HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ
İyunun 22-də Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası oldu. Komitənin sədri Əli Hüseynli bildirdi ki, gündəliyə hakimlərin təyinatı ilə bağlı 6 məsələ, həmçinin digər qanun layihələri daxil edilib.
Öncə iclasda Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Cavid Hüseynov Azərbaycan Prezidentinin təqdimatına əsasən Ali Məhkəmənin, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya Məhkəmələrinin hakimlərinin təyin və azad edilməsi haqqında məlumat verdi. Bildirdi ki, namizədlər irəli sürülərkən MHŞ-ın təklifləri nəzərə alınıb.
Deputatlara ölkəmizdə gedən məhkəmə islahatları, Məhkəmə-Hüquq Şurasının gördüyü işlər barədə ətraflı məlumat verən Cavid Hüseynov əldə olunan müsbət nəticələrdə Milli Məclisin xüsusi payı olduğunu, məhkəmə hakimiyyətinə dair qəbul edilən qanunların mühüm rol oynadığını minnətdarlıqla vurğuladı. Bildirdi ki, ölkə üzrə hakimlərin sayı 126 nəfər artırılıb. Qanunlara istinad edərək, MHŞ səlahiyyət müddəti başa çatmış hakimlərin fəaliyyətini qiymətləndirib, yaxşılar irəli çəkilib, işində kobud nöqsanlar aşkar edilən 6 hakimin isə səlahiyyətlərinə xitam verilib. Qeyd etdi ki, Milli Məclisin payız sessiyasında qanunvericiliklə bağlı yeni təkliflərlə çıxış edəcəyik.
Müzakirə zamanı deputatlar Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Məlahət İbrahimqızı, Azay Quliyev, Tahir Kərimli, Vüsal Hüseynov Məhkəmə-Hüquq Şurasının fəaliyyətini və Milli Məclislə əməkdaşlığını yüksək qiymətləndirdilər. Ölkədə məhkəmə hakimiyyətinin işini daha da yaxşılaşdırmaq üçün təkliflər verdilər. Ali Məhkəmə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya Məhkəmələri üçün təqdim olunmuş hakimlərin namizədliyini dəstəklədiklərini bildirdilər.
Sonra komitədə Ali Məhkəmənin hakimi, Məhkəmə-Hüquq Şurasının üzvü Şahin Yusifov deputatların çıxışlarında səslənmiş bir sıra məsələlərə aydınlıq gətirdi, sualları cavablandırdı. Bildirdi ki, dövlət başçısının ölkədə cəza siyasətinin humanistləşdirilməsinə dair məlum Sərəncamından sonra yaradılan Ali Məhkəmə, Baş Prokurorluq və Ədliyyə Nazirliyinin birgə işçi qrupu 2 ay müddətində ciddi fəaliyyət göstərib. Cəza siyasətinin humanistləşdirilməsi ilə əlaqədar Cinayət Məcəlləsində və Cinayət-Prosessual Məcəlləsində çoxsaylı zəruri dəyişiklikləri nəzərdə tutan qanunvericilik layihələrini hazırlayaraq ölkə Prezidentinə təqdim edib.
İclasda Miqrasiya Məcəlləsində, “İcra haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsinə dair qanun layihələrinə də münasibət bildirildi.
Fikir mübadiləsinin yekununda qərara alındı ki, komitədə baxılan bütün məsələlər Milli Məclisin plenar iclasına təqdim olunsun.
Milli Məclisin
Mətbuat xidməti