TÜTÜNƏ QARŞI MÜBARİZƏ QANUNLA TƏNZİMLƏNƏCƏK

Tədbirlər
27 aprel 2017 | 07:04   
Paylaşın:        

Aprelin 27-də Milli Məclisdə “Azərbaycanda tütün məmulatlarından istifadə ilə mübarizədə qanunvericiliyin gücləndirilməsi” mövzusunda dəyirmi masa keçirildi. Əmək və sosial siyasət, İnsan hüquqları, Səhiyyə, Hüquq siyasəti və dövlət quruculuğu, Mədəniyyət komitələrinin birgə iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Səhiyyə, Gənclər və İdman, Ədliyyə nazirliklərinin, Ümumdünya Səhiyyə Təşkilatının, Ombudsman Aparatının, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin, Azad İstehlakçılar Birliyinin və digər ictimai təşkilatların nümayəndələri, KİV təmsilçiləri iştirak edirdilər.
Dəyirmi masanın açılışında Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova gündəlikdəki məsələ barədə məlumat verdi, qanunun hazırlanması və təkmilləşdirilməsi istiqamətində parlamentdə görülən işlərdən söz açdı.
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli xalqımızın sağlam gələcəyi üçün mühüm əhəmiyyət kəsb edən qanun layihəsinə həsr olunmuş bugünkü ictimai müzakirənin faydalı olacağını vurğuladı.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tütün istifadəsinin insan sağlamlığına vurduğu ziyana dair bir sıra faktları diqqət önünə çəkdi, dünya ölkələrində tütün istifadəsinin məhdudlaşdırılmasının müsbət nəticələrindən danışdı. Çıxışlarda qeyd olundu ki,  Milli Məclisdə müzakirəyə çıxarılmış qanun layihəsində tütünlə mübarizənin bütün istiqamətləri əhatə olunub.
Dəyirmi masa iştirakçılarına 3 fəsil 17 maddədən ibarət qanun layihəsi barədə ətraflı məlumat verən Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev qeyd etdi ki, tütün məmulatlarının istehlakının məhdudlaşdırılmasına dair qanunun tətbiqi ölkəmizdə əhalinin sağlamlığının qorunması sahəsində əhəmiyyətli perspektivlərə yol açacaq.
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov qeyd etdi ki, bu qanun  xüsusilə uşaq və gənclərin tütündən mühafizəsi sahəsində böyük rol oynayacaq. Həmin qurumun şöbə müdiri Tofiq Musayev isə yeni qanun layihəsini “Tütünə qarşı mübarizə  haqqında” Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası kontekstində nəzərdən keçirdi, prioritet tələblərə nə dərəcədə cavab verdiyini şərh etdi.
Qanun layihəsi ətrafında geniş müzakirədə Səhiyyə komitəsinin sədr müavini  Musa Quliyev, Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini  Rövşən Rzayev, deputatlar Elman Nəsirov, Qənirə Paşayeva, Sona Əliyeva, Araz Əlizadə, Əflatun Amaşov qeyd və təkliflərini bildirdilər.
Təhsil nazirinin müavini Firudin Qurbanov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədov xüsusilə böyüməkdə olan nəslin – gənclərin sağlamlığının qorunması və onların zərərli vərdişlərdən uzaq durması üçün tütünə qarşı mübarizənin qanunla tənzimlənməsinin vacibliyini vurğuladılar. 
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, Ombudsman Aparatının əməkdaşı Faiq Ağayev, “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov, Azərbaycan Prezidenti yanında Gənclər Fondunun sektor müdiri Orxan Ərəbov qanun layihəsinə bir sıra təkliflər irəli sürdülər.
Fikir mübadiləsindən sonra komitə sədri Hadi Rəcəbli bildirdi ki, deyilən təkliflər nəzərə alınacaq.
Dəyirmi masaya yekun vuran vitse-spiker Bahar Muradova müzakirənin yüksək səviyyədə keçdiyini və çox faydalı olduğunu qeyd etdi.
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU