İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNDƏ

Komitə iclasları
25 may 2017 | 05:05   
Paylaşın:        

Mayın 25-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi.
İclası  açan komitə sədri Ziyad Səmədzadə gündəliyə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin daxil edildiyini bildirdi. O, qeyd  etdi ki, 2016-cı il Azərbaycan tarixində islahatlar ili kimi yadda qalıb. Dünya ölkələri arasında toqquşmaların, ziddiyətlərin artmasına baxmayaraq, ölkəmiz daxili stabillik nümayiş etdirib. Bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı öz inkişafını davam etdirir. Vurğulandı ki, “2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi və hesabat “Büdcə sistemi haqqında” qanunun 20.3-cü maddəsinə uyğun olaraq hazırlanıb. Hesabat 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan xərclərin icra vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, dövlət borcları və ona xidmət, Azərbaycan Prezidentinin ehtiyat fondunun, dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən istifadə haqqında və digər zəruri məlumatları özündə əks etdirir.
İclasda iştirak edən Maliyyə nazirinin müavini Azər Bayramov bildirdi ki, 2015-ci illə müqayisədə neftin orta qiymətinin aşağı düşməsi neft ixrac edən ölkələrin iqtisadiyyatına öz mənfi təsirini göstərib. Bununla yanaşı, ABŞ-ın Federal Ehtiyat Sistemində faiz dərəcələrinin artımları davam edib ki, bu da dolların dəyərinin daha da yüksəlməsinə gətirib çıxarıb. Nəticədə dollardan asılı olan valyutaların sabitliyinin təmin olunmasında əlavə çətinliklər ortaya çıxıb. Bu isə Azərbaycan da daxil olmaqla, əksər ölkələrin iqtisadiyyatında inflyasiyanın artmasına və iqtisadi artım sürətinin azalmasına təsir göstərib.
Nazir  müavini qeyd  etdi ki, qlobal mühitdəki proseslərə cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri üzrə təsdiq etdiyi Strateji Yol Xəritəsinin icrası istiqamətində atılan çevik addımlar, həyata keçirilən qabaqlayıcı və tənzimləyici tədbirlər dünya iqtisadiyyatında baş vermiş proseslərin ölkə iqtisadiyyatında yarana biləcək mənfi təsirlərini neytrallaşdırmağa imkan verib.
Nazir müavini vurğuladı ki, büdcə gəlirlərinin artıqlaması ilə yerinə yetirilməsi hesabına 1 yanvar 2017-ci il tarixinə 2 307 milyon manat həcmində sərbəst xəzinə qalığı yaranıb. ÜDM-də gəlirlərin xüsusi çəkisi yüksək qalıb və keçən il bu göstərici 29 faiz təşkil edib. Qeyri-neft sektorundan daxilolmaların büdcə gəlirlərində payı 47,3 faizə çatıb ki, bu da 2015-ci illə müqayisədə 5,7 faiz çoxdur. Azər Bayramov qeyd etdi ki, hazırda gedən prosesləri nəzərə alaraq ölkə iqtisadiyyatının artım tempinin müsbətə doğru artacağını proqnozlaşdıra bilərik.
2016-cı ildə dövlət büdcəsinin xərcləri 18495,0 milyon manat proqnoza qarşı 17751,3 milyon manat və ya 96 faiz icra edilib ki, bu da 2015-ci illə müqayisədə 33,2 milyon manat və ya 0,2 faiz azdır. 2016-cı ildə dövlət büdcəsinin kəsiri 245604,1 min manat təşkil edib. Təqdim olunmuş hesabat və məlumatlarda dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə özəlləşdirmədən daxilolmalar 31231,6 min manat, xarici qrantlar 12325,5 min manat, daxili və xarici borclanmadan daxilolmalar isə 186818,5 min manat təşkil edib.
İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova iclasda  çıxış edərək bildirdi ki, ötən il Azərbaycanda sahibkarlarla bağlı yoxlamaların sayı dəfələrlə azaldılıb ki, bu da sahibkarların daha sərbəst fəaliyyətinə şərait yaradır. Sahibkarlarla bağlı maarrifləndirmə işlərinin aparıldığını deyən nazir müavini diqqətə çatdırdı ki, bu dövr ərzində sahibkarlara güzəştli kreditlərin verilməsi ilə bağlı geniş tədbirlər həyata keçirilib. 21 regionda 26 işgüzar forum keçirilib. Hesabat dövründə sahibkarların beynəlxalq əlaqələrinin genişləndirilməsinə də xüsusi  diqqət  yetirilib. O, qeyd  etdi ki, ölkəmizdə ixracın təşkili istiqamətində Prezident tərəfindən imzalanan sərəncam və fərmanların icrası ilə bağlı işlər davam etdirilib. Ötən il 3 ixrac missiyası həyata keçirilib, cari ildə də ixrac təşviqinin genişlənidirilməsi nəzərdə tutulur. Xarici şoklar 2016-cı ildə ölkə iqtisadiyyatına da öz təsirini göstərməkdə davam edib. Bu da ölkənin bank sektorunda problemlər yaradıb. Məsələnin həlli üçün çevik iqtisadi siyasət tədbirləri müəyynləşdirilib və artıq həyata keçrilməsinə başlanılıb, Maliyyə Sabitliyi Şurası yaradılıb.
Əvvəlki illərdə iqtisadiyytın şaxələndirilməsi ilə bağlı görülən tədbirlərin nəticəsi olaraq ötən il ərzində qeyri-neft sənayesi 5 faiz, informasiya və rabitə sektoru 4,5 faiz artıb.
 Nazir müavini Azərbaycanın investisiya qoyduğu nəqliyyat, tranzit sahəsi ilə bağlı uğurların əldə  edildiyini də vurğuladı.
Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı rəhbərlik etdiyi qurumun rəyini diqqətə çatdırdı.
Milli Məclisin deputatları Vahid  Əhmədov, Əli  Məsimli, Tahir  Mirkişili, Aydın Hüseynov qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər.
Ətraflı müzakirələrdən sonra qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edildi.

Milli Məclisin
Mətbuat  xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU