MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK və KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA
Mayın 12-də Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələyə baxıldı.
Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında” qanun layihəsini təqdim etdi. Bildirdi ki, 16 may 2005-ci il tarixdə Varşavada imzalanmış bu sənədə Azərbaycan müvafiq qeyd-şərt və bəyanatlarla qoşulur.
Müzakirədə çıxış edən komitə sədrinin müavini Aydın Mirzəzadə, deputatlar Zahid Oruc, Hikmət Məmmədov, Vüsal Hüseynov Azərbaycan Prezidentinin imzası ilə parlamentə daxil olmuş sənədin əhəmiyyətini yüksək dəyərləndirdilər.
Sonra Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov deputatları maraqlandıran məsələlərə aydınlıq gətirdi.
Fikir mübadiləsinin yekununda Azərbaycanın milli maraqlarına cavab verən bu sənədin plenar iclasa çıxarılması məqsədəuyğun sayıldı.
İclasda gündəlikdəki ikinci məsələ barədə məlumat dinlənildikdən sonra “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında” qanun layihəsində dəyişiklik edilməsi barədə” məsələ də Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti