ƏMƏK VƏ SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
15 may 2017 | 06:05   
Paylaşın:        

Mayın 15-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirildi. İclasda “Turizm haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə olundu.
Komitə sədri Hadi Rəcəbli diqqətə çatdırdı ki, “Turizm haqqında” qanun layihəsi üzərində ardıcıl iş davam etdirilir. Dünya ölkələrinin bu sahədə qanunvericilik təcrübəsi öyrənilib. Qanunu hazırlayan işçi qrupu Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri ilə birlikdə birinci oxunuşda təklif olunan qeydləri nəzərdən keçiriblər. Bir sıra maddələr  təkmilləşdirilib.
Parlament Aparatının Sosial qanunvericilik şöbəsinin Əmək qanunvericiliyi sektorunun müdiri Adil Vəliyev layihə üzərində görülən  işlər barədə məlumat verdi. Bildirildi ki, turizm sahəsində rekreasiya zonalarında tikinti işləri ilə bağlı icazənin verilməsi, turizm ekspertizasının aparılması məsələləri sadələşdirilməlidir. Habelə Dövlət Turizm Reyestrinə müvafiq məlumatların daxil edilməsi, bu sahədə onlayn sistemin tətbiqi çox əhəmiyyətlidir. Qeyd edildi ki, çimərlik obyektlərinin yaradılması xüsusiyyətləri, burada dövlət standartlarının tələblərinə riayət olunması və nəzarət məsələlərinə  yenidən baxılmalıdır. Turistlərin və ekskursantların daşınması xidmətlərinin tənzimlənməsi sahəsində sertifikatlaşdırma və akkreditasiya ilə bağlı müəyyən dəyişikliklər aparılmalıdır. 
Müzakirələr zamanı deputatlar Jalə Əliyeva, Elmira Axundova, Araz Əlizadə, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəsi Mahir Qəhrəmanov qanun layihəsi barədə fikirlərini açıqladılar. Sənədin turizm sahəsində ölkəmizin malik olduğu potensialdan daha səmərəli istifadə olunması və  mövcud problemlərin aradan qaldırılmasında önəmli olduğunu söylədilər.
İclasın sonunda qərara alındı ki, qanun layihəsi yenidən işlənməli və daha məqbul variantda təqdim edilməlidir.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU