AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNİN İCLASINDA
Aprelin 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Aqiyə Naxçıvanlı “Uşaq hüquqları haqqında” qanununa dəyişiklik edilməsi barədə sənədin müzakirə ediləcəyini bildirdi.
Layihəni şərh edən komitə sədri qeyd etdi ki, Milli Məclisə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə daxil olan sənəd 2015-ci il 15 may tarixində qəbul olunmuş “Reklam haqqında” qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Qanun layihəsinə edilən əlavələr uyğunlaşdırma xarakteri daşısa da uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşməsi, uşaqların sağlamlığının qorunması, pis vərdişlərdən uzaq tutulması, onların təhlükəsizliyinin təmin olunması baxımından xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, mütəmadi olaraq ölkə Prezidenti tərəfindən bu qanunvericiliyə edilən əlavə və dəyişiklikər bir daha sübut edir ki, uşaqların hüquqlarının hər şeydən üstün tutulması dövlətin ali məqsədlərindən biridir. “Uşaq hüquqları haqqında” qanuna “Reklamda uşaqların müdafiəsi” adlı yeni 11-1 maddəsinin əlavə edildiyi vurğulandı. Uşaqlara mənəvi və fiziki baxımdan zərərli təsirin qarşısını almaq məqsədi ilə reklamda valideynin, qəyyumların, himayəçilərin, tərbiyəçilərin və başqa şəxslərin nüfuzuna xələl gətirən, onlara olan etibarı zəiflədən məlumatların verilməsi, başqa şəxsə münasibətdə kobudluğun, nifrət hissinin, təcavüzkarlığın, zərərli vərdişlərin aşılanması, həyat və sağlamlıq üçün təhlükəli olan hərəkətləri nümayiş etdirməklə, onların təkrarlanmasına sövqetmə, uşaqların psixoloji gərginlik yarada biləcək vəziyyətlərdə göstərilməsi və başqa zəruri məqamlar əksini tapmışdır.
Millət vəkilləri Dilarə Cəbrayılova, Sədaqət Vəliyeva, Astan Şahverdiyev, Tahir Rzayev, Ağacan Abıyev, parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova layihə ilə bağlı fikirlərini bildirdilər, uşaqların zərərli təsirlərdən qorunması, onların sağlamlığının müdafiəsi, alkoqollu içkilərin və tütün məmulatlarının reklamlarının məhdudlaşdırılması və bu sahədə maarifləndirmə işinin gücləndirilməsi ilə bağlı təkliflərini səsləndirdilər.
Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasına verilməsi qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti