MİLLİ MƏCLİSİN 2017-Cİ İLİN YAZ SESSİYASININ SON İCLASI KEÇİRİLDİ
Mayın 31-də Milli Məclisin 2017-ci il yaz sessiyasının sonuncu iclası keçirildi. İclası parlamentin Sədri Oqtay Əsədov açdı.
Gündəliyin təsdiqindən sonra müzakirələr başlanıldı. Əvvəlcə Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumatı diqqətə çatdırdı. O, bildirdi ki, yeni layihəyə görə işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsinin ləğvi barədə xəbərdarlıq edərkən onların əmək stajını nəzərə alacaq. İşçinin bir ilədək əmək staji olduqda ona ixtisar və ştatının ləğv olunacağı barədə xəbərdarlıq müqavilə ləğv edilməzdən azı iki təqvim həftəsi əvvəl, stajı bir ildən beş ilədək olduqda azı dörd təqvim həftəsi əvvəl, stajı bir ildən on ilədək olduqda azı 6 təqvim həftəsi əvvəl, stajı on ildən çox olduqda azı doqquz təqvim həftəsi əvvəl edilməlidir. İşdən çıxarma müavinətləri ödənilərkən işçinin stajı nəzərə alınacaq. İşçinin bir ilədək əmək stajı olduqda ona orta aylıq əmək haqqı miqdarında, bir ildən beş ilədək stajı olduqda orta aylıq əmək haqqının azı 1,4 misli miqdarında, beş ildən on ilədək stajı olduqda 1,7 misli miqdarında, on ildən çox stajı olduqda azı iki misli miqdarında müavinət ödəniləcək. Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi barədə məlumatı təqdim etdi. O, qeyd etdi ki, 2016-cı il Azərbaycan tarixində islahatlar ili kimi yadda qalıb. Dünya ölkələri arasında toqquşmaların, ziddiyyətlərin artmasına baxmayaraq, ölkəmiz daxili stabillik nümayiş etdirib. Bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı öz inkişafını davam etdirir. Vurğulandı ki, sənəd və hesabat “Büdcə sistemi haqqında” qanuna uyğun olaraq hazırlanıb. Hesabat 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan xərclərin icra vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, dövlət borcları və ona xidmət, Azərbaycan Prezidentinin ehtiyat fondunun, dövlət büdcəsinin ehtiyat fondunun vəsaitindən istifadə haqqında və digər zəruri məlumatları özündə əks etdirir. Ziyad Səmədzadə qeyd etdi ki, qlobal mühitdəki proseslərə cavab olaraq Azərbaycan Prezidenti İlham Əliyevin Azərbaycan iqtisadiyyatının inkişaf perspektivləri üzrə təsdiq etdiyi Strateji Yol Xəritəsinin icrası istiqamətində atılan çevik addımlar, həyata keçirilən qabaqlayıcı və tənzimləyici tədbirlər dünya iqtisadiyyatında baş vermiş proseslərin ölkə iqtisadiyyatında yarana biləcək mənfi təsirlərini neytrallaşdırmağa imkan verib. Büdcə gəlirlərinin artıqlaması ilə yerinə yetirilməsi hesabına 1 yanvar 2017-ci il tarixinə 2 307 milyon manat həcmində sərbəst xəzinə qalığı yaranıb. ÜDM-də gəlirlərin xüsusi çəkisi yüksək qalıb və keçən il bu göstərici 29 faiz təşkil edib. Qeyri-neft sektorundan daxilolmaların büdcə gəlirlərində payı 47,3 faizə çatıb ki, bu da 2015-ci illə müqayisədə 5,7 faiz çoxdur. 2016-cı ildə dövlət büdcəsinin xərcləri 18495,0 milyon manat proqnoza qarşı 17751,3 milyon manat və ya 96 faiz icra edilib ki, bu da 2015-ci illə müqayisədə 33,2 milyon manat azdır. 2016-cı ildə dövlət büdcəsinin kəsiri 245604,1 min manat təşkil edib. Təqdim olunmuş hesabat və məlumatlarda dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi mənbələri üzrə özəlləşdirmədən daxilolmalar 31231,6 min manat, xarici qrantlar 12325,5 min manat, daxili və xarici borclanmadan daxilolmalar isə 186818,5 min manat təşkil edib.
Sonra iclasda Hesablama Palatasının sədri Vüqar Gülməmmədov 2016-cı ilin dövlət büdcəsinin icrası ilə bağlı rəhbərlik etdiyi qurumun rəyini təqdim etdi. O, bildirdi ki, 2016-cı ildə dövlət büdcəsinin gəlirləri 104,1 faiz icra edilib. 2015-ci illə müqayisədə ümumilikdə qlobal makroiqtisadi tərəddüdlər fonunda büdcə gəlirlərində azalmanın olmaması, hətta artım müşahidə edilməsi aparılan islahatların təzahürü kimi qiymətləndirilməlidir.
Vüqar Gülməmmədov hesabat ilində dövlət büdcəsinin xərcləri ilə bağlı əsas meylləri diqqətə çatdıraraq 2016-cı ildə dövlət büdcəsinin xərclərinin 17751,3 milyon manat təşkil etməklə, 96 faiz icra edildiyini bildirib. O, proqnozlaşdırılmış məbləğlə müqayisədə icra edilməmiş büdcə xərclərinin 743,7 milyon manat təşkil etdiyini, həmin məbləğin 42,7 faizinin əsaslı xərclərin üstünlük təşkil etdiyi “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsinin, 14,2 faizinin isə “Ümumi dövlət xidmətləri” bölməsinin payına düşdüyünü deputatların diqqətinə çatdırdı. Qeyd olundu ki, 2016-cı il dövlət büdcəsinin icrası ilə bağlı əsas məqam il ərzində dövlət büdcəsinin icrası prosesində plan göstəricilərinin funksional təsnifatında bir sıra dəyişikliklər aparılıb ki, bu dəyişikliklər əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi sərəncamlarının icrası ilə bağlı olub.
Milli Məclisin deputatları Vahid Əhmədov, Əli Məsimli, Zahid Oruc, Qüdrət Həsənquliyev, Tahir Kərimli, Fərəc Quliyev, Mahir Abbaszadə, Aydin Mirzəzadə, Siyavuş Novruzov qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər, sənədin qanunvericiliyə uyğun hazırlandığını söylədilər.
Sonra iclasda iştirak edən maliyyə naziri Samir Şərifov çıxış edərək bildirdi ki, hazırda ölkədə neftdən asılılığın aradan qaldırılması istiqamətində mühüm tədbirlər görülür. Yeni fiskal qaydalar hazırlanmaqdadır. 2018-ci ilin dövlət büdcəsinin hazırlanmasına başlanılıb. O, qeyd etdi ki, dövlət müəssisələrinin dividendləri ilə bağlı proqnoz göstəriciəri dəyişə bilər. İcra olunmayan dividendlər maliyyə sektorunda fəaliyyət göstərən qurumlar tərəfindən həyata keçirilir. Ötən il bank sektoru üçün ağır il olub. Buna görə də dividendlərin ödənilməsində problemlər var. Səhiyyə sahəsində bəzi tədbirlərin görülməsi ilə bağlı qərar verilib. İcbari tibbi sığorta ilə bağlı olan pilot layihə Mingəçevir və Yevlax rayonlarında uğurla həyata keçirilməkdədir. Sonra nazir sənədlə bağlı millət vəkillərini maraqlandıran bəzi məqamlara aydınlıq gətirdi. Qanun layihəsi səsvermə yolu ilə təsdiqləndi.
Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi barədə məlumatı təqdim etdi. Bildirildi ki, qanun layihəsi bələdiyyə üzvləri üçün etik davranış qaydalarını, prinsiplərini və onlara əməl edilməsi ilə bağlı hüquqi mexanizmləri müəyyən edir. Qanunun məqsədi yerli özünüidarə orqanlarının və bələdiyyə üzvlərinin nüfuzunun artırılması, vətəndaşların yerli özünüidarə orqanlarına və bələdiyyə üzvlərinə etimadının yüksəldilməsi, onların fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması, bu sahədə korrupsiyanın və maraqların toqquşmasının qarşısının alınması, bu orqanların fəaliyyətinin qiymətləndirilməsi zamanı vətəndaşların təsir imkanlarının genişləndirilməsindən ibarətdir. Diqqətə çatdırıldı ki, etik davranış qaydalarına əməl olunmasına bələdiyyə sədri nəzarət edir. Qanuna görə, etik davranış qaydalarını pozmuş bələdiyyə üzvü intizam məsuliyyətinə cəlb edilir. İntizam məsuliyyəti bələdiyyə iclasının qərarı əsasında xəbərdarlıq və töhmət şəklində tətbiq edilir. Sənəd səsə qoyularaq üçüncü oxunuşda qəbul edildi.
Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə, və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi haqqında qanun layihəsi barədə məlumat verdi. Bildirildi ki, 16 may 2005-ci il tarixdə Varşavada imzalanmış bu sənədə Azərbaycan müvafiq qeyd-şərt və bəyanatlarla qoşulur. Sənəd səsvermə yolu təsdiqləndi.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikası Hökuməti ilə Danimarka Krallığı Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın təsdiq edilməsi barədə, həmçinin, “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında hava daşımalarına dair Sazişə dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihələri barədə məlumatı təqdim etdi. Hər iki sənəd ayrı-ayrılıqda səsə qoyularaq təsdiqləndi.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlinin “Müdafiə tədbirlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ödənilməsi məsələləri üzrə Cinayət mühakimə icraatı iştirakçılarının müdafiəsi haqqında 28 noyabr 2006-cı il tarixli Sazişin həyata keçirilməsinə dair” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi ilə bağlı məlumatı dinlənildikdən sonra sənəd təsdiq edildi.
Sonra iclasda Elm və təhsil komitəsinin üzvü Sona Əliyeva “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi şərh etdi. Sənəddəki uyğunlaşdırıcı texniki dəyişiklik təsdiq edildi.
Gündəlikdəki növbəti 11 məsələ barədə məlumat verən Əli Hüseynli bu sənədlərə edilən dəyişikliklərin ötən il “Dövlət qulluğu haqqında” qanunun 28-ci maddəsinə (“Dövlət qulluğuna qəbul” bölməsi) edilmiş əlavə ilə bağlı olduğunu qeyd etdi. Bundan sonra “Diplomatik xidmət haqqında”, “Dövlət qulluğu haqqında”, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Ölçmələrin vəhdəti haqqında” qanun layihələrində, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında”, “Gömrük orqanlarında xidmət haqqında”, “Miqrasiya orqanlarında xidmətkeçmə haqqında”, “Vergi orqanlarında xidmət haqqında” Əsasnamələrdə edilən dəyişikliklərlə bağlı sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqləndi.
Gündəlikdəki “Haqsız rəqabət haqqında”, “Müəllif hüququ və əlaqəli hüquqlar haqqında” qanunlara dəyişiklik edilməsi barədə sənədlərin mahiyyətcə “Reklam haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıdığı bildirildi. Hər iki sənəd səsə qoyularaq qəbul edildi.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədlə əlaqədar məlumat verdi. Bildirildi ki, sənədin 11-ci və 50-ci maddələrinə “hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamının qadağan olunması” ilə bağlı müvafiq dəyişikliklər edilib. Sənəd səsə qoyularaq təsdiqləndi.
Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı “Uşaq hüquqları haqqında” qanuna edilən dəyişikliklərin də “Reklam haqqında” qanuna uyğunlaşdırma məqsədi ilə edildiyini bildirdi. Bu sənəd də təsdiq edildi.
Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev “Üzümçülük və şərabçılıq haqqında” qanunda edilən dəyişikliklə bağlı məlumat verdi. Qeyd edildi ki, “Reklam haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə qanuna yeni maddənin əlavə edilməsi nəzərdə tutulur. Tündlüyü 5 faizdən yuxarı olan şərabçılıq məhsullarının reklamı telekommunikasiya qurğularında, dövri mətbu nəşrin üz və arxa qabığında, internet informasiya ehtiyatlarının ön səhifəsində, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş mətbu nəşrlərdə, audio və video materiallarda, nəqliyyat vasitələrinin üzərində, habelə onların fəaliyyətini təmin edən binaların, qurğuların üzərində və daxilində yerləşdirilə bilməz. Şərabçılıq məhsullarının nümunələrinin paylanılması və dequstasiyası ilə müşayiət olunan reklam aksiyalarının keçirilməsinə yalnız onların pərakəndə satış yerlərində, ixtisaslaşmış sərgilərin dequstasiya zallarında icazə verilir. Sənəd səsvermə yolu ilə təsdiqləndi.
Sonra Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Qanuna dəyişiklik barədə məlumat verdi. O, diqqətə çatdırdı ki, təklif olunan dəyişikliyin əsas mahiyyəti ondan ibarətdir ki, 9.1.1-ci maddədə “küçə” sözü “açıq məkanda” ifadəsi ilə əvəz edilir. Qeyd edildi ki, dəyişiklik “Reklam haqqında” qanuna uyğunlaşdırmaq məqsədi ilə təklif edilir. Sənəd səsə qoyularaq qəbul edildi.
Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov “Telekommunikasiya haqqında” qanuna dəyişiklik edilməsi barədə məlumatında dedi ki, sənədə “Reklam haqqında” qanuna uyğunlaşdırma məqsədi ilə “telekommunikasiya vasitələri və qurğuları ilə yayımlanan reklam” başlıqlı yeni 50-1 maddəsi əlavə edilir. Texniki dəyişiklik səsə qoyularaq təsdiqləndi.
Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini təqdim etdi. Sənədin növbəti iclasda müzakirə edilməsi məqsəduyğun sayıldı.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə Vergi Məcəlləsinə dəyişiklik edilməsi haqqında sənədi şərh etdi. Bildirildi ki, qanun layihəsi “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanunun tətbiqi ilə bağlı hazırlanıb. Gündəlikdəki “İcra haqqında” qanuna dəyişiklik edilməsi barədə sənədin 20-ci maddəsinə düzəliş edilməsi də məhz bununla bağlı idi. Millət vəkilləri hər iki sənədə edilən dəyişiklikləri razılıqla qarşıladılar.
Sonra Ziyad Səmədzadə gündəlikdəki növbəti - “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2017-ci il büdcəsi haqqında” 2016-cı il 16 dekabr tarixli 449-VQ nömrəli qanunun tətbiqi ilə əlaqədar bəzi qanunlarda dəyişikliklər edilməsi ilə bağlı məsələ ilə əlaqədar fikirlərini bildirdi. Qeyd olundu ki, qanun layihəsinə edilən dəyişiklik 4 sənədi - “İcarə haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında, “Veteranlar haqqında, “Azərbaycan vətəndaşlarının pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” qanunları əhatə edir. Sənədlərdəki “Dövlət Sosial Müdafiə Fondu” sözləri, “müvafiq icra hakimiyyəti orqanına” sözləri ilə əvəzlənir. Qanun layihəsi səsvermə yolu ilə təsdiqləndi.
Sonra Əli Hüseynli Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini şərh etdi. Bildirildi ki, sənədə edilən dəyişikliklər əmək fəaliyyəti ilə məşğul olan məhkumların qazancından məcburi dövlət sosial siğorta haqqının tutulması prinsipini özündə ehtiva edir. Sənəd səsə qoyularaq təsdiqləndi.
Əli Hüseynli “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” sənədi şərh edərkən bildirdi ki, buradakı dəyişikliklər Azərbaycan Respublikası vətəndaşlığına qəbul və vətəndaşlıqdan çıxma ilə bağlı rüsumların bundan sonra “Dövlət rüsumu haqqında” qanunun tələblərinə uyğun olaraq tənzimlənəcəyini ehtiva edir. Sənəd təsdiq edildi.
Sonra Əli Hüseynli “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədə edilən dəyişiklikləri diqqətə çatdırdı. Bildirildi ki, sənədin 2-ci maddəsinə “səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidməti” sözləri əlavə edilir ki, bu da dövlət qulluğu növü siyahısına Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin adının salınmasını nəzərdə tutur. Sənəd səsə qoyularaq təsdiqləndi.
Daha sonra Əli Hüseynli Cinayət Məcəlləsində edilən dəyişiklikləri diqqətə çatdırdı. Bildirildi ki, yeni dəyişikliklərdə İnzibati Xətalar Məcəlləsinin təsdiq edilmiş müvafiq bəndlərinin icrasına uyğunlaşdırmaq məqsədi ilə Cinayət Məcəlləsinin 17 fəslində cərimələrin artırılması nəzərdə tutulur. Müzakirələrdən sonra sənəd səsə qoyularaq təsdiq edildi.
İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov “Publik hüquqi şəxslər haqqında” qanuna edilən dəyişiklikləri diqqətə çatdırdı. Bildirildi ki, dövlət başçısının qanunvericilik təşəbbüsü qaydasında qanunun 3.4 və 6.4 maddələrinə əlavələr edilir. Belə ki, publik hüquqi şəxslər qanunun tələblərinə uyğun şəkildə hüquqi xidmət göstərirlərsə “Dövlət rüsumu haqqında” qanunda nəzərdə tutulmuş qaydada və məbləğdə dövlət rüsumu tuta bilərlər. Onların fəaliyyəti qanunun tələbləri ilə tam uyğunlaşırsa, “Publik hüquqi şəxslərin nizamnaməsi”nə əsasən həmin əməkdaşlar dövlət qulluqçusu statusuna bərabər tutulurlar. Sənəd səsə qoyularaq təsdiq edildi.
İclasda “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanun layihəsinə edilən dəyişikliklər də səsə qoyularaq təsdiqləndi.
Sonda Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 53-cü maddəsinə edilən “həqiqi hərbi xidmətə çağırılma və səfərbərliklə bağlı” dəyişiklikləri diqqətə çatdırdı. Sənəd təsdiq edildi.
Parlamentin Sədri Oqtay Əsədov 84 nəfər millət vəkilinin müraciəti əsasında parlamentin növbədənkənar sessiyasının çağırılacağını söylədi və Milli Məclisin yas sessiyasını bağlı elan etdi.
Azərbaycan Respublikasının Dövlət himni səsləndirildi və Milli Məclisin 2017-ci il yaz sessiyası öz işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti