MİLLİ MƏCLİSDƏ “SOSİAL XİDMƏT HAQQINDA” QANUNUN İCRASI İLƏ BAĞLI DİNLƏMƏLƏR KEÇİRİLDİ
Mayın 18-də Milli Məclisdə Əmək və sosial siyasət komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda sosial xidmət sisteminin hüquqi, iqtisadi və təşkilati əsasları” mövzusunda Dəyirmi Masa keçirildi.
Toplantını giriş sözü ilə açan komitə sədri Hadi Rəcəbli “Sosial xidmət haqqında” qanunun icrası barədə danışaraq bildirdi ki, Azərbaycanda bu sistem getdikcə təkmilləşir. Qeyd olundu ki, ölkə Prezidenti İlham Əliyev “Sosial xidmət haqqında” 2011-ci il 30 dekabr tarixli qanunun tətbiqi ilə əlaqədar Fərman imzalayıb. Fərmanda qanunun tətbiqi ilə əlaqədar ayrı-ayrı məsələlərin həlli il bağlı Nazirlər Kabinetinə tapşırıqlar verilib. Hazırda ölkədə “Sosial xidmət haqqında” qanuna əsasən - çətin həyat şəraitində yaşayan şəxsin sosial problemlərinin aradan qaldırılması və ictimai həyatda digər insanlarla bərabər iştirak imkanlarının yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Qeyd olundu ki, bu sahə üzrə həyata keçirilən layihələrin icrasına bələdiyyələr, QHT-lər, hətta Qızıl Aypara Cəmiyyəti də cəlb edilə bilər.
İclasda iştirak edən Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov “Azərbaycanda mövcud sosial xidmətlərin institusional mexanizmləri” mövzusunda çıxışında vurğuladı ki, artıq Azərbaycanda sosial xidmət sahəsində böyük islahatlar aparılır, bu sahə üzrə yeni istiqamətlər yaradılır. Buna görə də vətəndaş cəmiyyətinin bu sahəyə cəlbi, hüquqi bazanın təkmilləşdirilməsi çox zəruridir. Nazir müavini bu gün ölkədə uşaqlar üçün Peşə Reabilitasiya Mərkəzi fəaliyyət göstərdiyini dedi. Qeyd olundu ki, indiyədək burada 800 nəfər 10 peşə istiqamətində hazırlığa cəlb olunub, 678 nəfər sertifikat əldə edib. Nazirliyin nəzdində Ahıl şəxslər üçün pansionat fəaliyyət göstərir ki, orada 300 ahıl şəxsə xidmət göstərilir. Evlərdə sosial xidmət aparmaq üçün bu sahədə fəaliyyət göstərənlərin sayı 12 mindən çoxdur.
Sonra tədbirdə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev sosial xidmət sahəsinin modernləşməsində qanunun rolundan söhbət açdı. Qeyd olundu ki, bu qanun ölkəmizdə çox vacib olan bir sferanın - çətin həyat şəraitində yaşayanların sosial müdafiəsinin fundamental prinsiplərini özündə ehtiva edən bir sənəddir. Burada ən çox qayğıya ehtiyacı olan zümrələrin – ahıl və əlillərin, sağlamlıq imkanları məhdud olan, valideyn himayəsindən məhrum olan və ya valideynlərini itirən uşaqların, yetkinlik yaşına çatmayan baxımsızların, əqli cəhətdən qüsurlu olanların, özünə qulluq etmək imkanı olmayan şəxslərin sosial xidmət ehtiyacları öyrənilir və yardım edilir. Bildirildi ki, qanunun qəbulundan sonra ölkəmizdə sosial xidmətə ehtiyacı olan insanların cəmiyyətə adaptasiyası və inteqrasiyası, onlara baxan şəxslərin maarifləndirilməsi üçün bütün imkanlardan istifadə edilir.
Tədbirdə Sosial iş üzrə beynəlxalq ekspert Herbert Paulichin, Əmək və əhalinin sosial müdafiəsi Nazirliyinin idarə rəisi Fuad Hüseynov, UAFA-nın əməkdaşları Elmir Valehli və Züleyxa Nəcəfova bu sahədəki yeniliklərdən, görülmüş işlərdən söhbət açdılar.
Toplantının sonunda “Sosial işçinin bir günü” adlı videoçarx nümayiş etdirildi.
Milli Məclisin
Mətbuat xidməti