İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ
Aprelin 24-də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Daşınar əmlakın yüklülüyü haqqında” məsələyə baxıldı.
Komitə sədri Ziyad Səmədzadə qeyd etdi ki, Azərbaycan Prezidentinin imzası ilə Milli Məclisə daxil olan bu sənəd qanunvericilikdə yeni bir istiqamətin əsasını qoyur. Belə ki, daşınar əmlak bazarı anlayışı ölkəmizdə geniş yayılmayan sahədir.
İclasda yeni qanun layihəsini Maliyyə Bazarlarına Nəzarət Palatasının idarə rəisi Nurlan Babayev təqdim etdi. Bildirdi ki, bu qanun kiçik və orta sahibkarlığın inkişafına dəstək verəcək.
Müzakirələrdə deputatlar Vahid Əhmədov, Əli Məsimli, İlham Əliyev, Xanhüseyn Kazımlı, Cavid Qurbanov, Şəmsəddin Hacıyev qanun layihəsinə dair rəy və təkliflərini bildirdilər. Sənədin dilinin sadələşdirilməsi, layihədə daşınar əmlakın təsnifatının verilməsi vacib sayıldı.
Fikir mübadiləsinin yekununda “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti