MİLLİ MƏCLİSDƏ UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜ QEYD OLUNDU

Tədbirlər
02 iyun 2017 | 09:06   
Paylaşın:        

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Milli Məclisdə “Mənim səsim – mənim hüquqlarım: Parlament müzakirəsi” mövzusunda tədbir keçirildi.
Toplantıda Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  Hicran Hüseynova,  UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin, parlamentin komitə sədrləri, bir sıra  məktəb və liseylərin şagirdləri  iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları Milli Məclisin foyesində təşkil edilmiş  uşaqların əl işlərindən ibarət sərgi ilə tanış oldular.
Sonra Milli Məclis Sədrinin müavini Bahar Muradova tədbiri giriş sözü ilə açaraq bu əlamətdar gün münasibəti ilə uşaqları təbrik etdi. Vitse-spiker diqqətə çatdırdı ki, 1950-ci il iyunun 1-də keçirilmiş Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının təmin edilməsi məqsədi ilə qərara alınıb ki, bu tarix bütün dünyada Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi qeyd edilsin. Azərbaycan da beynəlxalq birliyin üzvü kimi hər il bu günü qeyd edir. Bundan əlavə BMT tərəfindən 1989-cu ildə Uşaq Hüquqları haqqında Konvensiya qəbul olunub və Azərbaycan bu konvensiyanı ratifikasiya edən ilk dövlətlərdəndir. Eyni zamanda, BMT Baş Assambleyasının müvafiq qərarı ilə 20 noyabr tarixi də Ümumdünya Uşaqlar Günü kimi qeyd olunmaqdadır.
Bahar Muradova bildirdi ki, ölkəmizdə uşaqların ən böyük himayədarı ulu öndər Heydər Əliyev dövlət siyasətinin ən vacib istiqamətlərindən biri kimi böyüməkdə olan nəslin sağlam, firavan, xoşbəxt yaşamasını göstərmişdir. Bu gün uşaqların ən böyük hamisi olan ölkə başçısı İlham Əliyevin, birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi altında bu istiqamətdə mühüm addımlar atılır, böyük işlər görülür.  Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2009-cu il ölkəmizdə “Uşaq ili” elan olunub. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinin həllinə  diqqətin artırılması məqsədi ilə bir sıra proqramlar həyata keçirilir.
Qeyd edildi ki, Azərbaycan insan hüquqlarına, onun tərkib hissəsi olan uşaq hüquqlarına hörmətlə yanaşır. Dövlət siyasətinin əsas istiqamətlərindən biri uşaqların təhsilinin, sağlamlığının, asudə vaxtının səmərəli keçirilməsinin təmin edilməsi, onlar üçün bütün sahələrdə bərabər imkanların yaradılmasıdır. Uşaqların daha firavan cəmiyyətdə yaşaması üçün parlamentdə vacib  qanunlar qəbul olunur.
 Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  Hicran Hüseynova uşaq hüquqlarının müdafiəsi ilə bağlı müxtəlif tədbirlər keçirildiyini söylədi. Bildirildi ki, Azərbaycan hökuməti uşaqlar üçün bütün sahələrdə geniş imkanlar yaradıb. Uşaqlar bu imkanlardan səmərəli istifadə etməli, bilik və bacarıqlarını artırmalı, tariximizi, mədəniyyətimizi yaxşı öyrənməlidirlər.  Hicran Hüseynova ailələrdə baş verən bəzi mənfi hallar barədə danışdı. Bunun aradan qaldırılması üçün profilaktik tədbirlərin görüldüyünü, uşaqlara hüquqi yardımın göstərildiyini söylədi.  Komitə sədri uşaqların sağlam mühitdə tərbiyə edilməsi üçün zəruri şəraitin yaradılması, valideyn himayəsindən məhrum olan uşaqların dövlət qayğısı ilə təmin edilməsi, uşaqlara qarşı zorakılığın qarşısının alınması kimi məsələlərin önəmli olduğunu bildirdi.
UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin öz çıxışında dedi ki, uşaqların problemlərinin həllində onlarla dialoqun qurulması vacib amillərdəndir. Uşaqların danışmaq və dinlənmək hüququ təmin edilməlidir. Əgər bir dövlət güclü olmaq, stabil inkişaf etmək istəyirsə uşaqlara lazımi diqqəti göstərməlidir. Edvard Karvardin Azərbaycanda uşaqların xoşbəxt, firavan böyüməsi üçün onlara yaradılmış şəraiti, dövlət qayğısını təqdir etdi. O, qeyd etdi ki, ölkəmizdə uşaq siyasəti uğurla həyata keçirilir.

Tədbirdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli çıxışlarında bildirdilər ki, uşaqların rifahının yüksəldilməsi, onların intellektual səviyyəsinin artırılması dövlət siyasətinin başlıca vəzifələrindən biridir. Ümumiyyətlə, uşaqların hüquqları ölkəmizdə ən ali səviyyədə  Konstitusiya qanunları ilə qorunur və dövlət uşaq hüquqlarının qorunmasının və təhlükəsizliyinin qarantıdır.
Diqqətə çatdırıldı ki, Milli Məclisdə “Uşaq hüquqları haqqında”, “Sağlamlıq imkanları məhdud uşaqların təhsili haqqında”, “Məktəbəqədər təhsil haqqında” bir sıra digər mühüm  qanunlar qəbul olunub. Bu qanunlar uşaq hüquqları ilə bağlı yaranan münasibətləri tənzimləmək və müxtəlif sahələrdə uşaqların hüquqlarının müdafiəsini təmin etmək məqsədi daşıyır.
Yığıncaqda uşaqlarla bağlı Azərbaycan Respublikasının IV Forumuna seçilmiş gənc nümayəndələrin çıxışları səsləndirildi. Uşaqlardan Flora Həmidzadə “Sağlam nəslin formalaşması gələcəyimizin təminatıdır”, Nigar Quliyeva “Uşaqlar üçün bərabər imkanlar”, Çingiz Qarayev “Uşaqlara qarşı fiziki cəzalara son qoyaq”, Orxan Yusifov “Asudə vaxt bizim üçün dəyərlidir”, Fatimə Aslanova “Müasir dövrdə uşaqların internet təhlükəsizliyi” mövzularında məruzə etdilər. İştirakçı Mədinə Hüseynzadə isə sərgidə nümayiş olunan uşaqların əl işləri barədə məlumat verdi.
Tədbirin sonunda müxtəlif sahələrdə nailiyyətlər qazanmış bir qrup  məktəbli diplomlarla təltif edildi.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU