MİLLİ MƏCLİSDƏ “HEYDƏR ƏLİYEV MİLLİ PARLAMENTARİZMİN BANİSİDİR: GƏNCLƏRİN GÖZÜ İLƏ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLDİ

Tədbirlər
01 may 2017 | 05:05   
Paylaşın:        

 Mayın 1-də parlamentdə “Heydər Əliyev milli parlamentarizmin  banisidir: Gənclərin gözü ilə” mövzusunda Dəyirmi Masa keçirildi. Tədbir Milli Məclisin Gənclər və idman komitəsinin, Yeni Azərbaycan Partiyası  Nəsimi rayon  təşkilatının, hakim partiyanın gənc fəallarının təşkilatçılığı ilə  hazırlanmışdı.
Tədbiri giriş sözü ilə açan komitə sədri Fuad Muradov bildirdi ki, gənclər Azərbaycanın quruculuq işində aktiv iştirak edirlər. Hər bir Azərbaycan gənci ulu öndər Heydər Əliyevin siyasi kursunu dəstəkləyir. Bu gün hər bir gənc dərk edir ki, Azərbaycan məhz əsası Ulu Öndər tərəfindən qoyulmuş siyasət nəticəsində güclü, nüfuzlu bir dövlətə çevrilib. Komitə sədri əminliklə bildirdi ki, bugünkü gənclərimiz öz fəaliyyətləri ilə Azərbaycanı daha da yüksəklərə qaldıracaqlar. Ölkədə gənclərə göstərilən böyük diqqət və qayğıdan  söz  açan  Fuad Muradov iştirakçılara rəhbərlik etdiyi Gənclər və idman komitəsinin fəaliyyəti barədə ətraflı məlumat verdi, parlamentdə gənclərlə bağlı qəbul  edilən sənədlərdən  söz  açdı. Əmin olduğunu bildirdi ki, bu görüş gənclərin  gələcək həyatında  çöx önəmli  izlər  açacaq. 
İclasda  çıxış edən millət  vəkili, YAP Nəsimi rayon təşkilatının  sədri  Məlahət İbrahimqızı qeyd etdi ki, Azərbaycanda elə bir sahə yoxdur ki, orada ulu öndər Heydər Əliyevin adı, imzası, xeyir-duası olmasın, o sahənin inkişafı diqqətdən kənarda qalsın.  Azərbaycan Prezidenti İlham Əliyevin də söylədiyi kimi, müasir Azərbaycan dövləti Ulu öndərin şah əsəridir. Məlahət İbrahimqızı ölkəmizin inkişafında, müstəqilliyinin möhkəmlənməsində ümummilli liderin misilsiz xidmətlərindən,  əsası 1993-cü il iyunun 15-də Heydər  Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qoyulan  milli parlamentarizm ənənələrinin inkişafından,  ölkədə  gənclərə  yaradılan şəraitdən,  bu sahəyə  ayrılan  diqqətdən söz  açdı.
Tədbirdə Milli Məclisin deputatları Ülvi Quliyev, Mahir Abbaszadə, YAP  Gənclər  Birliyinin sədri Seymur Orucov, gənclər təşkilatlarının  nümayəndələri çıxış edərək müstəqil Azərbaycan dövlətinin və parlamentinin həyatında Heydər Əliyevin böyük uzaqgörənliklə formalaşdırdığı ənənələrdən,  ulu öndərin layiqli varisi və ideyalarının  sadiq davamçısı Prezident İlham Əliyevin  ölkə vətəndaşlarının mənafeyi, insanların rifahının yüksəlməsi və maraqlarının qorunması naminə misilsiz xidmətlərindən, görülən işlərdə gənclərin rolundan  söhbət  açdılar.
İclasda gənclər tərəfindən hazırlanan, ümummilli lider Heydər Əliyevin fəaliyyətinə, həyatının ən önəmli məqamlarına  həsr olunmuş  video-çarx nümayiş olundu.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU