AİLƏ, QADIN VƏ UŞAQ MƏSƏLƏLƏRİ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
21 sentyabr 2017 | 06:09   
Paylaşın:        

Sentyabrın 21-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2017-ci ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Aqiyə Naxçıvanlı sessiyanın başlaması münasibəti ilə millət vəkillərini təbrik etdi və səmərəli fəaliyyət arzuladı.
Sonra komitə sədri gündəlikdəki məsələlər barədə məlumat verdi. Əvvəlcə, 2017-ci ilin yaz və növbədənkənar sessiyalarında görülən işlər barədə söhbət açıldı. Bildirildi ki, ötən müddət ərzində komitənin 4 iclası keçirilib, 3 məsələyə baxılıb. “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında”, “Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında” qanun layihələri, “Uşaq hüquqları haqqında”  qanuna dəyişiklik edilməsi barədə sənəd müzakirə olunub.
Bundan başqa, komitənin təşkilatçılığı ilə Milli Məclisdə “Ailə institutunun formalaşmasında adət-ənənələrimiz” silsiləsindən “Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” adlı  geniş tədbir keçirilib. Həmçinin, komitə üzvləri Buxarestdə “Qadınlara və qızlara qarşı zorakılığa son qoyulması naminə qanunları işləmək” mövzusuna həsr olunmuş Mərkəzi və Şərqi Avropa Regional Konfransında iştirak ediblər.
Bu dövrdə komitənin ünvanına vətəndaşlardan daxil olmuş 125 məktub, ərizə və şikayətlə əlaqədar aidiyyəti qurumlara müraciət olunub, orada qeyd edilən məsələlərin həlli istiqamətində lazımi tədbirlər görülüb.
Diqqətə çatdırıldı ki, 2017-ci ilin payız sessiyasının iş planında  “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında” qanun layihəsinin müzakirəsi, bir sıra qanunlara dəyişikliklər və əlavələrin edilməsi, ailə modelinin təkmilləşdirilməsinə həsr olunmuş tədbirlərin təşkili və digər məsələlər nəzərdə tutulub.
Komitə sədri bildirdi ki, gündəlikdəki növbəti məsələ İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlıdır. Dəyişikliklər “Reklam haqqında” 15 may 2015-ci il tarixli qanunun müvafiq maddələrinin tələblərinin pozulmasına görə inzibati məsuliyyəti yaratmaq məqsədi ilə  təklif edilir. Dəyişikliklərə əsasən, Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri müvafiq hüquq pozuntularına yol verdikdə xeyli miqdarda cərimələnməklə inzibati məsuliyyətə cəlb olunacaqlar.
Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin əməkdaşı Eldar Əsgərov İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan dəyişikliklərin mahiyyəti barədə iclas iştirakçılarına ətraflı məlumat verdi.
Komitə üzvləri Sədaqət Vəliyeva, Tahir Rzayev, Ağacan Abıyev, Dilarə Cəbrayılova təqdim olunan məsələlərə münasibət bildirdilər. Millət vəkilləri cari ilin yaz və növbədənkənar sessiyalarının hesabatını  məqbul  hesab etdilər, payız sessiyasının iş planını təsdiqlədilər. İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər parlamentin plenar iclasına tövsiyə olundu.
İclasda, həmçinin, ailədaxili münasibətlərin tənzimlənməsi, nikah müqavilələrinin tətbiqi, uşaqların hüquqlarının müdafiəsi, onların sağlamlığının və fiziki inkişafının yaxşılaşdırılması, məktəblilərin asudə vaxtının səmərəli təşkili, qızların təhsildən yayınması hallarının qarşısının alınması məsələləri ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU