MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Komitə iclasları
05 iyun 2017 | 06:06   
Paylaşın:        
İyunun 5-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirildi. 
İclası açan komitənin sədri, Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, gündəliyə “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunun 1-ci və 14-cü maddələrinə dəyişikliklər edilməsi barədə məsələlər daxil edilmişdir. 
1-ci maddəyə edilən dəyişikliyə görə, maddənin üçüncü və beşinci abzaslarında “terrorçu” və “terror təşkilatı” anlayışları genişləndirilir və onların izahı daha dolğun şəkildə verilir.
14-cü maddədə isə deyilir ki, terrorçuluğa qarşı mübarizədə iştirak edən şəxs terror əleyhinə aparılan əməliyyatlar zamanı həlak olduqda və ya xidmətini davam etdirməyə imkan verməyən dərəcədə xəsarət aldıqda ona və ya onun ailəsinə dövlət büdcəsi hesabına orta aylıq əmək haqqı məbləğinin müvafiq olaraq yüz və ya doxsan misli miqdarında birdəfəlik müavinət ödənilir. Bu maddəyə təklif olunan dəyişikliyə görə isə həmin müavinət nağdsız qaydada ödəniləcək ki, bu da “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğunlaşdırma xarakteri daşıyır.
Çıxış edən Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirdi ki, bu dəyişikliklər terrorizmə qarşı mübarizə sahəsində müəyyən olunmuş beynəlxalq standartlardan irəli gəlir və onlara uyğundur. 
Diqqətə çatdırıldı ki, qanuna edilən bu dəyişikliklər hüquq mühafizə orqanlarına terrorizmlə daha effektiv mübarizə aparmağa kömək edəcəkdir.
Sonra “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanuna təklif olunan hər iki dəyişiklik Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edildi.

Milli Məclisin
Mətbuat xidməti  


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU