AQRAR SİYASƏT KOMİTƏSİNİN İCLASINDA
Mayın 16-da Milli Məclisin Aqrar siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə sədri Eldar İbrahimov Torpaq Məcəlləsində dəyişikliklər edilməsi barədə sənədin müzakirə olunacağını diqqətə çatdırdı.
Komitə sədri bildirdi ki, qanun layihəsi ölkə Prezidenti İlham Əliyevin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edilib və turizmin inkişafı ilə bağlı qanunvericiliyə uyğunlaşdırmağa xidmət edir. Belə ki, sənəd dövlət başçısının “Azərbaycanda turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 1 sentyabr tarixli və “Azərbaycanda çimərlik turizminin inkişafına dair 2017-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 30 mart 2017-ci il tarixli sərəncamlarının icrasını təmin etmək məqsədi ilə hazırlanıb.
Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini-Aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə sənəddə aparılan dəyişiklikləri ətraflı şərh etdi. Bildirildi ki, qeyri-neft sektorunun prioritet sahələrindən olan turizmdə görülmüş məqsədyönlü tədbirlər nəticəsində ölkəmizdə bu sektorun inkişafı üçün münbit şərait yaradılmış və milli turizm kompleksinin rəqabətə davamlılığı yüksəlmişdir. Ölkədə turizm infrastrukturunun inkişaf etdirilməsi və beynəlxalq standartlara cavab verən xidmətin formalaşdırılması, bu sahədə qanunvericilik bazasının və dövlət tənzimlənməsi mexanizminin təkmilləşdirilməsi məqsədi ilə tədbirlər həyata keçirilir. Buna görə də Torpaq Məcəlləsinin dövlətin torpaq üzərində mülkiyyət hüququndan bəhs edən 46-cı maddəsində müvafiq dəyişiklik edilməsi təklif olunur. Layihədə təklif olunur ki, “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi xüsusi əhəmiyyətli dövlət obyektlərinin hasarları istisna olmaqla, bu maddənin ikinci cümləsinə uyğun olaraq” sözləri “ictimai cimərliklərdə” sözləri ilə əvəz edilsin. Bu dəyişikliyi etməklə həmin müddəa təkmilləşdirilir, dəqiqləşdirilir, ictimai cimərliklərin hüquqi aktların tələblərinə və normalara uyğun olaraq yaradılması təklif edilir.
Qeyd olundu ki, Xəzər dənizinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələri əsasən istirahət və turizm məqsədi ilə, xüsusi ilə çimərlik kimi istifadə edilir. Buna görə də dəyişikliyin mühüm praktik əhəmiyyəti olacaq, əhalinin çimərliklərdən istifadə imkanları artacaq.
Layihə ilə əlaqədar çıxış edən komitə üzvləri dəyişiklikləri razılıqla qarşıladılar və sənəd yekdilliklə Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti