Milli Məclisdə AŞPA komitəsinin milli parlament seminarı keçirildi

Tədbirlər
02 iyun 2017 | 07:06   
Paylaşın:        
İyunun 2-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin “Avropa Sosial Xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi” mövzusunda milli parlament seminarı keçirildi.
Seminarı Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, AŞPA-da Avropa Sosial Xartiyası üzrə alt komitənin sədri Sevinc Fətəliyeva açaraq gündəlik barədə məlumatı diqqətə çatdırdı, ölkəmizdə Avropa Sosial Xartiyasının həyata keçirilməsi vəziyyəti barədə məlumat verdi.
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov seminarda çıxış edərək bildirdi ki, beynəlxalq sosial təminat hüququ və bu hüququn reallaşdırılması üçün müxtəlif beynəlxalq və regional təşkilatların qəbul etdiyi sənədlər hər bir ölkədə sosial vəziyyətin yaxşılaşdırılması sahəsində baza prinsiplərinin formalaşması üçün səmərəli normativ rolunu oynayır. Bütün bunlar Avropada sosial təminat sahəsində beynəlxalq hüququn mənbəyi qismində iqtisadi və sosial hüquqların geniş dairəsini tənzimləyən Avropa Sosial Xartiyasının əhəmiyyətini bir daha qabarıq şəkildə ortaya qoyur.
Nazir xatırlatdı ki, Avropa Sosial Xartiyası Azərbaycanda 2004-cü il noyabrın 1-dən qüvvəyə minib. Bu 13 il sosial-iqtisadi inkişaf baxımından çox səmərəli olub. Respublikada qeyri-neft iqtisadiyyatının genişləndirilməsi şəraitində 1,6 milyondan çox iş yeri açılıb, işsizliyin və yoxsulluğun səviyyəsi 5 faizə endirilib, ölkə əhalisinin gəlirləri 8 dəfəyə qədər artıb.
Nazir bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə sosial müdafiənin müasir elementlərini özündə cəmləşdirən əhatəli və ünvanlı sosial təminat sistemi formalaşıb. Ötən dövr ərzində bu sahədə ciddi islahatlar aparılıb və sosial müdafiə sferasının müasir tələblərinə uyğunlaşdırılması istiqamətində əsaslı nailiyyətlər qazanılıb. Azərbaycanda qurulan sosial müdafiə sistemi bu sahədə müxtəlif beynəlxalq sənədlərə, o cümlədən Avropa Sosial Xartiyası ilə müəyyənləşdirilən tələb və standartlara tamamilə cavab verir. Sosial müdafiə sistemi fərdlərə yanaşmada birinci amil kimi fərdin əmək qabiliyyətinin olub-olmamasını götürür. Əgər fərd əmək prosesindədirsə, onun bütün sosial müdafiə hüquqları ölkədə daim təkmilləşdirilən sosial sığorta sistemi vasitəsilə, fərd əmək qabiliyyətində deyilsə, onun və ya ailəsinin sosial müdafiəsi onların müəyyən həddə gəlirlərinin təmin olunması yolu ilə gerçəkləşdirilir və bunun qanunvericilik bazası dəqiq şəkildə formalaşdırılıb.
Çıxış edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Azərbaycanda əmək şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, Azərbaycan əhalisi günü-gündən artır. Əhali üçün yeni iş yerləri yaratmaq lazımdır. Hazırda Avropa Sosial Xartiyasının 24-cü maddəsinə uyğun olaraq “İşsizlikdən sığorta haqqında” qanun layihəsi müzakirə olunur. Bu qanun qəbul olunarsa, işsizlikdən sığorta sistemi işə düşəcək və  müavinət alanların sayı 3 dəfə artacaq. 
Seminarda çıxış edən Avropa sosial hüquqlar komitəsinin nümayəndəsi Lauri Leppik Avropa Sosial Xartiyasında əksini tapmış hüquqların təmin edilməsində parlamentlərin rolu, qəbul edilmiş qanunların icrasına nəzarət barədə fikirlərini bölüşdü.
Tədbirdə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Aytən Mustafayeva “Azərbaycanda sosial və iqtisadi hüquqların möhkəmləndirilməsində Xartiyanın rolu: işləmək hüququ, işlə təmin edən xidmətlər və bərabər imkanlar” mövzusunda məruzə ilə çıxış etdi. Mövzu ətrafında aparılan müzakirələr zamanı ekspertlər və müxtəlif ölkələrin nümayəndələri çıxış edərək fikirlərini bildirdilər, suallarına cavab aldılar. 
Müzakirələrdə çıxış edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, deputat  Səttar Möhbalıyev əhalinin məşğulluğunun təmin edilməsinin əsas istiqamətləri barədə məlumat verdi, məşğulluq problemlərinin həlli, işsizliyin azaldılması istiqamətində ölkəmizdə görülən işlərdən danışdı. Bildirdi ki, dünyada hökm sürən iqtisadi böhrana baxmayaraq, Azərbaycanda işçilərin kütləvi ixtisarı hallarına yol verilməmişdir.
Fasilədən sonra seminar işini davam etdirdi. Toplantı iştirakçıları “Azərbaycanda sosial islahatlarda irəliləyiş: cari vəziyyət və növbəti illərə baxış” mövzusu ərtafında fikir mübadiləsi apardılar. 
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin İqtisadi islahatlar elmi-tədqiqat institutunun direktoru Vilayət Vəliyev, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının sədri Məmməd Musayev çıxışlarında Azərbaycanda aparılan sosial islahatlar, əldə olunmuş nailiyyətlər barədə seminar iştirakçılarına məlumat verdilər.
Sosial işlər, sağlamlıq və davamlı inkişaf komitəsinin sədr müavini Silviya Bonet, Avropa Sosial Xartiyası üzrə alt komitənin üzvləri Serxiy Kiral, Jan Skoberne və başqaları qarşıda dayanan vəzifələr barədə danışdılar, qeydlərini bildirdilər.
Tədbirə yekun vuran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli seminarın çox səmərəli olduğunu və qarşıya qoyulmuş məqsədə çatdığını qeyd etdi. Bildirdi ki, Azərbaycan qoşulduğu 18 maddənin hamısı üzrə öhdəliklərini yerinə yetirib və ölkəmizin Avropa Sosial Xartiyasının əlavə maddələrinə də qoşulmaq imkanı var.      
Hadi Rəcəbli tədbirin yüksək səviyyədə keçirilməsinə görə Milli Məclisin rəhbərliyinə təşəkkürünü bildirdi. Bununla da Avropa Şurası Parlament Assambleyasının Sosial məsələlər, sağlamlıq və davamlı inkişaf üzrə komitəsinin “Avropa Sosial Xartiyası prizmasından Azərbaycanda sosial, iqtisadi hüquqların möhkəmləndirilməsi” mövzusunda milli parlament seminarı işini başa çatdırdı.

Milli Məclisin
Mətbuat xidməti  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU