MİLLİ MƏCLİSİN İCLASINDA
Mayın 22-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirildi. İclasda əvvəlcə cari məsələlərə baxıldı.
Deputatlar dünyada və regionda baş verən hadisələr, siyasi proseslər, eləcə də Azərbaycanda keçirilən “Eurovision“ mahnı müsabiqəsilə bağlı fikirlərini bölüşdülər. Bildirildi ki, indi bütün dünyanın diqqəti Azərbaycana yönəlmişdir. Azərbaycanın regionda və dünyada artan nüfuzundan təşvişə düşən qüvvələr çirkin vasitələrlə onun nüfuzuna zərbə vurmağa çalışırlar. Erməni lobbisinin təsiri altında olan qüvvələr ölkədə asayişi pozmağa cəhd göstərirlər. Amma onlar birdəfəlik bilməlidirlər ki, istədiklərinə nail ola bilməyəcəklər.
Milli Məclis sədrinin müavini Bahar Muradova bildirdi ki, Azərbaycanın uğurlu naliyyətləri fonunda hər hansı bir nöqsan axtarmağa yönəlmiş cəhdlərin davam etdiyi bir məqamda bəhanələrdən danışmaq sadəlövhlükdür. Bəhanə axtaran istənilən halda o bəhanəni tapacaq və bizim apardığımız siyasi kurs kimlərinsə bəhanəsini əlindən almağa yönəlməmişdir. Biz Azərbaycan dövlətini qurmaq, vətəndaşların sosial rifahını yaxşılaşdırmaq üçün çalışırıq. Eyni zamanda, qonşularımızla normal qonşuluq münasibətləri saxlamaq istəyirik. Bu, Azərbaycanın yeritdiyi siyasətin əsas istiqamətlərindən biridir və digər maraqlara uyğun olaraq dəyişilə bilməz. Biz beynəlxalq hüququn əsas prinsipləri üzrə münasibətlərimizi qururuq. Əgər bu gün İranın hakim dairələrinin Azərbaycan Respublikası deməyə dilləri gəlmirsə, bizi Bakı hökuməti adlandırırlarsa, biz onlara cavab verməliyik.
Deputatların qaldırdıqları məsələlərə münasibətini bildirən Milli Məclisin Sədri Oqtay Əsədov diqqətə çatdırdı ki, Azərbaycana qarşı aparılan bütün təbliğatların arxasında erməni lobbisi dayanır. Bütün bunları erməni lobbisi hazırlayır. İranda başlayan təbliğatdan əvvəl onların ssenarisi elə bil Ermənistanda yazılır. Bu hadisələrdən əvvəl həmin təbliğat materialları daha da əhatəli formada Ermənistanın elektron KİV-lərində yayılır. Müxalifətin fəaliyyətinə də toxunan Sədr bildirdi ki, “Eurovision” müsabiqəsi ərəfəsində müxalifətin belə hərəkətləri bir daha onların nə qədər zəif olduğunu göstərir.
Sonra iclas gündəlikdəki qanun layihələrinin müzakirəsi ilə davam etdi.
Əvvəlcə “Həbs yerlərində saxlanılan şəxslərin azadlıqlarının təmin edilməsi haqqında” qanun layihəsi üçüncü oxunuşda müzakirə olundu. Bildirildi ki, bu qanun Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada tutulmuş və ya həbs edilmiş şəxslərin həbs yerlərində hüquq və azadlıqlarının həyata keçirilməsi və təmin edilməsi ilə bağlı münasibətləri tənzimləyəcəkdir.
Müzakirələrdən sonra 4 fəsil və 50 maddədən ibarət olan qanun üçüncü oxunuşda qəbul olundu.
İclasda bir sıra beynəlxalq sazişlərə də münasibət bildirildi.
Parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında” və “Azərbaycan Respublikası ilə Xorvatiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergi tutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” sazişlər barədə məlumat verdi. Bildirildi ki, bu sənədlər ölkələrimiz arasında iqtisadi, ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərəcəkdir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə “Azərbaycan Hökuməti ilə Xorvatiya Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Saziş və “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Birinci Zirvə Toplantısının Bəyannaməsi”nin təsdiq edilməsi haqqında” qanun layihəsi barədə məlumat verdi. Komitə sədri qeyd etdi ki, hər iki sənəd Azərbaycanın regionda və dünyada artan nüfuzunun göstəricisidir. İkinci sənəd isə türkdilli ölkələr arasında əməkdaşlığın daha da genişlənməsinə təkan verəcəkdir. Beynəlxalq sənədlər təsdiq olunduqdan sonra iclasda bəzi qanunlara əlavələr və dəyişikliklər də edildi.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verdi ki, “Dövlət rüsumu haqqında” və “Məhkəmə və hüquq mühafizə orqanlarının işçilərinin dövlət müdafiəsi haqqında” qanunlara təklif olunan dəyişiklik redaktə xarakterlidir.
“Prokurorluq haqqında” Qanuna edilən dəyişiklikdə isə Azərbaycan Respublikası Hərbi Prokurorluğunun maddi-texniki təminatının Müdafiə Nazirliyindən alınaraq Baş Prokurorluğa verilməsi nəzərdə tutulmuşdur.
“Konstitusiya Məhkəməsi haqqında” Qanuna edilən dəyişiklikdə isə Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi ilə bağlı yuxarı yaş həddi 70 yaş müəyyən edilmişdir.
Hər 4 qanuna təklif olunan dəyişikliklər təsdiq edildikdən sonra iclasda “Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbəsinin adının dəyişdirilməsi haqqında” layihəyə baxıldı, Nətavan qəsəbə inzibati ərazi dairəsinin və onun tərkibində olan Nətavan qəsəbəsinin adının Natəvan adlandırılması barədə qanun qəbul olundu.
Bundan başqa, iclasda “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyələrin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” qanunlara, həmçinin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda da dəyişikliklər edilmişdir. Qeyd olundu ki, bu dəyişikliklər bələdiyyələrin daha da effektiv fəaliyyət göstərməsinə kömək edəcəkdir.
İclasda “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanun layihəsi ikinci və üçüncü oxunuşda müzakirə olundu.
Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov bildirdi ki, bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəninin 13-cü bəndinə uyğun olaraq əqli mülkiyyət hüquqlarının müdafiəsini təmin edəcək, əqli mülkiyyət hüquqları sahiblərinin maraqlarının qorunması və bu sahədə hüquqpozmaların, o cümlədən müvafiq əqli mülkiyyət obyektlərinin nüsxələrinin qeyri-qanuni istehsalının və yayılmasının qarşısını alacaqdır. Qanun layihəsində əsas anlayışlarla yanaşı, əqli mülkiyyət hüquqlarının mülki hüquqi müdafiəsini təmin edən prosedurlar, sübutlar, informasiya hüququ, bu qanunun tətbiq sahəsi, müəlliflik hüququ, əlaqəli hüquqlar və başqa müddəalar əksini tapmışdır.
Müzakirələr zamanı qeyd olundu ki, layihə üçüncü oxunuşun da tələblərinə cavab verir.
Sonda 4 fəsil, 17 maddədən ibarət olan qanun layihəsi ikinci və üçüncü oxunuşlarda səsə qoyularaq qəbul edildi.
Bununla da Milli Məclisin iclası başa çatdı.
Milli Məclisin
Mətbuat xidməti