KOMİTƏLƏRİN BİRGƏ İCLASINDA
İyunun 20-də Milli Məclisdə İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı.
Öncə Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova qanun layihəsi üzərində aparılmış işlər barədə məlumat verdi. Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov qanun layihəsini təqdim etdi.
Bildirildi ki, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi əvvəlki müzakirələrdə səslənmiş fikirlər nəzərə alınmaqla əsaslı surətdə təkmilləşdirilib. İşçi qrup bütün irad və təkliflərə ciddi diqqət yetirib. Nəticədə diskussiyalardakı fərqli mövqeləri nəzərə alan lakonik bir sənəd meydana gəlib. Bu qanun Milli Məclisin nüfuzunun gücləndirilməsinə və deputatlara etimadın artırılmasına xidmət edəcək.
Müzakirə zamanı hər iki komitənin üzvləri qanun layihəsinin təkmilləşdirilmiş variantını yüksək dəyərləndirdilər. İnsan hüquqları komitəsinin sədr müavini Yevda Abramov, deputatlar Çingiz Qənizadə, Qüdrət Həsənquliyev, Tahir Kərimli, Elman Nəsirov, Fazil Mustafa, Hikmət Məmmədov, Əflatun Amaşov məsələnin aktuallığını, sənədin kifayət qədər cilalandığını, birinci oxunuşdakı variantda narahatlıq doğuran məqamların aradan qaldırıldığını, sənəddə mühüm dəyişikliklərin aparıldığını, layihənin mükəmməl hazırlandığını razılıqla qeyd etdilər. Çıxışlarda vurğulandı ki, bu qanun layihəsinin hazırlanmasında və təkmilləşdirilməsində Milli Məclisin Sədri Oqtay Əsədovun tövsiyələri və dəstəyi mühüm rol oynayıb.
İclasda aparılan fikir mübadiləsini Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli yekunlaşdırdı.
Sənəd mükəmməl hazırlandığına görə, deputatların etik davranış qaydaları haqqında qanun layihəsi ikinci və üçüncü oxunuşda plenar iclasın müzakirəsinə tövsiyə olundu.
Milli Məclisin
Mətbuat xidməti