İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ
İyunun 22-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, gündəliyə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında”, “Reklam haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara dəyişikliklər edilməsi barədə və “Hesablama Palatası haqqında” qanun layihəsi (birinci oxunuş) daxil edilib.
“Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə məlumat verən Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov bildirdi ki, 2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin xərclərində əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsinə, o cümlədən ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin 105 manatdan 116 manatadək artırılması üçün 32,2 milyon manat, sosial mənzil tikintisi ilə bağlı əhalinin ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etməsi ilə bağlı xərclərin artırılması üçün 50,0 milyon manat, ölkəmizin 14 rayon və şəhəri üzrə yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsinə və hazırda fəaliyyətdə olan uşaq bağçalarının, uşaq texniki yaradıcılıq mərkəzlərinin, ilk peşə-ixtisas təhsili müəssisələrinin və bəzi təşkilatlar üzrə əməyin ödənişi xərclərinin tənzimlənməsi üçün cəm olaraq 68,0 milyon manat vəsait yönəldiləcəkdir.
Bundan başqa, 2016-cı il ərzində ARDNŞ tərəfindən istehsal olunan təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışına görə yaranmış zərərin örtülməsi üçün dövlət büdcəsindən 250,0 milyon manat subsidiyanın ayrılması məqsədəuyğun hesab edilmişdir. Həmçinin, lisenziyası ləğv edilmiş 11 bank üzrə əmanətçilərin qorunan əmanətlərinin 100 faiz ödənilməsi üçün Əmanətlərin Sığortalanması Fondu tərəfindən cəlb edilmiş kreditlərin bağlanması üçün Fondun nizamnamə kapitalının 546,0 milyon manat artırılması nəzərdə tutulmuşdur.
2017-ci iin yenidən baxılacaq dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinə əlavə 191,0 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 7,6 faiz çoxdur.
2017-ci il dövlət büdcəsinə yenidən baxılma zamanı xarici dövlət borclanmasının yuxarı həddinin artırılması, yəni “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin sağlamlaşdırılması tədbirləri çərçivəsində Bankın 2383,4 milyon ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcəkdir. Bununla əlaqədar olaraq 2017-ci il üzrə qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4,0 milyard manat artırılaraq 4,5 milyard manata çatdırılacaqdır.
Bundan başqa, ölkədə yol infrastrukturunun tikintisi və yenidənqurulması, həmçinin onlara xidmətlə bağlı xərclərin 36,0 milyon artırılması nəzərdə tutulmuşdur.
Ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində və konsulluqlarında çalışan əməkdaşların əməkhaqlarının tənzimlənməsi, həmçinin bu səfirlik və konsulluqlarda təsis olunacaq ticarət nümayəndələrinin saxlanılması üçün 14,1 milyon manat, dövlət büdcəsinin ehtiyat fondunun xərclərinin 1,5 milyon manat və digər zəruri xərclərin 5,0 milyon manat artırılması nəzərdə tutulur.
Yenidən baxılma ilə 2017-ci il dövlət büdcəsi xərclərinin 1041,0 milyon manat artırılaraq 17941,0 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da 2017-ci il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 6,2 faiz çox olacaqdır.
2017-ci ilin yenidən baxılacaq dövlət büdcəsinin gəlirləri gözlənilən ümumi daxili məhsulun 25,2 faizini təşkil etməklə mütləq ifadədə 16766,0 milyon manat proqnozlaşdırılır ki, bu da 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 511,0 milyon manat və ya 3,1 faiz çoxdur.
Həmin artım Azərbaycan Respublikası Mərkəzi Bankının mənfəətindən ayırmalar üzrə 250,0 milyon manat, Vergilər Nazirliyi üzrə 135,0 milyon manat, Dövlət Gömrük Komitəsi üzrə 50,0 milyon manat və büdcə təşkilatlarının büdcədənkənar gəlirləri üzrə 76,0 milyon manat təşkil edəcəkdir.
Çıxış edən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov diqqətə çatdırdı ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Qanun layihəsinə Hesablama Palatası da rəy vermişdir. Palatanın rəyi müsbətdir və qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilə bilər.
Müzakirələr zamanı çıxış edən komitə üzvləri Vahid Əhmədov, Xanhüseyn Kazımlı, Əli Məsimli, Aydın Hüseynov və Cavid Qurbanov əhalinin sosial rifahının yaxşılaşdırılmasına xidmət edəcək bu dəyişiklikləri yüksək qiymətləndirdilər. Qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olundu.
Sonra məlumat verildi ki, “Reklam haqqında” və “Dövlət rüsumu haqqında” qanunlara təklif olunan dəyişikliklər ölkəmizdə Dövlət Reklam Agentliyinin yaradılması ilə əlaqədardır və reklam bazarının inkişafına xidmət edəcək. Millət vəkilləri hər iki dəyişikliyi Milli Məclisin plenar iclasına tövsiyə etdilər.
Sonra gündəlikdəki “Hesablama Palatası haqqında” qanun layihəsi (birinci oxunuş) barədə məlumat verən Hesablama Palatasının sədri Vüqar Gülməmmədov bildirdi ki, 1999-cu ildə qəbul olunmuş qanuna bir sıra əlavə və dəyişikliklər edilsə də, köhnə qanun müasir tələblərə cavab vermir. Ona görə də yeni qanun hazırlanıb və bu qanun qəbul olunduqdan sonra bu sahədəki boşluqları aradan qaldıracaqdır. Qanun Hesablama Palatasının statusunu, fəaliyyətinin hüquqi əsaslarını, idarəetmə və təşkilati strukturunu, habelə dövlət vəsaitlərinin qanunauyğun, məqsədyönlü və effektiv istifadəsinə dövlət nəzarətinin təmin edilməsi sahəsində kənar dövlət maliyyə nəzarətinin obyektləri ilə və digər tərəflərlə münasibətlərini tənzimləyəcəkdir.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Bununla da Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti