İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA
Aprelin 28-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Ziyad Səmədzadə gündəlikdəki “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim etdi.
Komitə sədri qeyd etdi ki, parlamentdə birinci oxunuşda müzakirəsindən sonra qanun layihəsi yenidən diqqətlə öyrənilmiş, səslənən fikirlərə diqqətlə yanaşılmışdır. Sənədin bəzi maddələrinə redaktə xarakterli düzəlişlər edilib, qanunun dili sadələşdirilib. Ziyad Səmədzadə sənədin konseptual əhəmiyyətini və aktuallığını da qeyd etdi.
Sonra Milli Məclisin İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov qanun layihəsində aparılan dəyişiklikləri şərh etdi. Qeyd olundu ki, sənədin 5.1-ci maddəsi yeni redaktəylə verilir. İlkin variantda yüklülüyün nəzərdə tutulmuş qaydada üçüncü şəxslərə açıqlanması yüklülüyün etibarlılığına təsir göstərmirdi. Belə ki, yüklülüyün üçüncü şəxslərə açıqlanması könüllü xarakter daşıyırdı. Amma indi bu müddəa daha da konkretləşdirilib. Dövlət və bələdiyyə yüklülüyünün növləri qanun layihəsinin 4.2-ci maddəsində göstərilib. Qanun layihəsinin 6.1-ci maddəsi eyni daşınar əmlak üzərində yüklülük sahiblərinin tələblərinin ödənilməsinin növbəliliyini müəyyən edir. Bu qanuna əsasən, hər bir daşınar əmlak bir neçə yüklülük predmeti ola bilər. Bu maddədə tələblərin ödənilməsi baxımından növbə ardıcıllığı müəyyən edilib. Məlumdur ki, pul vəsaitləri də daşınar əmlak olaraq yüklülük predmeti ola bilər. Sənədə hesabda olan pul vəsaitlərinin ödəmə növbəliliyinin istisna edilməsi və yeni, 6.4-cü maddənin əlavə edilməsi də nəzərdə tutulub. Sənədlə əlaqədar bütün digər vacib düzəlişlər də diqqətə çatdırıldı.
Millət vəkilləri, Əli Məsimli, Vahid Əhmədov, Tahir Mirkişili, Aydın Hüseynov, Maliyyə Bazarlarına Nəzarət Palatasının nümayəndələri İlqar Muradov, Nurlan Babayev sənədlə əlaqədar fikirlərini bildirdilər, qanun layihəsinin mühüm praktiki əhəmiyyət daşıdığı vurğulandı.
Ətraflı müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti