MÜDAFİƏ, TƏHLÜKƏSİZLİK VƏ KORRUPSİYA İLƏ MÜBARİZƏ KOMİTƏSİNİN İCLASINDA
Sentyabrın 12-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2017-ci ilin payız sessiyası dövründə ilk iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov sessiyanın başlaması münasibəti ilə komitə üzvlərini təbrik etdi və işlərində müvəffəqiyyətlər dilədi.
Ziyafət Əsgərov diqqətə çatdırdı ki, 2017-ci ilin yaz sessiyası dövründə komitə üzvlərinin məhsuldar fəaliyyəti nəticəsində komitənin təqdim etdiyi 15 qanun layihəsi Milli Məclis tərəfindən qəbul edilib.
Komitə sədri gündəlikdəki məsələləri təqdim edərək bildirdi ki, bir sıra qanunlara redaktə xarakterli və uyğunlaşma məqsədi ilə düzəlişlər edilib. Belə ki, “Müdafiə haqqında”, “Sərhəd qoşunları haqqında” qanunlara və “Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ saylı Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə təklif olunan dəyişikliklər “Elm haqqında” qanunun qəbulu ilə bağlıdır. Adı çəkilən sənədlərin müvafiq maddələrində “elmi tədqiqat təşkilatları”, “elmi tədqiqat idarələri”, “elmi tədqiqat müəssisələri” sözləri “elmi müəssisə və təşkilatları” ifadəsi ilə əvəz edilir. “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 92-ci maddəsində və 3 saylı əlavəsində “rütbə” sözü “ad” sözü ilə əvəzlənir.
Qeyd olundu ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna yeni 4.4-cü maddə əlavə olunur. Əlavəyə əsasən, müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş hərbi vəzifəlilərin hərbi qeydiyyatı həmin orqan tərəfindən aparılır. Qanunun 28.6-cı maddəsinə edilən əlavədə isə bildirilir ki, müvafiq icra hakimiyyəti orqanından ehtiyata keçirilmiş zabitlərə hərbi biletin verilməsi həmin orqan tərəfindən həyata keçirilir.
Bildirildi ki, “Korrupsiyaya qarşı mübarizə haqqında” qanununa təklif olunan dəyişikliklər “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 1 fevral tarixli qanunun tətbiqi ilə əlaqədardır. Həmin dəyişikliyə əsasən “dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatları” sözlərindən sonra “publik hüquqi şəxslər” sözləri əlavə edilir.
“Azərbaycan Respublikasının dövlət sərhədi haqqında” qanunun 12-ci maddəsinin üçüncü hissəsinə “və digər” sözlərindən sonra “kütləvi qırğın silahlarının” sözləri əlavə edilir. Bu dəyişiklik “Sərhəd qoşunları haqqında” qanuna uyğunlaşdırma məqsədi daşıyır.
Sonra Ziyafət Əsgərov “Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə İran İslam Respublikasının İqtisadi Məsələlər və Maliyyə Nazirliyi yanında Maliyə Monitorinqi İdarəsi arasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında SAH/SAM/BDD (Sualtı Hücüm/Sualtı Müdafiə/Birinci Dərəcəli Dalğıc) birgə təlim müddətində Ev Sahibi Ölkə dəstəyinin şərtlərinə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Əfqanıstan İslam Respublikasının Müdafiə Nazirliyi arasında Əfqanıstan İslam Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində təhsil almaları haqqında” Sazişin təsdiq edilməsi barədə” sənədlərlə bağlı məlumat verdi.
Komitə üzvləri iclasda təqdim olunan qanun layihələrini məqbul saydılar və Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə etdilər.
Milli Məclisin
Mətbuat xidməti