MİLLİ MƏCLİSDƏ QDİƏT PARLAMENT MƏCLİSİNİN TƏDBİRİ KEÇİRİLDİ
Aprelin 25-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 48-ci iclası keçirildi. Tədbirdə QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev, quruma üzv ölkələrdən Azərbaycan, Türkiyə, Ukrayna, Bolqarıstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya və Serbiyanın nümayəndə heyətləri iştirak edirdilər. İclası komitənin sədr müavini, Türkiyə Böyük Millət Məclisinin millət vəkili Özcan Ulupınar aparırdı.
İclasın açılışında Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov iştirakçıları parlament rəhbərliyi adından salamlayaraq onlara uğurlu və səmərəli iş arzuladı. Gündəlikdəki məsələnin QDİƏT regionu üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı. Bildirdi ki, müasir dünyadakı siyasi, iqtisadi, ekoloji problemləri yalnız ölkələrin birgə səyi ilə həll etmək mümkündür. Dövlətlər arasında əməkdaşlığın zəruriliyi Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı regionuna da aiddir.
Ziyafət Əsgərov qonaqların nəzərinə çatdırdı ki, Azərbaycan dövlətinin iqtisadi potensialının artması ölkədə səhiyyənin inkişafına təkan verib. Bölgәlәrdə 500-dәn artıq xəstəxana tikilib və ya әsaslı tәmir olunub. Tibb müəssisәlәri müasir texnika və avadanlıqla tәchiz edilib. Nəticədə əhalinin sağlamlığının qorunması sahəsindəki problemlərin həllinə imkan yaranıb. Həyata keçirilən tədbirlər sayəsində ana və uşaq ölümünün səviyyəsi kəskin azalıb. Səhiyyədəki islahatlar Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətin mərkəzində insan amili dayandığını bir daha təsdiq edib.
Sonra QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev çıxış edərək yaradılmış şəraitə görə iştirakçılar adından Milli Məclisin Sədri Oqtay Əsədova minnətdarlıq bildirdi.
Açılış mərasiminin yekununda tədbir iştirakçıları Milli Məclisin foyesində ailə fotosu çəkdirdilər.
***
Fasilədən sonra Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin 48-ci iclası işini davam etdirdi. Öncə təşkilati məsələlərə baxıldı. Gündəlik təsdiqləndikdən sonra komitənin sədr müavini, Ukrayna Ali Radasının deputatı Sergey Kunitsın təkrarən Mədəniyyət, təhsil və sosial məsələlər komitəsinin sədr müavini seçildi. 25-26 oktyabr 2016-cı il tarixində komitənin Buxarestdə keçirilmiş 47-ci iclasının protokolu təsdiqləndi.
Sonra iclasda komitənin üzvü, QDİƏT PM sədrinin müavini Musa Quliyev “QDİƏT-ə üzv olan dövlətlərdə dayanıqlı səhiyyə sisteminin təmin edilməsində parlamentlərin rolu” mövzusunda məruzə layihəsini təqdim etdi. Bildirildi ki, BMT Baş Assambleyası 2015-ci ilin sentyabrında dünyada 2030-cu ilədək müddət üçün Davamlı İnkişaf məqsədlərini müəyyən edib. Həmin sənədin 13-cü bəndi bütün yaşlardan olan insanlar üçün sağlam həyat tərzini və rifahı nəzərdə tutur. QDİƏT hesab edir ki, səhiyyə insanın həyat fəaliyyətində, ölkələrin və bütövlükdə regionun həyatında çox vacib məsələdir.
Qeyd olundu ki, səhiyyənin bir sıra (ənənəvi və yeni) problemlərinin həllində parlamentlər mühüm rol oynaya bilər. Belə ki, deputatlar əhalinin sağlamlığının qorunması sahəsində milli qanunvericiliyin daim yenilənməsi, beynəlxalq standartlara uyğunlaşdırılması üçün parlamentlər və hökumətlər qarşısında təkliflərlə çıxış etməlidirlər.
Məruzədə insan inkişafı indeksi, səhiyyə təminatında əsas problemlər, dövlət icbari tibbi sığortası, özəl səhiyyə sektorunda bahalı olmayan tibbi xidmət sxemlərinin hazırlanması, regionda saxta dərman dövriyyəsinin məhdudlaşdırılması və digər aktual məsələlər barədə danışan Musa Quliyev qeyd etdi ki, hazırkı dövrdə tibbi xidmətin əlçatanlığının təmin olunması çox vacibdir. Çünki sosial-iqtisadi və ekoloji problemlər insanların xəstələnməsinə, əlilliyə, uşaq ölümünə və kasıblığa səbəb olur. Dünya miqyasında 1 milyard insanın gündəlik qazancı 2 dollardan aşağıdır. Dərmanların və tibbi xidmətlərin bahalığı insanları yoxsullaşdırır. Müharibələr qaçqınlıq, işsizlik, yoxsulluq və xəstələnmə riskini artırır. Ekoloji problemlər isə bütün xəstələnmələrin 25 faizini əhatə edir.
Məruzəçi dedi ki, hər bir xəstəlik tibbi olduğu qədər də sosial faktordur. Ona görə də, xəstəlik ucbatından insanların yoxsullaşmasının qarşısını almaq üçün parlamentlər 3 məsələni həll etməlidirlər: vergi siyasəti, ictimai sabitlik və tibbi sığorta. Könüllü tibbi sığortanın genişlənməsi və təkmilləşməsi, həmçinin vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi üçün deputatlar öz ölkələrində ümumi daxili məhsulda (ÜDM) və dövlət büdcəsində səhiyyənin payını artırmağa çalışmalıdırlar.
Statistika göstərir ki, dünyada 6 milyard insan səhiyyə xidmətindən ya qismən istifadə edir, ya da heç istifadə edə bilmir. 1 milyard insan keyfiyyətli su ilə təmin olunmur. 2,4 milyard insan antisanitariya şəraitində yaşamağa məhkumdur. Hər il dünyada 5 yaşınadək olan 2 milyon uşaq peyvənd çatışmazlığından ölür. Dünya əhalisinin 30 faizi aclıqdan əziyyət çəkir, yəni doyunca qidalanma imkanına malik deyil.
Bütün faktlar göstərir ki, zəngin və inkişaf etmiş ölkələrdə ölümün doğumu üstələməsi, yoxsul ölkələrdə isə vəziyyətin əksinə olması (yəni doğumun ölümü üstələməsi) yaxın gələcəkdə bəşəriyyəti keyfiyyətli insan problemi ilə qarşılaşdıra bilər. Bu risklər səhiyyə sahəsində ciddi islahatlar tələb edən əsas çağırışlardır. Bu çağırışlara qoşularaq QDİƏT PM əhalinin sağlamlığının qorunması sahəsində Ümumdünya Səhiyyə Təşkilatının və Avropa Şurasının çərçivə qanunlarını dəstəkləyir və üzv ölkələrdə əhalinin adekvat, təminatlı və əlçatan tibbi xidmətlərlə əhatə olunması üçün parlamentlərin rolunun artırılmasını vacib hesab edir.
Məruzənin yekununda səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsinə dair bir sıra təkliflər də diqqətə çatdırıldı.
Sonra iclasda mövzu ətrafında fikir mübadiləsi aparıldı və məruzə layihəsi təsdiqləndi. Musa Quliyev bu məruzə üzrə Baş Assambleyaya məruzəçi təyin olundu.
Məruzəyə dair tövsiyə layihəsi təqdim edildi və tövsiyələr yekdilliklə qəbul olundu.
İclasda Türkiyə, Yunanıstan, Moldova və Ukrayna nümayəndə heyətlərinin təmsilçiləri, digər qurumların nümayəndələri çıxış edərək gündəlikdəki mövzuya dair təkliflərini diqqətə çatdırdılar.
Tədbirin yekununda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin növbəti iclasının 2017-ci ilin 4-6 iyul tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilməsi qərara alındı.
Milli Məclisin
Mətbuat xidməti