KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA

Komitə iclasları
05 iyun 2017 | 02:06   
Paylaşın:        

İyunun 5-də Milli Məclisdə Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında 9 məsələyə baxıldı.
İclası Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli açaraq “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəyə çıxarıldığını bildirdi. Bu mərhələyə qədər sənəd üzərində aparılmış işlər barədə ümumi məlumat verdi. Qanun layihəsinə ikinci oxunuşdan sonra edilmiş dəyişikliklərlə deputatları Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev tanış etdi.
Müzakirələrdə hər üç komitənin üzvləri rəy və təkliflərini bildirdilər. Fikir mübadiləsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yekunlaşdırdı.
İclasda “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanuna uyğunlaşdırmaq baxımından İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərə də baxıldı. Hər iki sənəd Milli Məclisin plenar iclasına tövsiyə olundu.
Sonra komitələrin birgə iclasında “Nağdsız hesablaşmalar haqqında” 16 dekabr 2016-cı il tarixli qanunun tətbiqi ilə əlaqədar 7 qanuna dəyişiklik edilməsi məsələsinə baxıldı. Əmək Məcəlləsinə, “Turizm haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında”, “Bələdiyyə qulluğu haqqında” və “Əmək pensiyaları haqqında” qanunlara müvafiq dəyişikliyin edilməsi məqsədəuyğun sayıldı və qanun layihələri plenar iclasın müzakirəsinə tövsiyə olundu.

 

Milli Məclisin

Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU