MİLLİ MƏCLİSİN İCLASINDA
Aprelin 25-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı. Gündəliyin təsdiqindən sonra qanun layihələrinin müzakirəsinə başlanıldı.
Əvvəlcə Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında hərbi maliyyə əməkdaşlığı haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsini təqdim etdi. 2016-cı il dekabrın 29-da Bakı şəhərində və dekabrın 30-da Ankara şəhərində imzalanmış Saziş millət vəkilləri tərəfindən razılıqla qarşılandı.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verərək bildirdi ki, sənəddə nəzərdə tutulan dəyişikliklər “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 14 oktyabr tarixli 334-VQD nömrəli qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Komitə sədri Məcəllənin 65 və 267-ci maddələrinə edilən dəyişiklikləri diqqətə çatdırdı. Sənəd səsə qoyularaq qəbul edildi.
Sonra Ziyafət Əsgərov “Vətəndaşların müraciətləri haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumatında bildirdi ki, aparılan dəyişiklik “Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişikliklər edilməsi barədə 2016-cı il 14 oktyabr tarixli 334-VQD nömrəli sənədə uyğunlaşdırmaq məqsədi daşıyır. Qeyd olundu ki, layihənin əsas mahiyyəti korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilmə qaydaları və məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı normaların müəyyən edilməsidir. Sənəd səsvermə yolu ilə təsdiqləndi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat verdi. O, qeyd etdi ki, sənədə korrupsiya ilə əlaqədar hüquqpozmalar barədə məlumat verən şəxsin dövlət müdafiəsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması hallarını tənzimləyən yeni 594-2-ci maddə əlavə edilir və burada cərimə formasında müəyyən edilən məsuliyyət nəzərdə tutulur. Sənəd səsə qoyularaq qəbul edildi.
Əli Hüseynli “Dövlət qulluğu haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədlə əlaqədar məlumat verdi. Bildirildi ki, sənədə dəyişikliklər Azərbaycan Konstitusiyasına 2016-cı il sentyabrın 26-da keçirilmiş ümumxalq səsverməsində (referendumda) qəbul edilmiş dəyişikliklərə uyğun olaraq, yeni yaradılmış Birinci vitse-prezidentin xidmətində olan dövlət qulluqçularının statusunu, təminatını və dövlət orqanındakı təsnifatını müəyyən etmək üçün təklif edilir. Qeyd olundu ki, inzibati vəzifələrin ali təsnifatında Birinci vitse-prezidentin fəaliyyətini təmin edən struktur bölmələri, rəhbəri, müavin və müşavir vəzifələri nəzərdə tutulur. Bu qanun layihəsi məhz həmin prosedurların yerinə yetirilməsini özündə ehtiva edir. Sənəd səsə qoyularaq qəbul edildi.
Sonra Əli Hüseynli “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə məlumat verdi. Qeyd olundu ki, dəyişiklik “Məhkəmə-Hüquq Şurası haqqında” qanunda dəyişiklik edilməsi barədə 2016-cı il 29 noyabr tarixli 437-VQD nömrəli qanuna uyğunlaşdırmaq məqsədi ilə edilib. Bu sənəd də deputatların razılığı ilə təsdiqləndi.
Əli Hüseynli “Yol hərəkəti haqqında” qanunda dəyişikliklər edilməsini şərh edərək bildirdi ki, sənədin 27-ci maddəsi Azərbaycan ərazisində bütün mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının qanunauyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən “Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında” Əsasnamə ilə müəyyən edilərək uçota alınmasını müəyyən edir. Yeni təklifə əsasən nəqliyyat vasitəsi dövlət qeydiyyatından keçirilmək və uçota alınmaq üçün mühərrik, ban və şassi nömrələrini, habelə rəngini tutuşdurmaq məqsədi ilə müayinə edildikdən sonra texniki baxışdan keçirilir. Qanuna əsasən nəqliyyat vasitəsi istehsal olunduğu vaxtdan 4 il keçdikdə - iki ildə bir dəfə, istehsal olunduğuı vaxtdan 10 il keçdikdə ildə bir dəfə texniki baxışdan keçirilməsi nəzərdə tutulur. Nəticə etibarı ilə təklif texniki baxışı həyata keçirən qurumların fəaliyyətinin təkmilləşdirilməsinə xidmət edir. Sənəd ətraflı müzakirələrdən sonra təsdiqləndi.
Sonra Əli Hüseynli Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında 2015-ci il 29 may tarixli 1295-IVQD nömrəli qanunda dəyişiklik edilməsi barədə danışdı. Komitə sədri qeyd etdi ki, dəyişiklik “Azərbaycan Respublikası vətəndaşının yeni nəsil şəxsiyyət vəsiqəsinin və 15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi barədə” 2015-ci il 28 aprel tarixli 1276-İVQD nömrəli qanunda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 433-VQD nömrəli qanunun icrası ilə əlaqədar təklif edilir. Həmin qanunlara əsasən bəzi qanunlara dəyişikliklərin qüvvəyə minməsi tarixi 1 yanvar 2018-ci il tarixindən nəzərdə tutulur. Sənəd səsvermə yolu ilə təsdiqləndi.
“Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə də Əli Hüseynli məlumat verdi. Bildirildi ki, dəyişiklik “Ədliyyə orqanlarının inkişafı haqqında” Azərbaycan Prezidentinin 17 avqust 2006-cı il tarixli fərmanında dəyişiklik edilməsi barədə 18 noyabr 2016-cı il tarixli 1119 nömrəli fərmanı ilə əlaqədardır. Bu fərmanla təsdiq edilmiş “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Strukturu”nun 3-cü hissəsində Ədliyyə Nazirliyi Strukturuna daxil olan ədliyyə orqanları və təşkilatlar müəyyən edilir. Qanun layihəsinə təklif olunan dəyişikliklər təkmilləşdirmə məqsədi daşıyır. Sənəd səsvermə yolu ilə qəbul edildi.
Əli Hüseynli 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunla təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişikliklər edilməsi haqqında qanun layihəsi ilə əlaqədar dedi ki, dövriyyəsi qadağan olunan və tənzimlənən maddələrin siyahısına BMT-nin Narkotiklər üzrə Komisssiyasının üzv ölkələrə verdiyi tövsiyələrə əsasən yeni növ 2 narkotik və 4 psixotrop maddələrin adları bu siyahıya əlavə edilir. Sənəd səsə qoyularaq təsdiqləndi.
Əli Hüseynli 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli qanunla təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişikliklər edilməsi haqqında sənədlə əlaqədar bildirdi ki, bu qanun layihəsi əvvəlcə qəbul edilən sənədin davamıdır. Burada narkotik maddə və psixotrop maddələrin külli miqdarı müəyyən edilir və milliqramla göstərilir. Sənəd səsə qoyularaq qəbul edildi.
İclasda Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında sənəd müzakirə edildi. Əli Hüseynli qanun layihəsinin təqdimatında bildirdi ki, dəyişikliyə əsasən, mehmanxana, mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulan digər tikinti obyektləri “yerləşdirmə vasitələri” adlandırılır və statusuna görə yaşayış sahəsi hesab edilirlər. Nəticədə, özəl mənzil fonduna aid çoxmənzilli yaşayış sahələrinin və yaşayış evlərinin mülkiyyətçi tərəfindən yerləşmə vasitəsi kimi istifadəsi üçün heç bir prosedur qaydası tələb olunmayacaq. Sənədlə əlaqədar müzakirələrdə millət vəkilləri Hadi Rəcəbli, Asim Mollazadə, Əflatun Amaşov fikirlərini bildirdilər. Sənəd səsə qoyularaq qəbul edildi.
Əli Hüseynli gündəlikdəki digər 3 məsələ Cinayət, İnzibati Xətalar və Mülki Məcəllələrə edilən əlavə və dəyişikliklə bağlı sənədləri birlikdə şərh etdi. Komitə sədri bildirdi ki, təklifin mahiyyəti hüquqi şəxslərə aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydalarının pozulması hallarına görə cinayət məsuliyyətini nəzərdə tutur. Bu müəyyən cərimələr və cinayət məsuliyyətinə cəlbetmə halı ola bilər. Sənəddə bağlanmış əqdlərin səhmdara vurduğu ziyana görə də məsuliyyət halları əksini tapır. Bildirildi ki, sonradan məhkəmə mübahisələrinə gətirib çıxaran hüquqi şəxslərlə bağlı əqdlərin bağlanması qaydalarında baş verən pozuntuların qarşısını alacaq. Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Müflisləşmə və iflas haqqında” qanunda dəyişikliklər edilməsi barədə məlumat verərək bildirdi ki, sənəd müflisləşmə zamanı təyin olunan əmlak inzibatçısının hüquq və vəzifələrini, borclunun kreditorlarının hüquqlarını, müəssisənin sağlamlaşdırma şərtlərini, müflisləşmə zamanı ödənişlərin növbəliliyini, borcluya aidiyyəti olan şəxsləri dəqiqləşdirmək məqsədi ilə hazlrlanmışdır. Sənəd millət vəkillərinin razılığı ilə qarşılandı.
Milli Məclisin bugünkü iclasında Ali Məhkəməyə yeni hakimin seçilməsi məsələsinə də baxıldı. Əziz Seyidovun Ali Məhkəmənin hakimliyinə namizədliyi irəli sürüldü. Millət vəkilləri Əziz Seyidovun təyinatının lehinə səs verdilər.
İclasda Mülki Məcəllədə və İnzibati Xətalar Məcəlləsində “Kommersiya sirri haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə edilən texniki dəyişikliklər də təsdiqləndi.
Sonra Ziyad Səmədzadə Vergi Məcəlləsində “beynəlxalq daşıma” anlayışının dəqiqləşdirilməsi məqsədi ilə edilən dəyişikliyi diqqətə çatdırdı. Qeyd olundu ki, beynəlxalq daşıma - yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan ərazisində yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır. Sənəd səsə qoyularaq qəbul edildi.
Ziyad Səmədzadə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi barədə danışarkən vurğuladı ki, sənədə təklif olunan dəyişiklik hüquq sahiblərinə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi, eləcə də başqasına keçməsinə dair qeydiyyat orqanı tərəfindən verilən çıxarışın dövlət reyestrindən elektron informasiya sistemləri vasitəsilə əldə etmək imkanı verir. Qanun layihəsi səsvermə yolu ilə təsdiqləndi.
İclasda Ziyad Səmədzadə “Dövlət rüsumu haqqında” qanunda dəyişikliklər edilməsi barədə də məlumat verdi. Bildirildi ki, sənədin 22-ci (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) maddəsinə yeni bənd əlavə edilir. Yeni bəndə əsasən valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növü hesab ediləcək və buna görə 500 manat rüsum tələb olunacaq. Sənəd qəbul edildi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli növbəti 4 məsələ - “Yol hərəkəti haqqında”, “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə”də, Vergi və Gömrük Məcəllələrində dəyişikliklər edilməsi barədə birgə məlumatı nəzərə çatdırdı. Qeyd olundu ki, dəyişikliyin əsas mahiyyəti büdcə vəsaitlərinin daha səmərəli istifadə olunmasından büdcədənkənar fondların vəsaitlərinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsindən ibarətdir. Belə ki, qanunvericilikdə bir sıra hallarda cərimələr, haqqı ödənilən xidmətlərdən daxil olan vəsaitlər həmin qurumun özündə qalırdı. Təklif olunur ki, bu vəsaitlər bir nəzarət orqanında cəmləşsin. Nəzarət orqanı Azərbaycan Prezidentinin Fərmanı ilə müvafiq icra hakimiyyətinin hansı orqandan ibarət olacağı əksini tapacaqdır. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqləndi.
Ziyad Səmədzadə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanuna dəyişiklik edilməsi barədə sənədi izah edərkən bildirdi ki, qanun cinayət təqibinin həyata keçirilməsi və məhkəmə icraatı çərçivəsində aparılan yoxlamalara şamil edilmir. Sənəd səsə qoyularaq qəbul edildi.
Sonra Ziyad Səmədzadə “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” Qanunda dəyişikliklər edilməsini şərh etdi. Bildirildi ki, ölkəmizdə pul-kredit siyasətinin daha təkmil həyata keçirilməsi üçün Mərkəzi bank tərəfindən kredit təşkilatlarına (banklara) məqsədli kreditlərin verilməsini nəzərdə tutan 49-1-ci maddə ləğv edilir. Qanun layihəsi səsvermə yolu ilə təsdiq olundu.
Ziyad Səmədzadə “Valyuta tənzimi haqqında” qanunda edilən dəyişiklikləri də diqqətə çatdırdı. Onun sözlərinə görə, bundan sonra valyutadəyişmə məntəqələrinə nəzarəti Maliyyə Bazarlarına Nəzarət Palatası həyata keçirəcək. Qeyd edildi ki, lisenziyalar təkcə poçtlara deyil, eyni zamanda banklara, rezident və qeyri-rezident vətəndaşlara veriləcək. Valyutadəyişmə məntəqəsinə lisenziya almaq üçün girov tələb ediləcək. Millət vəkilləri Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Elmira Axundova, Siyavuş Novruzov, Əli Məsimli, Zahid Oruc, Yevda Abramov cıxış edərək valyuta tənzimi ilə bağlı ölkə gündəmində mövcud olan problemlərin həlli istiqamətində fikirlərini bildirdilər.
İclasda “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunda müvafiq dəyişikliklər də təsdiqləndi.
Ziyad Səmədzadə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədin “Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” 2016-ci il 14 oktyabr tarixli 345-VQD nömrəli qanunun tətbiqi ilə əlaqədar hazırlandığını dedi. Bildirildi ki, sənədin 8-ci maddəsinin müvafiq bəndlərində “digər tikinti obyektləri” və “sifarişli poçt göndərişi ilə və ya bilavasitə” sözləri əlavə olunur. Sənəd səsə qoyularaq qəbul edildi.
Sonra Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Dərman vasitələri haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədlə bağlı məlumatda vurğuladı ki, normativ hüquqi aktların, o cümlədən texniki normativ hüquqi aktların tələblərinə cavab verməyən, keyfiyyətsiz, mənşəyi məlum olmayan, yaradıcılıq müddəti bitmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı qadağan edilir. Qeyd olundu ki, nəzərdə tutulan dəyişiklik “İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2016-cı il 14 oktyabr tarixli qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Qanun layihəsi millət vəkilləri tərəfindən məqsədəuyğun hesab edildi.
Sonra Əhliman Əmiraslanov bildirdi ki, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna edilən dəyişikliyə əsasən, burada göstərilən siyahının “İnsan orqanı və toxumaları” adlı 12-ci bəndinə “gözün buynuz qişası istisna olmaqla” sözləri əlavə edilir. Müvafiq olaraq, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” qanuna yeni – “gözün buynuz qişası” maddəsi əlavə olunur. Diqqətə çatdırıldı ki, bu dəyişikliklərdən sonra gözün buynuz qişasının Azərbaycana gətirilməsi ilə bağlı yaranan çətinliklər aradan qaldırılacaq. Əhliman Əmiraslanov ölkəmizdə gözün buynuz qişası bankının yaradılmasının zəruri olduğunu söylədi. Burada əks olunan məsələlərin insanların sağlamlığının qorunmasında mühüm əhəmiyyət kəsb etdiyini dedi. Eyni zamanda, qanunun ölkədə transplantologiya sahəsinin inkişafında müsbət rol oynayacağını vurğuladı. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
İclasın sonunda “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi keçirildi. Ölkədə yeni iqtisadi sistemin formalaşdığını deyən Ziyad Səmədzadə bildirdi ki, qanun layihəsinə əsasən, daşınar əmlakın rəsmi reyestrlərində qeydiyyata alınan daşınar əşyalar və dövlət qeydiyyatına alınmalı olan kağızlar istisna olmaqla, yüklülük predmetini istənilən daşınar əmlak, o cümlədən gələcəkdə yüklülük sahibinin mülkiyyətində olacaq daşınar əmlak təşkil edir. Layihədə qeyd olunur ki, daşınar əmlakın yüklülüyü dövlət, bələdiyyə və xüsusi yüklülük növlərinə bölünür. Sənəddə daşınar əmlakın yüklülük sahiblərinin tələblərinin ödənilməsi, yüklülük predmetinin özgəninkiləşdirilməsi, satış üsulları, əldə olunan gəlirin bölüşdürülməsi, daşınar əmlakın yüklülüyünün dövlət reyestri və yüklülüyün qeydə alınması qaydaları əksini tapmışdır. Layihəyə əsasən kredit təşkilatları mal-qaranı, maşın və avadanlıqları, kiçik texnikanı, televizor və kompüteri və digər daşınar əmlakları girov kimi qəbul edə biləcəklər. Qanun daşınar əmlakın qirov qoyulması əsasında sahibkarların, fiziki şəxslərin maliyyə resursuna çıxışını asanlaşdıracaq. Layihədə daşınar əmlakın dövlət reyestrinin yaradılması da nəzərdə tutulur. Burada həmin əmlaklarla bağlı məlumatlar, onların göstəriciləri qeydə alınacaq və reyestrə ötürüləcək. Beləliklə, istənilən kredit təşkilatı daşınar əmlakı girov kimi qəbul etməzdən əvvəl reyestr vasitəsilə bu əmlakın üzərində yüklülüyün olub-olmadığını aydınlaşdıra biləcəkdir. Ekspertlər hesab edir ki, bu qanunun qəbulundan və tətbiqindən sonra bankların girov kimi qəbul etdiyi daşınar əmlakın sayı 2 dəfə artacaq, kiçik və orta biznesə kredit qoyuluşunda nəzərəçarpacaq irəliləyiş olacaq. Layihə ilk oxunuşda səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclis öz işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti