SƏHİYYƏ KOMİTƏSİNİN PAYIZ SESSİYASINDA İLK İCLASI KEÇİRİLDİ

Komitə iclasları
14 sentyabr 2017 | 06:09   
Paylaşın:        

Sentyabrın 14-də Milli Məclisin Səhiyyə komitəsinin  2017-ci ilin  payız  sessiyasında ilk iclası keçirildi. İclası açan komitə sədri Əhliman Əmiraslanov  əvvəlcə   yaz  sessiyası  dönəmində  görülən işlər  barədə  məlumat verdi.
Qeyd  olundu  ki, hesabat  dövründə  komitənin 7 iclası  keçirilib,  14  məsələnin müzakirəsi olub.  Bunlardan 13 qanun layihəsi  Milli Məclisin plenar iclasına təqdim  olunub, müzakirələrdən  sonra  sənədlər qəbul edilib.  Əhliman Əmiraslanov bu qanun layihələrinin çox önəmli sənədlər olduğunu  vurğuladı. Komitə sədri onu da bildirdi ki, hesabat dövründə komitənin ünvanına vətəndaşlardan 200-dən artıq ərizə və müraciət daxil olmuşdur. Komitə  üzvləri müraciətlərdə qeyd  olunan məsələlərin  həlli  üçün əllərindən  gələni əsirgəməmişlər.  Millət  vəkilləri  bölgələrdə  mütəmadi olaraq seçiciləri ilə görüşlər keçirmiş, onlara qayğı və problemlərinin həllində lazimi köməkliklər göstərmişlər. Komitənin 2017-ci ilin yaz sessiyası  dövründə  görülən  işlər  barədə  hesabat  məqbul  hesab  edildi.
Sonra  Əhliman Əmiraslanov 2017-ci ilin payız  sessiyanın  qanunvericilik işləri planı barədə  danışdı. Bildirildi ki, Azərbaycanda gözün buynuz qişasının ölkəyə gətirilməsi ilə bağlı problemlər var. Gözün buynuz qışası “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı”na daxil edilib. Gələcəkdə bu transplantlar ölkəmizdə ola bilər. Gözün buynuz qişasının bankını yaratmaq və göz qişasını meyitlərdən götürmək mümkün ola bilər.  Payız  sessiyası  dövründə  bu  məsələnin  həlli  üçün  müəyyən  işlər  görüləcəyi qeyd olundu. Komitə sədri həmçinin parlamentin payız sessiyası dövründə iki qanun layihəsinin - “Psixoloji yardım haqqında” və “Reproduktiv sağlamlıq haqqında” sənədlərin plenar iclasın gündəliyinə salınacağını diqqətə çatdırdı. Qeyd olundu ki, komitədə “Tibbi optika haqqında” qanun layihəsinin hazırlanması, bununla əlaqədar ictimai dinləmələr nəzərdə tutulur.
Millət vəkilləri Musa Quliyev, Rəşad Mahmudov, Qənirə Paşayeva, Kamilə Əliyeva, Məlahət İbrahimqızı, Sədaqət Vəliyeva, İlham Məmmədov, Rafiq Məmmədhəsənov payız sessiyasında komitənin  gündəliyinə  daxil  edilən  sənədlər  barədə  fikirlərini  bildirdilər. Qanunvericilik işləri  planı  yekdilliklə  təsdiqləndi.
İclasda “Sanitariya-epidemioloji salamatlıq  haqqında” qanuna dəyişikliklər  edilməsi barədə  sənədə  baxıldı. Qeyd edildi ki, qanuna təklif edilən əlavəyə əsasən, əhalinin sanitariya-epidemioloji sağlamlığının təmin edilməsi sahəsində elmi tədqiqatların qiymətləndirilməsini və əlaqələndirilməsini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat həyata keçirəcək. Əhalinin sanitariya-epidemioloji sağlamlığının təmin edilməsi sahəsində elmi tədqiqatlar “Elm haqqında” qanunla müəyyən edilən qaydada həyata keçiriləcək. Layihə Milli Məclisin plenar iclasına tövsiyə olundu.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU