İQTİSADİ SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
18 may 2012 | 05:05   
Paylaşın:        

Mayın 18-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclası keçirildi. Komisə sədri Ziyad Səmədzadə iclası açaraq gündəliyə daxil edilən məsələləri  iştirakçıların nəzərinə çatdırdı. O, 2011-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı məsələyə münasibətində bildirdi ki, ötən il ölkənin ictimai-siyasi həyatında mühüm hadisələrlə yadda qalıb. Dövlət müstəqilliyimizin 20 illiyi böyük təntənə ilə qeyd edilib. İqtisadi-sosial həyatın bütün sahələrində bir çox əhəmiyyətli nailiyyətlər əldə edilib.
Sonra iclasda “Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi ilə bağlı hesabat dinlənildi. Məsələ ilə əlaqədar çıxış edən maliyyə nazirinin müavini Azər Bayramov bildirdi ki, hesabatda 2011-ci il dövlət büdcəsində nəzərdə tutulan xərclərin icra vəziyyətinə dair göstəricilər, ehtiyat fondlarından istifadə, dövlət borcu və dövlət borcuna xidmətlə əlaqədar məlumatlar öz əksini tapıb. Qeyd edildi ki, dünya ölkələrinin bir çoxunda borc probleminin yaranmasına və iqtisadi enişin müşahidə olunmasına baxmayaraq, həyata keçirilən uğurlu makroiqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatında belə mənfi halların yaranmasının qarşısı alınıb, Azərbaycan iqtisadiyyatında makroiqtisadi sabitlik qorunub saxlanılıb. Bu siyasət beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilmişdir.
Azər Bayramov qeyd etdi ki, 2011-ci il icmal büdcənin gəlirləri 23 milyard 225 milyon manat olmaqla 116,2 faiz icra olunmuşdur. Bu isə 2010-cu illə müqayisədə 19,4 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 17 milyard 540 milyon manat icra edilmişdir ki, bu da ondan əvvəlki illə müqayisədə 28,6 faiz çoxdur. Hesabat ilində ölkədəki davamlı makroiqtisadi sabitlik və iqtisadi artımın dinamikası əhalinin sosial rifahının yaxşılaşdırılmasına və sosial müdafiəsinin gücləndirilməsinə zəmin yaratmışdır. Bu istiqamətdə əmək haqlarının, pensiyaların, bir sıra müavinət və təqaüdlərin artımı, elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, bədən tərbiyəsi sektorlarında davamlı inkişaf təmin edilmişdir. Cari ilin əvvəlinə vahid xəzinə hesabının qalığı 382 milyon manat olmuşdur.
Ötən il ərzində ümumi daxili məhsulun (ÜMD) həcmi 2010-cu ilə nisbətən müqayisədə qiymətlərlə 40 milyon  manat artaraq 50,1 milyard manat, o cümlədən, qeyri-neft sektorunda ÜDM 24,2 milyard manat olub. Ötən il ÜDM-də qeyri-neft sektorunun xüsusi çəkisi 48,3 faiz təşkil edib.
Sonra Hesablama Palatasının sədri Heydər Əsədov palatanın bu ilki rəyinin ilk dəfə olaraq Maliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və digər iqtisadi qurumların ümumi göstəriciləri ilə yanaşı büdcə təşkilatlarının hesabatlarına, materiallarına istinad olmaqla hazırlandığını dedi. 
Müzakirələr zamanı çıxış edən millət vəkilləri, bir sıra aidiyyəti dövlət qurumlarının nümayəndələri məsələ barədə fikirlərini açıqladılar. Bildirildi ki, ölkəmizdə dünya təcrübəsinə cavab verən büdcə formalaşmış, onun şəffaflığı təmin edilmişdir. Büdcə vəsaiti səmərəli istifadə edilmiş, qoyulmuş hədəflərə nail olunmuşdur. İclas iştirakçıları 2011-ci il dövlət büdcəsinin icrasını qənaətbəxş hesab etdilər.
Daha sonra “Büdcə sistemi haqqında” “Mühasibat uçotu haqqında”, “Patent haqqında”, “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında”, “Dövlət rüsumu haqqında” qanunlarda, habelə Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxıldı. Təklif olunan düzəlişlərin vacibliyi və məqsədəuyğunluğu qeyd edildi.
Sonra müzakirə olunan sənədlər baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə olundu.
İclasda həmçinin “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” yeni qanun layihəsinə baxıldı. Bildirildi ki, sənədin əhalinin sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi, dövlət uçot və qeydiyyat əməliyyatlarının aparılması, dövlət nəzarəti üzrə tədbirlərin həyata keçirilməsi, bir sıra digər ölçmələrə şamil edilməsi nəzərdə tutulur.
Deputatlar sənəd barədə öz fikirlərini bölüşdülər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU