ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Mayın 12-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin növbəti iclası keçirildi.
İclası açan komitə sədri Hadi Rəcəbli “Veteranlar haqqında” və Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələrindəki texniki dəyişiklikləri diqqətə çatdırdı. O, qeyd etdi ki, Azərbaycanda əmək müqavilələrinin müddəti ilə bağlı şərtlər dəyişdirilir. Əmək Məcəlləsinin 72-ci, 74-cü və 77-ci maddələrində edilən dəyişikliklərə görə, bundan sonra müqavilələr müddətsiz və ya müddətli bağlanacaq. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanır. Əvvəlki varianta görə isə əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanılırdı.
Sonra komitədə “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi keçirildi. Sənədlə bağlı Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev ətraflı məlumat verdi. Qeyd edildi ki, qanun layihəsi ölkəmizin sosial həyatında çox vacib bir sferaya həsr olunur. Dövlət siyasətinin əsas elementlərini özündə ehtiva edən qanun layihəsi əmək hüquqlarının qorunmasına, əmək ehtiyatlarının keyfiyyətcə yaxşılaşdırılmasına, sosial ədalətin və sabitliyin təmin edilməsinə yönəlib. Bildirildi ki, 4 fəsil, 26 maddədən ibarət sənədin əsas məqsədi işsizin iş yerini itirdiyi andan onun yeni iş yeri tapdığı dövrədək itirilmiş gəlirlərin tam və ya qismən kompensasiya edilməsinə və onun əmək bazarına təkrar qaytarılmasına kömək göstərilməsidir. İşsizlikdən sığorta sisteminin dünyanın 72 ölkəsində çox uğurlu fəaliyyət göstərdiyini vurğulayan Adil Vəliyev qanun layihəsindəki ümumi müddəaları açıqladı. Sənəddəki əsas anlayışlar, işsizlikdən sığortanın məqsədi, əhatə dairəsi, hüquqi əsasları və prinsipləri, işsizlikdən sığorta subyektlərinin hüquq və vəzifələri şərh edildi.
Komitə üzvləri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Bakı Məşğulluq Mərkəzinin nümayəndələri sənədlə bağlı fikirlərini bildirdilər, qanun layihəsinin bazar münasibətləri şəraitində işsizlikdən müdafiə sisteminin inkişafı baxımından çox əhəmiyyətli və vacib olduğunu vurğuladılar. Qeyd olundu ki, sənəd bu sahədəki mövcud boşluqları dolduracaq.
Ətraflı müzakirələrdən sonra hər 3 qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti