İCTİMAİ BİRLİKLƏR VƏ DİNİ QURUMLAR KOMİTƏSİNDƏ

Komitə iclasları
24 aprel 2017 | 06:04   
Paylaşın:        
Aprelin 24-də Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin növbəti iclası keçirildi. 
Komitənin sədri Siyavuş Novruzov bildirdi ki, “Dini etiqad azadlığı haqqında” Qanuna 3  dəyişiklik təklif edilir. Belə ki, qanunun hazırkı variantına görə, ölkədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağandır.
Təklif olunan birinci dəyişikliyə görə isə dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğat aparılması qadağan edilir.
Bundan başqa, mövcud qanuna əsasən, xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarına İslam dininə aid ayin və mərasimlərin aparılması qadağandır. İkinci dəyişikliyə görə isə xaricdə dini təhsil almış Azərbaycan vətəndaşları Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müvafiq icra hakmiyyəti orqanı ilə razılaşdırmaqla İslam dininə aid ayin və mərasimlərin aparılmasına buraxıla bilərlər.
Bildirildi ki, hazırkı qanuna əsasən, vətəndaşlarin dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi və din xadimlərinin mübahisəli mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla dini mərkəz və ya dini idarələr tərəfindən həyata keçirilir.
Təklif olunan üçüncü dəyişikliyə görə isə vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla dini mərkəz tərəfindən həyata keçirilir.
Müzakirələr zamanı çıxış edən komitə üzvləri Mirkazım Kazımov, Fazil Qəzənfəroğlu və Səttar Möhbalıyev təklif olunan dəyişikliklərin əhəmiyyətindən danışdılar, bu yeniliklərin bir sıra mövcud problemləri aradan qaldıracağını qeyd etdilər.   
Müzakirələrin yekununda “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Bununla da İctimai birliklər və dini qurumlar komitəsinin növbəti iclası başa çatdı. 


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU