MİLLİ MƏCLİSDƏ AŞPA-NIN UŞAQLAR ÜZRƏ ALT KOMİTƏSİNİN SEMİNARI KEÇİRİLDİ

Tədbirlər
31 may 2017 | 06:05   
Paylaşın:        
Mayın 31-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin Uşaqlar üzrə alt komitəsinin seminarı keçirildi.
“Rəqəmsal mühitdə uşaqların qorunması, bilik və bacarıqlarının artırılması” mövzusunda keçirilən parlament seminarını Milli Məclis sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova açdı.
AŞPA-nın bu tədbirinin Bakıda keçirilməsini yüksək qiymətləndirən Bahar Muradova bildirdi ki, Azərbaycanda uşaq hüquqlarının qorunması məsələsinə xüsusi önəm verilir. 
Bahar Muradova diqqətə çatdırdı ki, Azərbaycan insan hüquqları sahəsində hər zaman qanunvericilik təşəbbüsləri ilə çıxış edir. Müvafiq qanunlar bu sahədə olan məsələləri tənzimləmək üçün yaxşı imkanlar yaradır. 
Vitse-spiker bildirdi ki, Azərbaycanda uşaqların informasiya sahəsində təhlükəsizliyi üçün də vacib addımlar atılır. Ölkəmiz bu sahədə beynəlxalq təşkilatlarla, həmçinin AŞPA ilə də yaxından əməkdaşlıq edir.
Çıxış edən Alt komitənin sədri Baronessa Dorin Massey qeyd etdi ki, internet uşaqların imkanlarını genişləndirdiyi kimi, müəyyən problemlərə də yol açır. Bir çox hallarda internetdən istifadə halları uşaqların istismarına və digər xoşagəlməz hadisələrə gətirib çıxarır. 
D.Massey AŞPA-nın uşaq təhlükəsizliyi ilə bağlı sahəyə xüsusi önəm verdiyini vurğulayaraq uşaq hüquqları üzrə strategiyanın xüsusi komitə tərəfindən izləndiyini də diqqətə çatdırdı.
 Milli Məclisin deputatı, Alt komitənin üzvü Sevinc Fətəliyeva iclasın Azərbaycanda keçirilməsinin böyük önəm kəsb etdiyini qeyd etdi. Bildirdi ki, uşaqların qorunması məsələsi Azərbaycan xalqının qəlbinə yaxın məsələdir. O, bu sahədə əldə olunan təcrübənin paylaşılmasının vacibliyini diqqətə çatdırdı.
 Çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı isə bildirdi ki, Azərbaycan əhalisinin 30 faizini uşaqlar təşkil edir. Azərbaycanda uşaqlara qayğı ildən-ilə artır. Azərbaycan uşaq hüquqları ilə bağlı bütün beynəlxalq sənədlərə qoşulub. Millət vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində uşaqların hüquqlarının pozulduğunu qeyd etdi. Nəzərə çatdırdı ki, Azərbaycanda 1 milyondan çox qaçqın və məcburi köçkün var. Onlardan 300 mindən çoxu uşaqlardır. 
Sonra iclasda uşaqların internetdən istifadəsi və uşaq onlayn təhlükəsizliyi üzrə Avropa ekspertlərinin fikirləri dinlənildi. Tədbir “Uşaqların kiber təcavüzdən qorunması, zorakılıq və onlayn zərərli məzmun: çağırışlar, strategiyalar və yaxşı təcrübə” mövzusunda müzakirələrlə davam etdirildi.
Daha sonra aidiyyatı qurumların nümayəndələrinin iştirakı ilə Azərbaycan kontekstində rəqəmsal mühitdə uşaq hüquqlarının qorunmasına dair fikir mübadiləsi aparıldı. Milli Məclisin deputatı, Alt komitənin üzvü Sevinc Fətəliyeva və müvafiq yerli orqanların nümayəndələri - təhsil nazirinin müavini Ceyhun Bayramov, Ailə, qadın və uşaq problemləri üzrə dövlət komitəsi sədrinin müavini Aynur Sofiyeva və başqaları mövzu barədə fikirlərini bildirdilər.
Fasilədən sonra “Uşaqların və valideynlərin məlumatlandırılması ilə təhlükəsiz onlaynın təmini” mövzusunda müzakirələr aparıldı, mütəxəssislərin fikirləri dinlənildi.
Sonra 1 iyun - Beynəlxalq uşaqlar günü münasibətilə Alt komitənin bəyannamə layihəsi müzakirə edildi.
Sabah komitə işini davam etdirəcəkdir.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU