GƏNCLƏR VƏ İDMAN KOMİTƏSİNDƏ
Sentyabrın 25-də Milli Məclisin Gənclər və idman komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirildi. Komitə sədri Fuad Muradov yeni sessiyanın başlaması münasibəti ilə deputatları təbrik etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Diqqətə çatdırıldı ki, gündəliyə 2017-ci ilin yaz və növbədənkənar sessiyalarında görülən işlər və payız sessiyasının işlər planı barədə məsələlər daxil edilib.
Bildirdi ki, ötən müddətdə komitənin 3 iclası keçirilib, 6 məsələyə baxılıb. O cümlədən, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Bədən tərbiyəsi və idman haqqında”, “Gənclər siyasəti haqqında” qanunlarda dəyişikliklərin edilməsi ilə bağlı müzakirələr aparılıb. Komitə sədrinin sessiya ərzində keçirdiyi görüşlər, müxtəlif beynəlxalq tədbirlərdə iştirakı barədə ətraflı məlumat verildi.
Fuad Muradov söylədi ki, hesabat dövründə komitəyə, ümumilikdə 242 məktub daxil olub. Onlardan 173-ü vətəndaşlardan, 69-u isə müxtəlif qurumlardan. O, cari ilin yanvar-avqust ayları ərzində qəbul edilən vətəndaş müraciətləri haqqında məlumat verdi. Qeyd edildi ki, müraciətlərin 98 faizi məktub, 2 faizi isə elektron formada daxil olub. Bu müraciətlər əhalinin sosial müdafiəsi, əmək mübahisələri, özəlləşdirmə, elm, mədəniyyət, təhsil, idman, səhiyyə, ekologiya, hərbi xidmət və bir sıra digər sahələr üzrə məsələləri əhatə edir. Nəzərə çatdırıldı ki, müraciətlərdə göstərilən məsələlərin çoxu öz müsbət həllini tapıb, bəziləri baxılmaq üçün aidiyyəti qurumlara göndərilib, bir sıra məsələlərlə bağlı vətəndaşlara müvafiq izahatlar verilib. Bu müddətdə komitə sədri tərəfindən 108 vətəndaş qəbul edilib.
Bildirildi ki, cari ilin payız sessiyasında bədən tərbiyəsi və idman fəaliyyətində yetkinlik yaşına çatmayanların mühafizəsi ilə bağlı, habelə Səhiyyə komitəsi ilə birlikdə “Reproduktiv sağlamlıq haqqında” yeni qanun layihələrinin hazırlanması nəzərdə tutulub. Bu müddətdə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması ilə əlaqədar gənclər sektorunda maarifləndirmə tədbirlərinin davamı, habelə, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramına uyğun olaraq normativ hüquqi aktların gənclərlə bağlı müddəalarının təhlili və onların təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması planlaşdırılır.
İclasda çıxış edən deputatlar Rövşən Rzayev, Şahin İsmayılov, Ülvi Quliyev, Rauf Əliyev, Kamran Nəbizadə, Sevinc Hüseynova cari ilin yaz və növbədənkənar sessiyalarının hesabatını və payız sessiyasının iş planını müsbət qiymətləndirdilər.
Milli Məclisin
Mətbuat xidməti