AZƏRBAYCAN-MOLDOVA ƏLAQƏLƏRİ İNKİŞAF EDİR
İyunun 22-də Milli Məclisin Sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Moldova Respublikasının Prezidenti İqor Dodonla görüşdü.
Sədr Ali qonağı səmimi salamlayaraq, ümidvar olduğunu bildirdi ki, yüksək səviyyəli bu səfər ölkələrimiz arasında münasibətlərin inkişafına yeni impuls verəcəkdir.
Qeyd edildi ki, hələ sovetlər dönəmində xalqlarımız arasında ənənəvi dostluq münasibətləri mövcud olmuşdur. Ölkələrimiz müstəqillik əldə etdikdən sonra əlaqələrimiz keyfiyyətcə yeni səviyyəyə yüksəlmişdir. Bugünədək Azərbaycanla Moldova arasında münasibətlərimizin hüquqi bazasını təşkil edən 60-a yaxın dövlətlər və hökumətlər arası sənədlər imzalanmışdır.
Sədr vurğuladı ki, əlaqələrimizin inkişafında dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri mühüm rol oynayır. Siyasi münasibətlərimizin inkişafı sözsüz ki, həyatın digər sahələrinə də öz müsbət təsirini göstərəcəkdir. Zənnimizcə, iqtisadi əməkdaşlığı daha da dərinləşdirmək üçün Dövlətlərarası Komissiyanın imkanlarından hərtərəfli istifadə etmək günün tələbidir. Bu gün 100-dən artıq Azərbaycan şirkəti Moldovada müvəffəqiyyətlə fəaliyyət göstərir. İqtisadiyyatın müxtəlif sahələrində əlaqələrin əhatə dairəsini genişləndirmək üçün geniş imkanlar vardır.
Söhbətdə Sədr Azərbaycan parlamentində dünyanın 82 ölkəsinin qanunvericilik orqanları ilə əlaqələr üzrə dostluq qruplarının fəaliyyət göstərdiyini dedi. Moldova ilə bu sahədə əməkdaşlıq üçün də belə bir qrup yaradılmışdır. Biz deputatların qarşılıqlı səfərlərini və mütəmadi görüşlərini önəmli hesab edirik. Təqdirəlayiq haldır ki, beynəlxalq təşkilatlarda nümayəndə heyətlərimiz prinsipial məsələlərdə eyni mövqedən çıxış edir. Bu gün hər iki ölkənin ərazi bütövlüyü pozulmuş, xalqlarımız oxşar problemlə üzləşmişdir. Biz bu münaqişələrin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq. İnanırıq ki, bu məsələdə Moldova gələcəkdə də Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcəkdir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən Moldova Respublikasının Prezidenti İqor Dodon ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını söylədi. Ali qonaq Milli Məclisdə deputatlar üçün yaradılmış şəraiti yüksək dəyərləndirərək, çox az ölkələrin qanunverici orqanlarında belə şəraitin olduğunu dedi. O, siyasi əlaqələrimizin inkişafından söz acaraq, iqtidar partiyaları arasında əməkdaşlığın əhəmiyyətini vurğuladı.
Qonaq bildirdi ki, Milli Məclisin təcrübəsi onlar üçün çox maraqlıdır. Gələcəkdə deputatların qarşılıqlı səfərləri hər iki tərəf üçün əhəmiyyətli olardı. Bu baxımdan dostluq qrupları arasında əlaqələri dərinləşdirmək vacib məsələlərdəndir. İqor Dodon ümidvar olduğunu bildirdi ki, hər iki ölkə tezliklə üzləşdiyi problemlərdən sülh yolu ilə çıxış yolunu tapacaq, xalqlarımız əmin-amanlığa qovuşacaqlar.
Söhbətdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclis Sədrinin müavinləri Bahar Muradova, Valeh Ələsgərov, Moldova ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Sabir Hacıyev, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ölkəmizin Moldovadakı səfiri Qudsi Osmanov, Moldovanın Azərbaycandakı səfiri Qeorge Leuke və digər rəsmi şəxslər iştirak edirdilər.
Milli Məclisin
Mətbuat xidməti