MİLLİ MƏCLİSİN NÖVBƏDƏNKƏNAR SESSİYASI BAŞA ÇATDI
İyunun 30-da Milli Məclisin növbədənkənar sessiyasının ikinci iclası keçirildi. Spiker Oqtay Əsədovun sədrliyi ilə 19 məsələdən ibarət gündəlik təsdiqləndi.
İclasda öncə Milli Məclis Sədrinin birinci müavini, Məhkəmə-Hüquq Şurasının üzvü Ziyafət Əsgərov ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları barədə məlumat verdi. Bildirdi ki, məhkəmə sistemindəki islahatlar bu sahəyə ictimai etimadı xeyli yüksəldib. İndi insanlar pozulmuş hüquqlarının bərpası üçün məhkəmələrə müraciət etməyə daha çox üstünlük verirlər. Yeni çağırışlar nəzərə alınaraq ölkədə islahatlar davam edir. Azərbaycan Prezidentinin 13 fevral 2014-cü il tarixli Sərəncamına uyğun olaraq məhkəmə fəaliyyəti elektronlaşdırılır. Yeni elektron məhkəmə sisteminin tətbiqi sayəsində vətəndaşlarımız məhkəmələrə elektron qaydada müraciət etmək, iqtisadi mübahisələrlə əlaqədar elektron iddia ərizələri vermək, həmçinin baxılan işlər barədə elektron məlumat almaq imkanı qazanıblar.
Ziyafət Əsgərov deputatların nəzərinə çatdırdı ki, insan haqlarının etibarlı müdafiəsinə yönəlmiş məhkəmə islahatlarımıza beynəlxalq qurumlar da böyük maraq göstərir. Belə ki, Avropa Şurasının mühüm təsisatı olan ədalət mühakiməsinin səmərəliliyi üzrə Avropa Komissiyasının bütün üzv dövlətlərdə yayılan dövri nəşrində Azərbaycanda həyata keçirilən məhkəmə islahatlarına böyük önəm verilərək buna ayrıca bir bölmə həsr edilib. Avropalı ekspertlər Azərbaycan hakimiyyətinin bu sahədə gördüyü işləri yüksək qiymətləndirib və belə qənaətə gəliblər ki, ədalət mühakiməsi sistemində səmərəli islahatların aparılması, məhkəmələrin unikal infrastrukturunun yaradılması, həmçinin müasir texnologiyaların və yeniliklərin tətbiqi baxımından Azərbaycan bir çox Avropa ölkələrinə nümunə ola bilər.
Çıxışının yekununda I vitse-spiker onu da vurğuladı ki, ölkəmizdə məhkəmə qərarlarının ədalətliliyinin və icrasının təmin olunması sahəsində məqsədyönlü işlər davam etdirilir, məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi məqsədilə qanunvericilik daim təkmilləşdirilir.
Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Prezidentinin təqdimatına əsasən Ali Məhkəmənin, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya Məhkəmələrinin hakimlərinin təyin və azad edilməsi haqqında 6 məsələ barədə parlamentə məlumat verdi. Bildirdi ki, namizədlər irəli sürülərkən Məhkəmə-Hüquq Şurasının təklifləri nəzərə alınıb.
Fikir mübadiləsindən sonra aparılan səsvermə zamanı deputatlar Ali Məhkəmə, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Şəki Apellyasiya Məhkəmələri üçün təqdim olunmuş hakimlərin namizədliyini dəstəklədilər.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər edilməsi məsələsini şərh etdi.
Qanun layihəsi barədə maliyyə naziri Samir Şərifov ətraflı məlumat verdi. Bildirdi ki, yeni layihə 2017-ci il üçün qəbul edilmiş dövlət və icmal büdcəsində gəlir və xərclərin artırılmasını, dövlət xarici borclanma limitinin yüksəldilməsini, habelə dövlət büdcəsinin bəzi xərclərinin optimallaşdırılması ilə bağlı düzəlişlərin edilməsini nəzərdə tutur. Dövlət büdcəsi xərclərinin 1 milyard 41 milyon manat məbləğində artırılması, əlavə olaraq təsdiq olunmuş büdcədəki məbləğin 231 milyon manatının strukturunun dəyişdirilərək yenidən bölüşdürülməsi təklif olunur.
Nazirin dediyinə görə, bunun 32 milyon manatı ünvanlı sosial yardımın təyinatı üçün ehtiyac meyarı həddinin artırılması xərclərinə, 50 milyon manatı vətəndaşların yaşayış sahələrinə ehtiyaclarının güzəştli qaydada ödənilməsinə, sosial mənzil tikintisi ilə bağlı xərclərə, 58 milyon manatı şəhər və rayonlarda yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi üçün tələb olunan xərclərə, 250 milyon manatı 2016-cı il ərzində təbii qazın daxili bazarda maya dəyərindən aşağı qiymətə satışından yaranmış zərərin örtülməsi ilə bağlı subsidiyanın ayrılmasına, 546 milyon manat vəsait isə lisenziyası ləğv edilmiş bankların əmanətçilərinə qorunan əmanətlərinin Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməsi məqsədilə Fondun nizamnamə kapitalının artırılmasına və s. sərf olunacaq.
Qeyd olundu ki, 2017-ci il üçün artırılan xərclərin əksər hissəsi əhalinin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiləcək. Layihədə təklif olunan məbləğ cari il üçün təsdiq edilmiş dövlət büdcəsinin xərclərinə nisbətən 6,2 faiz çox olacaq.
Dövlət büdcəsinə yenidən baxılarkən xarici dövlət borclanmasının yuxarı həddinin artırılması Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərini, bankın dövlətin üzərinə keçəcək borclarının ödənilməsini də əhatə edir. Bununla əlaqədar olaraq 2017-ci il üzrə qanunla təsdiq edilmiş xarici dövlət borclanmasının yuxarı həddi 4,5 milyard manata çatdırılacaq.
Samir Şərifov parlamentə məlumat verdi ki, qanuna dəyişiklikdən sonra 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 766 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 3,1 faiz çoxdur. Həmin artımın 250 milyon manatı Mərkəzi Bankın mənfəətindən ayırmalardan, 135 milyon manatı Vergilər Nazirliyinin qeyri-neft sektoru üzrə toplayacağı əlavə gəlirlərdən, 50 milyon manatı Dövlət Gömrük Komitəsinin toplayacağı əlavə gəlirlərdən, 76 milyon manatı isə büdcə təşkilatlarının büdcədənkənar xərclərinin maliyyələşdirilməsi üçün həmin büdcə təşkilatlarının büdcədənkənar daxilolmaları üzrə təmin olunacaq.
Maliyyə nazirinin məlumatı dinlənildikdən sonra Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış etdi. Bildirdi ki, “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsinə Hesablama Palatası müsbət rəy verib.
Müzakirə zamanı deputatlar Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Əli Məsimli, Fərəc Quliyev, Tahir Kərimli, Tahir Mirkişili, Siyavuş Novruzov, Rəşad Mahmudov sənədə münasibət bildirdilər. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanununda dəyişikliklər edilməsi barədə” qanun layihəsi səsə qoyuldu və qəbul edildi.
Növbəti 4 qanun layihəsini təqdim edən komitə sədri Ziyad Səmədzadə bildirdi ki, “Reklam haqqında” qanunda edilən dəyişiklik Azərbaycan Prezidentinin 20 iyun 2017-ci il tarixli Fərmanına əsasən Dövlət Reklam Agentliyi publik hüquqi şəxs yaradılması ilə bağlıdır. Məqsəd açıq məkanda reklamın təşkilini və ona nəzarət məsələlərini tənzimləməkdən ibarətdir. Qanun layihəsinə görə, açıq məkanda ölçülərindən asılı olmayaraq reklam daşıyıcılarının tikintisinə, quraşdırılmasına, onlara konstruktiv dəyişikliklərin edilməsinə icazəni Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum verəcək.
Diqqətə çatdırıldı ki, “Reklam haqqında” qanunda edilən dəyişikliklə əlaqədar “Dövlət rüsumu haqqında” qanunda da dəyişiklik edilməsi zərurəti meydana gəlir. Həmin dəyişikliklər açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun dərəcələrini, həmçinin həmin rüsumdan azadolmaları müəyyən edir.
Deputatlar hər iki qanun layihəsinin qəbulunu məqsədəuyğun saydılar. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” qanunlara təklif edilən dəyişikliklər də müsbət qarşılandı.
İclasda Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Su Məcəlləsinə təklif olunan dəyişiklikləri şərh etdi. Bildirdi ki, Məcəllənin 18-ci, 21, 96, 97, 98 və 103-cü maddələrinə dəyişikliyin edilməsi sudan ödənişli istifadə qaydalarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsi dəstəkləndi.
Sonra komitə sədri Əli Hüseynli “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi zərurətindən danışdı. Yeni medalın Əsasnaməsi və təsviri barədə parlamentə məlumat verdi. Qanun layihəsini müsbət qiymətləndirən deputatlar Musa Qasımlı və Zahid Oruc təkliflərini bildirdikdən sonra layihə səsə qoyuldu və qəbul edildi.
İclasda məlumat verildi ki, Miqrasiya Məcəlləsində aparılan dəyişikliklər bu qanunvericilik sənədinin təkmilləşdirilməsi, elektron vizaların daha qısa müddətdə alınması məqsədini daşıyır. Yeni layihəyə görə, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycandan gedərkən dövlət sərhədinin buraxılış məntəqəsində elektron vizanı (yəni sərhədkeçmə sənədini) yalnız pasportla birgə deyil, şəxsiyyəti təsdiq edən istənilən sənədlə birgə təqdim edə bilərlər. Elektron qaydada verilən birdəfəlik viza ilə ölkədə 30 günədək qalmaq olar.
Səsvermə zamanı parlament bu qanuna müsbət münasibət bildirdi.
Növbədənkənar sessiyada qanunvericiliyin uyğunlaşdırılması baxımından “İcra haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunlarda dəyişiklik edilməsinə razılıq verildi. Qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik olundu.
Plenar iclasda Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ikinci oxunuşda müzakirəyə çıxarılmış “İşsizlikdən sığorta haqqında” qanun layihəsini təqdim etdi. Birinci oxunuşdan sonra layihə üzərində aparılmış iş barədə məlumat verdi. Bildirdi ki, müzakirələrdə səslənmiş fikirlər təhlil edilib, məqsədəmüvafiq olan məsələlər nəzərə alınıb.
Vətəndaşların rifahının qorunmasına xidmət edən 4 fəsil, 26 maddədən ibarət qanun layihəsi ikinci oxunuşda əsas kimi qəbul edildi və müzakirəyə başlandı. Deputat Əli Məsimli təklif etdi ki, sənəd yüksək səviyyədə hazırlandığına görə həm ikinci, həm də üçüncü oxunuşda səsə qoyulsun.
Milli Məclis qanun layihəsini öncə fəsil-fəsil, sonra bütövlükdə səsə qoyaraq ikinci oxunuşda qəbul etdi. Deputatların razılığı ilə təklif nəzərə alındı, “İşsizlikdən sığorta haqqında” qanun layihəsi üçüncü oxunuşda da səsə qoyuldu və qəbul edildi.
İclasın yekununda ikinci oxunuşda müzakirəyə çıxarılmış “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” qanun layihəsi üzərində aparılmış işlər barədə məlumat verildi. Bildirildi ki, əvvəlki müzakirələrdə səslənmiş fikirlər nəzərə alınmaqla layihə əsaslı surətdə təkmilləşdirilib. Diskussiyalardakı fərqli mövqelər nəzərə alınıb. Parlamentin nüfuzunun gücləndirilməsinə və deputatlara etimadın artırılmasına xidmət edəcək bu qanun layihəsinin hazırlanmasında və təkmilləşdirilməsində Milli Məclisin Sədri Oqtay Əsədovun tövsiyələri və dəstəyi mühüm rol oynayıb. Komitələrin birgə iclasında qanun layihəsi bəyənildiyi üçün ikinci və üçüncü oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.
Məlumat dinlənildikdən sonra qanun layihəsi əsas kimi qəbul edildi. Müzakirədə Qüdrət Həsənquliyev, Əli Məsimli, Jalə Əliyeva müsbət fikirlərini ifadə etdilər.
Səsvermə zamanı deputatın etik davranış qaydaları haqqında qanun layihəsi ikinci oxunuşda qəbul edildikdən sonra sənəd mükəmməl hazırlandığına görə üçüncü oxunuşda da səsə qoyuldu və qəbul olundu.
Milli Məclisin növbədənkənar sessiyası Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti