AQRAR SİYASƏT KOMİTƏSİNDƏ
Mayın 2-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi.
İclası acan komitə sədri Eldar İbrahimov bu günlərdə Çexiyaya səfərindən söz acdı. O, Çexiya Parlamentində keçirilən görüşlər barədə məlumat verdi. Bildirildi ki, görüşlərdə Azərbaycan-Çexiya əlaqələri, hər iki ölkənin parlamentləri arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri, eləcə də ölkələrimiz arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə edildi.
Eldar İbrahimov bildirdi ki, Azərbaycan Prezidentinin imzası ilə “Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərilmişdir.
İclasda qanun layihəsini Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə təqdim etdi. Qeyd edildi ki, 2015-ci il 15 may tarixli “Reklam haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə “Üzümçülük və şərabçılıq haqqında” qanuna yeni maddənin əlavə edilməsi nəzərdə tutulub. Yeni maddədə şərabçılıq məhsullarının reklamına dair bir sıra tələblər əks olunub.
Məlumatda bildirildi ki, tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda, nəqliyyat vasitələrinin üzərində, habelə onların fəaliyyətini təmin edən binaların, qurğuların üzərində və daxilində (alkoqollu içkilərin pərakəndə satışının həyata keçirildiyi yerlər istisna olmaqla) yerləşdirilə bilməz.
Diqqətə çatdırıldı ki, şərabçılıq məhsullarının nümunələrinin paylanılması və dequstasiyası ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə yalnız onların pərakəndə satış yerlərində, ixtisaslaşmış sərgilərin dequstasiya zallarında icazə verilir. Bu reklam aksiyasında yetkinlik yaşına çatmayanlara şərabçılıq məhsullarını pulsuz paylamaq, alkoqollu içki nümunələrini dequstasiya üçün təklif etmək qadağan edilir. Reklamda şərabçılıq məhsullarından istifadənin sağlamlığa zərərli olması ilə bağlı xəbərdarlıq edilməlidir. Qeyd edildi ki, bu məhsullar sertifikatlaşdırıldığı halda reklam oluna bilər. Reklamda sertifikatın nömrəsi, verilmə tarixi və onu verən orqanın adı göstərilməlidir.
İclasda çıxış edən komitə sədrinin müavini Eldar Quliyev, millət vəkilləri Cavanşır Paşazadə, Aydın Hüseynov, Novruzəli Aslanov, Elçin Quliyev, İqbal Məmmədov və ekspert Zahid Abbasov “Üzümçülük və şərabçılıq haqqında” qanuna təklif olunan yeni maddədə ehtiva edilən məsələlərin əhəmiyyəti barədə danışdılar.
Müzakirələrin sonunda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti