MİLLİ MƏCLİSİN İCLASINDA

Tədbirlər
02 may 2017 | 07:05   
Paylaşın:        

Mayın 2-də Spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin  növbəti plenar iclası keçirildi. 14 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra Milli Məclisin Sədri AŞPA-nın yaz sessiyasında Türkiyənin yenidən monitorinq mərhələsinə qaytarılması məsələsinə  münasibətini açıqladı. Bildirdi ki, AŞPA-nın həmin qərarı qeyri-obyektiv qərardır. Türkiyə bu qurumun bünövrəsini qoyan ölkələrdən biridir və 1949-cu ildən AŞPA-nın üzvüdür. 13 il əvvəl post-monitorinq mərhələsinə keçən ölkənin yenidən monitorinq mərhələsinə qaytarılması AŞPA-nın tarixində ilk hadisədir.  Oqtay Əsədov dedi ki, sessiyada iştirak edən Azərbaycan nümayəndə heyəti də o qərara qarşı etirazını bildirib. 
 Sonra iclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov yaz sessiyasında müzakirə olunan “Türkiyədə demokratik təsisatların fəaliyyəti” adlı hesabat layihəsi və ikili standartlara söykənən qərəzli qərarın  qəbul edilmə prosesi barədə Milli Məclisə məlumat verdi. 
Müzakirədə çıxış edən deputatlar Azay Quliyev, Qənirə Paşayeva, Zahid Oruc, Qüdrət Həsənquliyev, Hikmət Məmmədov, Çingiz Qənizadə, Siyavuş Novruzov, Fəzail İbrahimli, Aydın Mirzəzadə, Fərəc Quliyev, Əflatun Amaşov, Zeynəb Xanlarova AŞPA-nın qərarına kəskin etiraz etdilər,  bunun Türkiyəyə qarşı haqsız və ədalətsiz münasibətdən qaynaqlandığını vurğuladılar.

Sonra plenar iclasda gündəlikdəki məsələlərin müzakirəsinə başlandı. Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli 8 fəsil, 63 maddədən ibarət “Turizm haqqında” yeni qanun layihəsini təqdim etdi. Bildirildi ki, bu qanun ölkəmizdə turizm sahəsində dövlət tənzimləməsi, idarəetməsi və nəzarəti, turizm ehtiyatları, turizm fəaliyyətinin təşkili, bu sahədə təhlükəsizliyin təmin olunması, turizm sahəsinin maliyyə mənbələrinin təsnifatı, investisiya qoyuluşu və digər üsullarla stimullaşdırılması, həmçinin sığorta və məlumatlandırma məsələləri ilə bağlı münasibətləri tənzimləyəcək. Sənəddə sosial turizm, sağlamlıq turizmi, mədəni, ekoloji və digər turizm növləri də əhatə olunub. 
Qanun layihəsinin ətraflı təqdimatından sonra Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış etdi. Günün tələblərinə cavab verən belə bir yeni qanun layihəsinin hazırlanıb müzakirəyə çıxarılmasına görə parlamentə təşəkkürünü çatdırdı. Qanun layihəsinin üstün cəhətlərini vurğulayan nazir qeyd etdi ki, Azərbaycan turizm sənayesinin aparıcı qüvvələrindən birinə çevrilməyə hazırdır. Ölkəmizdə 18 dövlət qurumunun nümayəndələrinin təmsil olunduğu Turizm Şurası fəaliyyət göstərir. İldən-ilə Azərbaycana gələn turistlərin sayı artır. Bu işdə Azərbaycan Prezidentinin təşəbbüsü ilə tətbiq olunan sadələşdirilmiş viza rejiminə keçidin mühüm rolu var. Dünya təcrübəsinə istinadən hazırlanmış yeni qanun layihəsinin qəbulu yəqin ki, ölkəmizdə turizmin inkişafına əsaslı təkan verəcək.   
“Turizm haqqında” qanun layihəsinin I oxunuşda müzakirəsində çıxış edən deputatlar sənədin çox müfəssəl hazırlandığını, ölkədə qeyri-neft sektorunun inkişafında bu sahənin mühüm yer tutacağını qeyd etdilər. Layihəni konseptual baxımdan müsbət dəyərləndirdilər.
Sənəd səsə qoyuldu və birinci oxunuşda qəbul edildi.
Sonra Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş məsələ barədə məlumat verdi. Bildirdi ki, “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə SOCAR Umid Oil and Gaz Limited şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” SOCAR Umid Oil and Gaz Limited şirkəti ilə Umid, Babək Eksploreyşn end Prodakşn şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi komitədə geniş müzakirə olunub.
Neft müqaviləsinə dair qanun layihəsini slaydlarla parlamentə təqdim edən vitse-spiker bildirdi ki, 1953-cü ildə aşkar olunmuş Ümid yatağı üzrə kəşfiyyat işlərinin bərpası 2008-ci ildə qərara alınıb və bu məqsədlə SOCAR Umid birgə müəssisəsi yaradılıb. 2010-2011-ci illərdə həmin birgə müəssisə tərəfindən aparılan kəşfiyyat işləri nəticəsində iki quyu qazılıb. İlkin hesablamalara görə, Ümid yatağında 2 milyard kubmetr təbii qaz və 40 milyon ton kondensat ehtiyatının olduğu müəyyənləşdirilib.
Valeh Ələsgərov parlamentin diqqətinə çatdırdı ki, Ümid yatağı üzrə hasilat 2012-ci ildən etibarən həyata keçirilir. 2017-ci ilin 1 mart tarixinədək həmin yataqdan 1 milyard 314 milyon kubmetr təbii qaz və 217 min 700 ton kondensat hasil olunub. 1954-cü ildə aşkar edilmiş Babək perspektiv strukturunda isə 1987-ci ildə aparılmış geniş seysmik kəşfiyyat işləri nəticəsində strukturun bioloji quruluşu dəqiqləşdirilib. Ehtimala görə, bu strukturda Ümid qaz kondensat yatağı ilə hidrodinamik əlaqədə olan qaz kondensat yatağı aşkar edilə bilər.
Qanun layihəsindəki Müqavilə barədə ətraflı məlumat verdikdən sonra komitə sədri Risk Xidmət Sazişinin müddəalarını da geniş şərh etdi. Vurğuladı ki, indiyədək Milli Məclisdə baxılmış 30-dan çox neft-qaz sənədi kimi, bu sazişdən də məqsəd yerli bazarın neft-qaza olan tələbatını SOCAR-ın fəaliyyəti sayəsində ödəmək, xarici bazardan asılılığı azaltmaq, daxili bazarda təbii qaza olan tələbatı mümkün qədər aşağı qiymətə təmin etməkdir. 
Milli Məclis qanun layihəsini ratifikasiya etdi.
Sonra parlamentdə Azərbaycan hökuməti ilə Latviya hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında Saziş təsdiq olundu.
İclasda Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva “Diplomatik xidmət haqqında”, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Pasportlar haqqında” qanun layihələrinə təklif olunan dəyişiklikləri şərh etdilər.  Bildirildi ki, qanun layihələrində aparılan dəyişikliklər “Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında” 2017-ci il 26 yanvar tarixli Prezident Fərmanının icrası məqsədini daşıyır.
Deputatlar hər iki qanun layihəsinin qəbul edilməsini məqsədəuyğun saydılar. 
Sonra iclasda Səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimovun məlumatları dinlənildi. Qanunvericiliyin uyğunlaşdırılması məqsədilə dərman vasitələri,  yeyinti məhsulları və reklam haqqında qanunlara, həmçinin İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər qəbul edildi. 
İclasda qanunvericiliyin uyğunlaşdırılması baxımından Mülki Prosessual Məcəlləyə, Cinayət-Prosessual Məcəlləsinə və İnzibati Prosessual Məcəlləyə dəyişikliklər edilməsi də razılıqla qarşılandı.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinin birinci oxunuşdan sonra təkmilləşdirilmiş variantı barədə ətraflı məlumat verdi. Bildirdi ki, qanun layihəsində deputatların rəy və təklifləri nəzərə alınıb, sənədin dili sadələşdirilib. Bu sənəd ölkədə bank-kredit sisteminin sağlamlaşdırılmasına, biznes mühitinin münbitləşdirilməsinə, regionlarda kiçik və orta sahibkarlığın inkişafına, məşğulluğun artırılmasına, daşınar əmlakın iqtisadi aktivliyinin və dövriyyəsinin güclənməsinə böyük töhfə verəcək.
Sənəd ikinci oxunuşda əsas kimi qəbul edildi. Deputatları narahat edən məqama aydınlıq gətirildikdən sonra 6 fəsil, 29 maddədən ibarət qanun layihəsi öncə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyuldu və ikinci oxunuşda qəbul olundu. Sonra Milli Məclis “Daşınar əmlakın yüklülüyü haqqında” qanun layihəsinə üçüncü oxunuşda da müsbət münasibət bildirdi. 
Plenar iclasda  “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim etdi. Bildirildi ki, 13 maddədən ibarət qanun layihəsi Azərbaycan Konstitusiyasına uyğun hazırlanıb və deputatın etik davranış qaydalarını, habelə həmin qaydalara əməl olunması ilə bağlı hüquqi mexanizmləri müəyyənləşdirir. Yeni qanun deputatların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılmasına, Milli Məclisin nüfuzuna və yüksək deputat adına xələl gətirə biləcək davranışların, habelə maraqlar toqquşmasının qarşısının alınmasına xidmət edəcək.
Fikir mübadiləsində belə bir qanunun vacibliyini qeyd edən deputatlar Zahid Oruc, Tahir Kərimli, Fərəc Quliyev, Fazil Mustafa, Siyavuş Novruzov  irad və təkliflərini də nəzərə çatdırdılar.
Milli Məclisin Sədri Oqtay Əsədov bu qanun layihəsinin təkmilləşdirilməsini, deputatların fikirlərini nəzərə alaraq sənədə bütün komitələrin iclasında yenidən baxılmasını məqsədəuyğun saydı.
“Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi səsə qoyuldu və konseptual baxımdan birinci oxunuşda qəbul edildi.
Bununla da Milli Məclisin növbəti plenar iclası başa çatdı.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU