HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
20 sentyabr 2017 | 06:09   
Paylaşın:        

Sentyabrın 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitə sədri Əli Hüseynli 2017-ci ilin payız sessiyasının başlaması münasibəti ilə deputatları təbrik etdi və gələcək işlərində uğurlar arzuladı.
O, qeyd etdi ki, cari ilin yaz və növbədənkənar sessiyaları ərzində  komitənin 24 iclası keçirilib, 112 məsələyə baxılıb. Vətəndaşlardan daxil olan məktub və ərizələrlə bağlı aidiyyəti qurumlara müraciətlər edilib. Bildirildi ki, payız sessiyasında bir sıra qanunlara düzəlişlərlə əlaqədar məsələlər müzakirəyə çıxarılacaq. O cümlədən, ölkə Prezidenti tərəfindən təqdim edilən Cinayət Məcəlləsinə çox əhəmiyyətli dəyişiklik nəzərdə tutulub.
Sonra komitə sədri gündəlikdəki məsələlər barədə məlumat verdi. Diqqətə çatdırıldı ki, “Polis haqqında” qanunun bəzi maddələrinə dəyişikliklər edilir.
“Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)”  Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə”nin və “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsviri”nin  təsdiq edilməsinə dair yeni maddələr əlavə edilir. Əsasnaməyə görə, bu yubiley medalı ilə daxili işlər orqanlarında vəzifələrini nümunəvi yerinə yetirən, xidmətdə yüksək nəticələr əldə edən daxili işlər orqanlarının əməkdaşları, veteranlar, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin olunmasında fəal iştirak edən və polis orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər, habelə beynəlxalq tərəfdaşlar təltif edilirlər.
“Məhkəmələr və hakimlər haqqında” qanunda bir sıra dəyişikliklər edilir. Bu dəyişikliklər ölkə Prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli sərəncamına əsasən hazırlanmışdır. 
“Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna “Diametri 0,5 mm-dən az olan sintetik təkqat saplardan toxunmuş və dəliklərin konstruktiv ölçüləri 120 mm-dən kiçik ilgəkli balıqtutan torlar” və “Keçirici naqillərlə birləşdirilmiş elektrik siqnal generatoru və akkumulyatordan ibarət, balıq və digər su bioresurslarını elektrik cərəyanı vasitəsilə ovlamaq üçün istifadə edilən balıqtutan cihazlar” adlı yeni 19-cu və 20-ci bəndlər əlavə edilir. Dəyişikliklər qanunsuz balıq ovu ilə mübarizəni gücləndirmək məqsədi ilə təklif olunur və bu sahədə beynəlxalq təcrübə, müxtəlif ölkələrdə tətbiq edilən standartlar əsas götürülüb.
İnzibati Xətalar Məcəlləsinin 213-cü və 428-ci maddələrinə “Reklam haqqında” 2015-ci il 15 may tarixli qanunun müvafiq maddələrinin tələblərinin pozulmasına görə inzibati məsuliyyət yaratmaq məqsədilə bir sıra düzəlişlər təklif edilir. Dəyişikliklər körpələr və erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının təbliği ilə bağlıdır. İnzibati Xətalar Məcəlləsinə  qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə bir sıra digər zəruri dəyişikliklər də nəzərdə tutulub.
“Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanununa “valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər” məzmununda 4.0.12-ci müddəa əlavə olunur. Bununla bağlı qanunun 6.1.1-ci maddəsinə müvafiq düzəliş edilir. 
İclasda Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 2017-ci il iyunun 13-də qəbul edilmiş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” qanuna Azərbaycan Respublikası  Prezidentinin etirazı haqqında məsələyə baxıldı.     Qeyd olunan sənədin məqsədəuyğun olmaması barədə dövlət başçısının təklifinin qəbul edilməsi qərara alındı.
Komitə üzvləri Azay Quliyev, Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Rafael Cəbrayılov, Tahir Kərimli öz çıxışlarında qanun layihələrinin əhəmiyyəti barədə fikirlərini açıqladılar. Müzakirələr zamanı  payız sessiyasının işlər planına bir sıra təkliflər səsləndirildi.
İclasın sonunda gündəliyə daxil edilən qanun layihələri Milli Məclisin plenar sessiyasına tövsiyə olundu.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU