşısının alınması istiqamətində müvafiq işlər görülür. Diqqətə çatdırıldı ki, dövlət başçısının tapşırığına  əsasən ölkədə əczaçılıq fabriklərinin tikintisinə başlanılıb.
Sonra komitə sədri müzakirəyə çıxarılan məsələlər barədə məlumat verdi.  Bildirildi ki,  “Dərman vasitələri haqqında” qanuna nəzərdə tutulan dəyişiklik “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2016-cı il 14 oktyabr tarixli qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Sənədə “Normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağandır” məzmunlu 4.8-ci maddənin əlavə olunması təklif olunur.
Əhliman Əmiraslanov digər qanun layihələri ilə əlaqədar açıqlamasında  söylədi ki, burada eyni mahiyyətli redaktə xarakterli bir sıra dəyişikliklər nəzərdə tutulub. Belə ki, “Dərman vasitələri haqqında” qanunun 16-1.2.7-ci maddəsində “bioloji aktiv əlavə və qida əlavəsi” sözləri, “Yeyinti məhsulları haqqında” qanunun 7-ci maddəsinin beşinci hissəsində “bioloji aktiv əlavələrin” sözləri, “Reklam haqqında” qanunun 29.2.7-ci maddəsində, 30-cu maddəsinin adında və mətninin müvafiq hissələrində  “bioloji aktiv əlavə və qida əlavəsi” sözləri “bioloji fəallığa malik qida əlavəsi” ifadəsi ilə əvəz edilir. “Reklam haqqında” qanuna, eyni zamanda, “Bioloji fəallığa malik qida əlavələrinin reklamında onların dərman vasitəsi olmadığı haqqında məlumat verilməlidir” məzmunlu  30.7-ci maddə əlavə edilir.
Bildirildi ki, İnzibati Xətalar Məcəlləsinin 221-ci maddəsinin adı dəyişdirilərək  “Dərman vasitələri haqında qanunvericiliyin pozulması” adlandırılır. Bu maddəyə 8-ci və 9-cu bəndlərin əlavə edilməsi nəzərdə tutulur. Əlavələrə əsasən, üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) “dərman vasitəsi deyildir” sözləri yazılmayan bioloji fəallığa malik qida əlavələrinin istehsalına, idxalına və ya satışına görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilirlər. Habelə, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılmasına görə, vəzifəli şəxslər əlli manatdan yüz manatadək, hüquqi şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə cərimə olunurlar.
Göstərilən düzəlişlər “Dərman vasitələri haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 14 oktyabr tarixli 360 nömrəli qanunun tətbiqi ilə əlaqədar təklif edilir. Qeyd olundu ki, “Dərman vasitələri haqqında” qanunda dəyişikliklər edilərək bioloji fəallığa malik qida əlavələri adlı yeni maddə əlavə edilmişdir. Qanuna əsasən bioloji fəallığa malik qida əlavələrinin üzərində və onların istifadəsi təlimatlarında (içlik vərəqələrində) “dərman vasitəsi deyildir” sözləri yazılmalıdır.  Eyni zamanda, bioloji fəallığa malik qida əlavələrinin həkim reseptinə yazılması qadağan edilmişdir.
İclasda çıxış edən komitənin sədr müavini Musa Quliyev, üzvləri Qənirə Paşayeva, Rafiq Məmmədhəsənov, Rəşad Mahmudov, Məlahət İbrahimqızı, İlham Məmmədov təklif olunan dəyişikliklərin insanların sağlamlığının qorunması baxımından zəruri olduğunu bildirdilər. Deputatlar  ölkədə dərman sənayesinin inkişafı istiqamətində həyata keçirilən tədbirlərin vacibliyini vurğuladılar.
Müzakirələrin sonunda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU