MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI İŞƏ BAŞLADI

Tədbirlər
13 iyun 2017 | 07:06   
Paylaşın:        
İyunun 13-də Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası keçirildi. 
İclası açan Milli Məclisin Sədri Oqtay Əsədov bildirdi ki, gündəliyə 38 məsələ daxil edilmişdir. Gündəliyin təsdiqindən sonra müzakirələrə başlanıldı.
Əvvəlcə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər haqqında məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, dəyişikliklər “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” 2016-cı il 29 noyabr tarixli Qanunun tətbiqi ilə əlaqədar təklif edilir. Həmin qanuna uyğun olaraq “dopinq vasitələrindən və metodlarından istifadə” anlayışı “dopinq vasitələrindən və üsullarından istifadə” anlayışı ilə əvəz edilir. 
Sonra Gənclər və idman komitəsinin sədri Fuad Muradov məlumat verdi ki, həmin dəyişiklik “Bədən tərbiyəsi və idman haqqında” Qanuna da təklif edilir. 
Millət vəkilləri hər üç qanuna təklif olunan dəyişiklikləri səsə qoyaraq təsdiqlədilər.
“Atçılıq haqqında” və “Damazlıq heyvandarlıq haqqında” Qanunlara təklif olunan dəyişikliklər barədə Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov məlumat verdi. Bildirdi ki, hər iki qanuna təklif edilən dəyişikliklər “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa uyğun olaraq məsuliyyəti müəyyən edən qanunun adının dəqiqləşdirilməsi məqsədi ilə hazırlanmışdır. Belə ki, dəyişiklikdə İnzibati Xətalar Məcəlləsinin konkret adı göstərilir.
Hər iki dəyişiklik səsə qoyularaq təsdiqləndi. 
Sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinə təklif olunan dəyişikliyi şərh edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, qanunun 12-ci maddəsinə yeni bənd əlavə olunur. Bu bənddə göstərilir ki, işəgötürən  bu Məcəllə ilə işçiyə ödənilən bütün ödənişlərin “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğun olaraq ödənilməsini təmin etməlidir. Qeyd olundu ki, bu məcəlləyə və bundan başqa, “Turizm haqqında”, “Təhsil haqqında”, “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Məşğulluq haqqında”, “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında”, “Terrorçuluğa qarşı mübarizə haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında”, “Bələdiyyə qulluğu haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İcbari sığortalar haqqında”, “Əmək pensiyaları haqqında”, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanunlara təklif olunan dəyişikliklər “Nağdsız hesablaşmalar haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.
Qanunlara təklif olunan dəyişikliklər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqləndi.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Valyuta tənzimi haqqında” Qanunda dəyişiklik edilməsi barədə layihəni təqdim edərək bildirdi ki, dəyişikliyin məqsədi gömrük orqanları tərəfindən valyuta sərvətlərinin transsərhəd daşınması zamanı cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması izləri aşkar olunduqda, bu izlərin tədqiqi və maliyyə monitorinqi orqanına ötürülməsi məsələlərini müəyyən etməkdən ibarətdir. Müzakirələrdən sonra qanun layihəsi qəbul edildi.
Sonra Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişikliklər edilməsi barədə layihəni təqdim etdi. Bildirdi ki, sənədin 1-ci maddəsinə edilən dəyişikliyə görə, maddənin üçüncü və beşinci abzaslarında “terrorçu” və “terror təşkilatı” anlayışları dəqiqləşdirilir və onların izahı daha dolğun şəkildə verilir. Terror mürəkkəb tərkibli cinayət olduğu üçün bu anlayışların yeni izahında bütün subyektlər əhatə olunur. Təklif edilən dəyişikliklər “terrorçu” və “terror təşkilatı” anlayışlarının beynəlxalq standartlara və bu sahədə beynəlxalq konvensiyanın tələblərinə uyğunlaşdırılması məqsədini daşıyır.   Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq təsdiq edildi.
İclasda qanunvericiliyin uyğunlaşdırılması və dəqiqləşdirilməsi üçün Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində və “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihələri də təsdiqləndi. Gündəlikdə olan “Sığorta fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilməsi barədə layihə isə eyniləşdirilməsi həyata keçirilməli olan sığorta fəaliyyəti subyektlərinin dairəsini dəqiqləşdirir. Layihə səsə qoyularaq qəbul olundu.
Mənzil Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini isə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli təqdim etdi. Onun sözlərinə görə, layihənin məqsədi çoxmənzilli binanın (o cümlədən, kooperativ binanın) idarə edilməsi ilə bağlı mexanizmlərin təkmilləşdirilməsindən, idarəetmədə mənzil mülkiyyətçilərinin daha yaxından iştirakının təmin olunmasından ibarətdir. Qanun layihəsinə əsasən, çoxmənzilli binanın idarə olunması ilə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək, bu binaların idarə edilməsi ilə bağlı müqavilələr həmin qaydaların tələblərinə uyğun olaraq bağlanılacaq, eyni zamanda binanın idarə edilməsi zamanı bu qaydaların tələblərinin pozulması məsuliyyətə səbəb olacaq. Müzakirələrdən sonra qanun layihəsi qəbul edildi.
İclasda müzakirələrə səbəb olan növbəti qanun layihəsi “Təhsil haqqında” Qanunda dəyişikliklər edilməsi barədə idi. Dəyişikliklər ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulunun hazırlıq qrupları vasitəsilə həyata keçirilməsini nəzərdə tutur.  
Sonra qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə  Torpaq, Gömrük, Vergi məcəllələrində, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Dövlət qulluğu haqqında”, eləcə də “Məhkəmələr və hakimlər haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri də təsdiqləndi.
Sonda isə “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsinə başlanıldı. 
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli bildirdi ki, qanun  layihəsinin məqsədi Azərbaycanın əmək bazarında riskin ötürülməsinə əsaslanan münasibətlərin və yeni maliyyələşmə mexanizmlərinin yaradılması, sığortaolunanların itirilmiş əmək haqlarının kompensasiya olunması və işsizliyin yaranması hallarının qarşısının alınması üçün qabaqlayıcı tədbirlərin görülməsi yolu ilə əhalinin sosial müdafiəsinin gücləndirilməsinə təminat verilməsidir. Bu qanun dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş şəxslərə şamil edilir. Qanun layihəsinin 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edildi. Bununla da Milli Məclisin növbədənkənar sessiyasının ilk iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU