MƏDƏNİYYƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
18 may 2017 | 05:05   
Paylaşın:        

Mayın 18-də Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirildi. İclasda “Kabel şəbəkəsi yayımı haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirə edildi.
Komitə sədri Rafael Hüseynov bildirdi ki, bu qanun kabel televiziyası şəbəkəsi yayımının hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Onun məqsədi ölkə ərazisində kabel şəbəkəsi yayımının həyata keçirilməsinə şərait yaratmaqdan, kabel şəbəkəsi yayımı xidmətindən istifadə edən abonentlərin, bu fəaliyyətlə məşğul olan fiziki və hüquqi şəxslərin maraqlarını müdafiə etməkdən, kabel şəbəkəsi yayımı sahəsinin inkişafı üçün əlverişli mühit formalaşdırmaqdan ibarətdir. Qeyd edildi ki, sənəd birinci oxunuşda parlamentin plenar iclasında müzakirə olunub və  deputatlar tərəfindən bir sıra təkliflər səsləndirilib.
Rafael Hüseynov diqqətə çatdırdı ki, hazırda Azərbaycanda bir çox xarici ölkə telekanallarının yayımı kabel şəbəkəsi və İP televiziyalar tərəfindən həyata keçirilir. Burada ictimai-siyasi əhəmiyyət daşıyan, ölkələrin dövlət orqanları ilə bağlı olan kanallara üstünlük vermək daha məqsədəuyğundur.
Məlumat verildi ki, qanunun telekanallarda xarici reklamların yayımının qadağan edilməsi və buna görə yayımçının məsuliyyət daşıması barədə 13.4-cü maddəsi ilə bağlı bəzi mübahisəli məqamlar mövcuddur. Bu məsələ dövlət  maraqlarının, milli-mənəvi dəyərlərin qorunması baxımından çox önəmlidir. Burada məsələnin siyasi, iqtisadi, ideoloji tərəfləri nəzərə alınmalı, eyni zamanda, ölkənin reklam bazarının inkişaf etdirilməsinə diqqət yetirilməli, daha optimal variant seçilməlidir.
İclasda çıxış edən millət vəkilləri Jalə Əliyeva, Cavanşir Feyziyev, Əflatun Amaşov, Fəzail İbrahimli, Milli Televiziya və Radio Şurasının Texniki şöbəsinin müdiri İsa Məmmədov qanunun mükəmməl hazırlandığını, bu sahənin hüquqi tənzimlənməsinin və sənəddə ehtiva olunan məsələlərin önəmli olduğunu söylədilər. Bildirildi ki, televiziya strateji sahələrdən biridir. Buna görə telekanallarda proqram paketi hazırlanarkən aidiyyəti qurumlarla razılaşdırılmalıdır.
Müzakirələrin sonunda səsləndirilən qeyd və təkliflər nəzərə alınmaqla, qanun layihəsinin ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alındı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU