İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
15 sentyabr 2017 | 07:09   
Paylaşın:        

Sentyabrın 15-də Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə payız sessiyasının başlaması münasibəti ilə deputatlara öz təbriklərini çatdırdı və fəaliyyətlərində uğurlar arzuladı.
Ziyad Səmədzadə qeyd etdi ki, ötən gün Azərbaycan tarixində mühüm hadisə baş verdi. Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilərək yenidən tərtib olunmuş Sazişin imzalanması mərasimi keçirilib. İmzalanmış kontrakt ölkəmiz üçün çox böyük əhəmiyyət kəsb edir. Kontrakta əsasən, adı çəkilən yataqların işlənilməsi 2050-ci ilə qədər uzadılır. Sazişdə Azərbaycan üçün daha əlverişli şərtlər nəzərdə tutulub. Bu, Azərbaycan xalqının həyatında yeni mərhələnin başlanması deməkdir. Kontrakt ölkəmizin iqtisadi qüdrətinin güclənməsi, maliyyə imkanlarının genişləndirilməsi baxımından çox əhəmiyyətlidir.
Neft kontraktının imzalanması ilə bağlı komitə üzvləri öz fikirlərini səsləndirdilər. Bildirildi ki, bu hadisə dövlət müstəqilliyimizə verilən töhfədir. Kontraktın imzalanmasında iştirak edən beynəlxalq təşkilatlar, dövlətlər, maliyyə qurumları onun yerinə yetirilməsi üçün Azərbaycanda sabitliyin qorunmasına çalışacaqlar.
Sonra  Ziyad Səmədzadə 2017-ci ilin yaz sessiyasında görülən işlər barədə hesabatı təqdim etdi.  Diqqətə çatdırıldı ki, komitə sessiya dövründə öz fəaliyyətini Qanunvericilik işləri planına uyğun şəkildə həyata keçirib.  Bu müddətdə 17 iclas keçirilib, 122 məsələyə baxılıb. Habelə vətəndaşların qəbulu, ərizə və müraciətləri ilə bağlı müntəzəm iş aparılıb.
Komitə sədri bildirdi ki, cari ilin payız sessiyasının işlər planında qanunvericilik bazasının təkmilləşdirilməsinə xidmət edəcək bir sıra sənədlərin müzakirəsi nəzərdə tutulub. O cümlədən, Rəqabət Məcəlləsinin  hazırlanması istiqamətində işlər davam edir. Qeyd edildi ki, Strateji Yol Xəritəsində də bu məcəllənin qəbulu vacib amil kimi göstərilir.
Sonra iclasın gündəliyinə daxil edilmiş məsələlərə baxıldı. Parlament Aparatının Dövlət quruculuğu üzrə qanunvericilik şöbəsinin əməkdaşı Səməd Sultanov “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin, “Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında ikiqat vergiyə cəlb etməyə yol verilməməsi, gəlir və əmlak vergilərinin ödənilməsindən yayınma hallarının qarşısının alınması haqqında” 16 sentyabr 1996-cı il tarixli Sazişə əlavə və dəyişikliklərin edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında” Protokolun, “GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən keçirilən mallar və nəqliyyat vasitələri haqqında gömrük prosedurlarının müəyyən nəticələrinin qarşılıqlı tanınması barədə GUAM üzvü olan dövlətlərin gömrük qurumları arasında” Protokolun, “Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin, “Azərbaycan Respublikasının Dövlət Mülki Aviasiya Administrasiyası ilə Dövlətlərarası Aviasiya Komitəsi arasında aviasiya hadisələrinin araşdırılması və qarşısının alınması sahəsində qarşılıqlı fəaliyyət haqqında” Sazişin, “Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına dair İqtisadi Əməkdaşlıq Təşkilatının məlumat bazasının yaradılması və fəaliyyəti barədə” Sazişin təsdiq edilməsi haqqında qanun layihələrinin mahiyyəti barədə məlumat verdi. Sənədlər iclas iştirakçıları tərəfindən müsbət qarşılandı.
Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri Məhəmməd Bazıqov gündəlikdəki digər məsələlərlə bağlı məruzə etdi. Qeyd olundu ki, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında”, “Rəsmi statistika haqqında”, “Yaşayış minimumu haqqında” qanunlara təklif olunan dəyişikliklər “Elm haqqında” 2016-cı il 14 iyun tarixli qanuna uyğunlaşdırmaq məqsədi daşıyır.
Diqqətə çatdırıldi ki, “Avtomobil nəqliyyatı haqqında” və “Nəqliyyat haqqında” qanunlara nəzərdə tutulan düzəlişlər “İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2016-cı il 14 oktyabr tarixli qanunun tətbiqi ilə əlaqədar hazırlanmışdır. Belə ki,  son illərdə avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində ənənəvi ödəniş üsulu ilə yanaşı yeni ödəmə alətləri də tətbiq olunur. Qeyd olunan dəyişikliklər yeni ödəmə alətləri ilə bağlı məsələlərin qanunvericilikdə əks etdirilməsi zərurəti ilə əlaqədardır.
Məruzəçi söylədi ki, “Büdcə sistemi haqqında” qanunda dəyişikliklər edilməsi barədə” 2016-cı il 14 oktyabr tarixli qanunun icrası məqsədi ilə “Hesablama Palatası haqqında” qanununa da müvafiq dəyişiklik ediləcək.  Qanunun qüvvədə olan mətni yalnız cinayət əlamətləri olan hüquqpozmalarla bağlı materialların aidiyyəti üzrə göndərilməsini nəzərdə tutursa, təklif olunan variant həm də inzibati xəta əlamətləri olan hüquqpozmaları da əhatə edir.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunda dəyişikliklərin edilməsi “Mühasibat uçotu haqqında” qanuna, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” və  “İpoteka haqqında” qanunlara  edilən dəyişikliklər isə “Dövlət rüsumu haqqında” qanundakı düzəlişlərlə bağlıdır və uyğunlaşdırma xarakteri daşıyır. Qeyd olundu ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna, eyni zamanda, Mülki Məcəlləyə edilən  dəyişikliklərin  tətbiqi ilə əlaqədar bir sıra zəruri düzəlişlər aparılacaq. Həmçinin, “İnvestisiya fondları haqqında” qanuna da bir sıra redaktə xarakterli dəyişiklər ediləcək.
İclasda Xəqani Sərxan oğlu Abdullayevin Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin üzvlüyündən azad edilməsi haqqında təklifə də baxıldı.
Komitə üzvləri müzakirəyə təqdim edilən məsələləri məqsədəmüvafiq hesab etdilər və Milli Məclisin plenar iclasına çıxarılmasını qərara aldılar.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU