MİLLİ MƏCLİSDƏ UŞAQLARA HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLDİ

Komitə iclasları
16 may 2012 | 10:05   
Paylaşın:        

Mayın 15-də Milli Məclisdə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi gününə həsr edilmiş “Azərbaycanda uşaqların asudə vaxtının təşkilinin hüquqi aspektləri” mövzusunda konfrans keçirildi.
 Tədbiri açan Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki,  15 may günü dünyada Beynəlxalq Ailə günü kimi qeyd edilir. Bu səbəbdən qərara gəlinib ki, uşaq hüquqları ilə bağlı konfrans məhz həmin tarixdə keçirilsin. Konfransda iki mövzuda - uşaq hüquqları və uşaqların asudə vaxtının təşkili ətrafında müzakirələr aparıldı. 
H.Rəcəbli xatırlatdı ki, qanunvericiliyə əsasən hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Uşaqlar öz maraqlarına və qabiliyyətlərinə uyğun olaraq məktəbdənkənar istirahət və məşğuliyyət növü seçməkdə müstəqildirlər. Valideynlər (onları əvəz edən digər şəxslər) və müvafiq dövlət orqanları uşaqların istirahət və asudə vaxtlarında mənfi təsirlərə məruz qalmasının qarşısını alan tədbirlər görməlidirlər. Bu gün dövlətimiz uşaqların istirahət və asudə vaxtını səmərəli təşkil etmək məqsədilə məktəbdənkənar müəssisələrin, mədəniyyət, sağlamlıq ocaqlarının və digər istirahət yerlərinin geniş şəbəkəsini yaradır. Komitə sədri diqqətə çatdırdı ki, uşaq hüquqlarının qorunması və onların asudə vaxtının səmərəli təşkil edilməsi dövlət siyasətinin əsas prioritetlərindən biridir və daim diqqət mərkəzindədir.
Sonra konfransda çıxış edən Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev nazirliyin bu sahədə gördüyü işlərdən danışdı. Qeyd etdi ki, hazırda nazirlikdə Respublika Uşaq Sağlamlıq Mərkəzi fəaliyyət göstərir. Hər il bu mərkəzdə 1000-1500 uşaq istirahət edir. İ.Babayev onu da diqqətə çatdırdı ki, həm paytaxt Bakıda, həm də rayonlarda uşaqların, gənclərin asudə vaxtlarının səmərəli keçməsi üçün belə mərkəzlərin tikilməsi planlaşdırılıb. Paytaxtda 5, rayonlarda isə 10 belə istirahət mərkəzi tikiləcək.
Konfransda sonra çıxış edən UNİCEF-in nümayəndəsi Rəşid Mustafa, Avropa Şurasının Bakı ofisinin rəhbəri Konstantin Yerokostopulos, “Dünyaya Baxış” təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Qiorqi Devidze, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova və digər müvafiq təşkilatların nümayəndələri uşaq hüquqları üzrə milli qanunvericilik, uşaqlar üçün yararlı şəhərlər konsepsiyası, onların asudə vaxtının təşkili sahəsində Azərbaycanda mövcud vəziyyət və digər mövzularda fikirlərini bölüşdülər.
Çıxış edən Sosial siyasət komitəsinin üzvləri və mütəxəssislər əvvəllər mövcud olmuş uşaq istirahət düşərgələrinin bərpa olunmasının, kitabxanaların və uşaq teatrlarının uşaqların tələblərinə uyğun şəkildə fəaliyyət göstərməsinin  vacibliyini vurğuladılar, qarşıda duran vəzifələrdən danışdılar.
Müzakirələrdən sonra konfrans işini başa çatdırdı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU