SƏHİYYƏ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
02 iyun 2017 | 10:06   
Paylaşın:        

İyunun 1-də Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi. Komitənin sədri Əhliman Əmiraslanov gündəlikdəki məsələlər barədə  məlumat verdi.
Qeyd olundu ki, həm İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər, həm də  “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” qanunda dəyişiklik edilməsi qanunvericiliyin uyğunlaşdırılması məqsədini daşıyır.
 Əhliman Əmiraslanov bildirdi ki, ölkə əhalisinin dərman təchizatını yaxşılaşdırmaq, həmçinin keyfiyyətsiz dərman və dərman vasitələrinin Azərbaycan bazarına daxil olmasının qarşısını almaq istiqamətində dövlət səviyyəsində görülən tədbirlər müsbət nəticəsini verib. Ötən ilin 29 dekabrında “Dərman vasitələri haqqında” qanunda edilmiş dəyişikliklərə görə, həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklam qaydaları dəyişdirilib. Hazırda İnzibati Xətalar Məcəlləsinin 428-ci maddəsinə edilən dəyişikliklər məhz reklam haqqında qanunvericiliyin pozulmasına görə tətbiq ediləcək cərimələri nəzərdə tutur. 
Vərəmlə mübarizə haqqında qanunun 14-cü maddəsində dəyişiklik edilməsi isə bu qanunun “Nağdsız hesablaşmalar haqqında” 16 dekabr 2016-cı il tarixli qanuna uyğunlaşdırılmasına xidmət edir. Layihəyə görə, işləməyən vərəm xəstələrinə müalicə müddətində verilən müavinətin ödənilməsi yalnız nağdsız qaydada həyata keçiriləcək.
Müzakirələrdə deputatlar Qənirə Paşayeva, Məlahət İbrahimqızı, İlham Məmmədov, Rafiq Məmmədhəsənov, Sədaqət Vəliyeva hər iki qanun layihəsini dəstəklədilər. Bu sənədlərin vətəndaşların sağlamlığının qorunmasına, müalicə prosesinin təhlükəsizliyinə xidmət etdiyi vurğulandı. Komitə üzvləri səhiyyə qanunvericiliyinə dair bir sıra dəyərli  təkliflərini diqqətə çatdırdılar. Ölkədə fəaliyyət göstərən telekanallarda xarici mütəxəssislərin qanundan kənar reklamı ciddi tənqid olundu. Antibiotiklərdən istifadə, vərəmlə mübarizə və digər aktual məsələlərlə bağlı əhali arasında səhiyyə maarifini gücləndirməyin zərurəti qeyd edildi. 
 Müzakirələrin yekununda hər iki qanun layihəsi Milli Məclisin növbəti plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU