AQRAR SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
31 may 2017 | 06:05   
Paylaşın:        

Mayın 31-də Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirildi. Komitə sədrinin müavini Eldar Quliyev iclası açaraq diqqətə çatdırdı ki, gündəliyə  “Atçılıq haqqında”, “Damazlıq heyvandarlıq haqqında”, “Tütün və tütün məmulatı haqqında” qanunlara dəyişikliklərlə bağlı layihələr daxil edilib. Bildirildi ki, sənədlər qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən parlamentə göndərilib.
Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsi müdirinin müavini-aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə məsələlər barədə məlumat verdi. Qeyd edildi ki, dəyişikliklərə əsasən, “Atçılıq haqqında” qanunun 2-ci maddəsində “Damazlıq işi haqında” sözləri “Damazlıq heyvandarlıq haqqında” sözləri ilə, 11.3-cü maddəsində isə “subyektlərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi” sözləri “subyektləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb etmək” ifadəsi ilə əvəz edilir.
“Damazlıq heyvandarlıq haqqında” qanunun 17.4, 22.5 və 29-cu maddələrində “qanunvericilik” sözü “İnzibati Xətalar Məcəlləsi” ilə əvəz olunur. Habelə 30-cu maddədə “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq” ifadəsi “inzibati və məhkəmə qaydasında” sözləri ilə əvəzlənir.
Bildirildi ki, “Damazlıq heyvandarlıq haqqında” qanuna təklif olunan dəyişikliklər “Atçılıq haqqında” qanunda dəyişikliklər edilməsi barədə 2016-cı il 29 noyabr tarixli qanunun tətbiqi ilə əlaqədardır. Eyni zamanda, hər iki qanunda nəzərdə tutulan düzəlişlər “Normativ hüquqi aktlar haqqında”  Konstitusiya qanununa uyğun olaraq bu qanunlarda istinad olunan və məsuliyyəti müəyyən edən  qanunun adının dəqiqləşdirilməsi məqsədi ilə hazırlanmışdır. Belə ki, dəyişikliklərdə İnzibati Xətalar Məcəlləsinin konkret adı göstərilir. Bu məcəllənin 283-cü maddəsində damazlıq heyvandarlıq haqqında, 284-cü  maddəsində isə atçılıq qanunvericiliyinin pozulmasına görə məsuliyyət müəyyənləşdirilir.
Sonra “Tütün və tütün məmulatı haqqında” qanunun tütün məmulatının satışında həvəsləndirmə üsullarının məhdudlaşdırılması ilə bağlı 20-ci maddəsində nəzərdə tutulan dəyişikliklər barədə danışıldı. Qeyd olundu ki, qanunun 20.1.4-cü bəndində “oyunları” sözündən sonra “o cümlədən stimullaşdırıcı lotereyaların” sözləri əlavə olunur. Düzəlişə əsasən,  tütün məmulatının satışı və istehlakı ilə bağlı uduşlu (o cümlədən siqaret qutularının və hissələrinin yığılması ilə) oyunların, o cümlədən stimullaşdırıcı lotereyaların keçirilməsi qadağan edilir. Bu düzəliş “Lotereyalar haqqında” qanunda dəyişikliklər edilməsi barədə  2016-cı il 30 dekabr tarixli qanuna uyğunlaşdırmaq məqsədi ilə hazırlanmışdır.
Müzakirələr zamanı qanunlara təklif olunan düzəlişlər məqbul hesab olundu və sənədlər Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU