MİLLİ MƏCLİSDƏ AVRONEST PARLAMENT ASSAMBLEYASI ÇƏRÇİVƏSİNDƏ KONFRANS KEÇİRİLDİ

Tədbirlər
22 sentyabr 2017 | 07:09   
Paylaşın:        

Sentyabrın 22-də Milli Məclisdə Avronest Parlament  Assambleyası çərçivəsində “Dayanıqlı İnkişaf Məqsədləri üzrə qadınların sağlamlığı və gender bərabərliyinin təşviqində Şərq tərəfdaşlığı ölkələri parlamentlərinin cəlb edilməsi” mövzusunda konfrans keçirildi. Tədbir Milli Məclis, Avronest PA-nın Sosial Məsələlər, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti üzrə komitəsi, BMT-nin Bakı Ofisi, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun birgə təşkilatçılığı ilə baş tutdu.
Konfransda Avropa Parlamentinin və Avronest PA-ya üzv ölkələrinin deputatları, BMT-nin nümayəndələri, Əhali və İnkişaf üzrə Avropanın Parlament Forumunun Parlamentlərarası İttifaqının təmsilçiləri və beynəlxalq ekspertlər iştirak edirdilər.
İclası giriş sözü ilə açan Milli Məclisin Gənclər  və idman komitəsinin sədri,  Avronest PA-da nümayəndə heyətinin rəhbəri Fuad Muradov bildirdi ki, Azərbaycan gender bərabərliyi və qadınların sağlamlığı sahəsində bir sıra uğurlar əldə edib. Qeyd  edildi ki, Ermənistan 25 ildir ki, Azərbaycan torpaqlarını işğal altında saxlayır. Məhz bu amil Azərbaycanın dayanıqlı inkişaf məqsədləri üzrə gender bərabərliyinin və qadın sağlamlığının qorunması sahəsində uğur əldə etməyinə mane olan əsas səbəblərdən biridir. Bu işğal nəticəsində 1 milyondan çox insanımız qaçqın və məcburi köçkün vəziyyətindədir. Onların 52 faizini qadın, 25 faizini isə 5 yaşına qədər uşaqlar təşkil edir.
Konfransda  iştirak  edən Milli Məclis Sədrinin müavini Bahar Muradova parlament rəhbərliyi adından  tədbir  iştirakçılarını salamladı. Vitse-spiker  qeyd  etdi ki, Azərbaycan beynəlxalq tərəfdaşlığa böyük önəm verir. Ölkəmiz çox məsuliyyətli tərəfdaş olduğunu bütün sahələrdə sübut etmişdir. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin əməkdaşlığı dünyada sülh şəraitinin yaradılması, iqtisadi əlaqələrin genişləndirilməsi, təhlükələrə qarşı vahid mövqenin formalaşdırılması, lazımi qərarların əldə edilməsində mühüm əhəmiyyətə malikdir. Əməkdaşlıq etdiyimiz qurumlar arasında Avropa təşkilatlarına xüsusi önəm verilir. Bu  sahədə  qarşılıqlı təcrübənin əhəmiyyətini vurğulayan  Bahar Muradova dedi ki,  təcrübələrin bölüşdürülməsi, problemlərin araşdırılması, həll yollarının tapılması üçün konfrans xüsusi əhəmiyyətə malikdir. Burada gender bərabərliyi ən mühüm amillərdən biridir. Bildirildi ki, Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsinə dair dövlət başçısı tərəfindən mühüm addımlar atılıb. Ölkədə qadın sahibkarlığı, gender bərabərliyi məsələsi ilə bağlı sıx-sıx tədbirlər həyata keçirilir. Bununla bağlı mühüm qanunvericilik bazamız var. 
Tədbirdə xarici işlər nazirinin müavini Xələf Xələfov, Ailə, Qadın  və Uşaq  problemləri  üzrə  Dövlət Komitəsinin sədri  Hicran Hüseynova, deputat, Avronest PA-nın Sosial məsələlər, Təhsil,  Mədəniyyət  və  Vətəndaş  Cəmiyyətləri  komitəsinin  həmsədri, tədbirin moderatoru  Məlahət İbrahimqızı çıxışlarında Azərbaycanın Avropa İttifaqı ilə  etibarlı tərəfdaşlığından, ümumi maraqlara söykənən qarşılıqlı münasibətlərdən söhbət  açdılar. Qeyd olundu ki, Ermənistan qurumun Şərq Tərəfdaşlığı Proqramının üzvü olmasına baxmayaraq torpaqlarımızın 5-də birini işğal altında saxlayır, abidələrimizi, məscidlərimizi talan edir. İşğal edilmiş ərazilərimizdə məskunlaşma siyasəti aparır, demoqrafik vəziyyətin dəyişməsinə çalışır. Xarici ölkələr bu siyasətə uymamalıdırlar.
Sonra tədbirdə Avropa İttifaqının Azərbaycandakı  nümayəndəliyinin rəhbəri Kestitus Yankauskas, Avropa  Parlamentinin  Cənubi Qafqaz  üzrə  nümayəndə  heyətinin sədri Sacad Kərim, BMT-nin Azərbaycandakı  rezident  direktoru Qulam İshaqzai, Bosniya-Herseqovina parlamentinin deputatı, Əhali və inkişaf  üzrə Avropa  Parlament  Forumunun  vitse-prezidenti  Nermina  Kapitanoviç, Parlamentlərarası  İttifaqın  təmsilçisi Laşlo  Borbeli və  başqaları   çıxış  edərək ölkəmizin milli qanunvericiliyində bütün növ bərabərliyin təmin edilməsini məmnunluqla vurğuladılar. Azərbaycanın “Ayrı-seçkilikləri aradan qaldırılması” Konvensiyasına qoşulmasını  yüksək  dəyərləndirdilər. Bildirildi ki, qadınlara qarşı zorakılığın aradan qaldırılması və iş yerlərində gender bərabərsizliyinin aradan qaldırılması üçün qarşıda  böyük  vəzifələr  durur. Qadınlar təhsildə, iqtisadi qərarların verilməsində aktiv iştirak etməlidirlər.
Fasilədən  sonra  tədbir sessiyalar  üzrə  davam  etdirildi.  “Şərq  tərəfdaşlığı ölkələrində qadın  sağlamlığı və gender  bərabərliyi siyasətlərinin tətbiqində əldə  edilən  uğur  və çətinliklər” mövzusunda  birinci  sessiyanı Avropa  Parlamentinin üzvü  Haidi  Hautala  təqdim etdi. Sonra “Parlamentlərin BMT-nin  Dayanıqlı  İnkişaf Məqsədləri üzrə  gender  bərabərliyi və qadın  sağlamlığına  nail olunmasında məsuliyyət, təcrübə və  fəaliyyətlər”  mövzusunda  sessiyada  çıxışçılar  qadın  hüquqlarının  və  sağlamlığının  yaxşılaşdırılmasına  yönəlik  layihələrdən danışdılar. Sessiyanın sonunda  bu  sahədə  dünya  ölkələri  təcrübəsinə  həsr  olunmuş slayd-şou  nümayiş  etdirildi.
BMT-nin Dayanıqlı inkişaf  məqsədləri üçün  parlamentarilərin  fəaliyyətini gücləndirmək  perspektivləri mövzusunda  sessiyada  çıxışçılar qadın  sağlamlığı  və gender bərabərliyi  problemlərinin həlli    yollarını müəyyən etməklə əlaqədar təəssüratlarını  bölüşdürdülər. 
Tədbir  çərçivəsində  keçirilən sessiyaların gedişində  Milli Məclisin  komitə  sədrləri  Hadi  Rəcəbli, Ziyad  Səmədzadə, Aqiyə  Naxçıvanlı çıxış edərək  gender  bərabərliyinin  təmin  edilməsində  dövlət  büdcəsinin rolu,  dövlət və özəl sektorların əməkdaşlığı, ailələr arasında bu sahədə maarifləndirmənin  gücləndirilməsi məsələlərindən söhbət  açdılar.  Bildirildi ki,  Azərbaycan  müstəqillik qazandıqdan  sonra  parlamentdə qadın  hüquqları  ilə bağlı 72  qanun qəbul  edilmişdir ki, bunlardan ikisi  dünyada  model  qanun  olaraq  qəbul  edilir. 
Tədbirin sonunda moderator  Məlahət  İbrahimqızı  yekun çıxışı  söylədi. O, qadınlara  qarşı  hər  cür ayrı-seçkiliyin və şiddətin aradan  qaldırılmasında, qadın hüquqlarına dair  siyasətlərin  təkmilləşdirilməsində bu  konfransın    əhəmiyyətli olacağına  inamını ifadə etdi.

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU