MİLLİ MƏCLİSDƏ UŞAQ HÜQUQLARINA DAİR DƏYİRMİ MASA KEÇİRİLDİ
Mayın 23-də Milli Məclisdə BMT-nin Uşaq Hüquqları Komitəsinin Azərbaycan dövlətinə ünvanladığı yekun müşahidələrinə həsr olunmuş dəyirmi masa keçirildi.
Parlamentin, BMT-nin Uşaq Fondu və Azərbaycan Hüquqşünaslar Konfederasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə uşaq hüquqlarının müdafiəsi istiqamətində görülən işlər və bundan sonra atılacaq addımlara dair geniş fikir mübadiləsi aparıldı.
Milli Məclisin Sədr müavini Bahar Muradova çıxışında dedi ki, ölkəmiz BMT-nin Uşaq Hüquqları Konvensiyasına və fakültətiv protokallarına qoşulduqdan sonra bu sənədlərdən irəli gələn məsələlərin yerinə yetirilməsi istiqamətində xeyli iş görülüb. Qurumun Uşaq Hüquqları Komitəsinin bu ilin əvvəlində keçirilən sessiyasında Azərbaycan dövlətinin görülən işlərlə bağlı hazırladığı növbəti hesabatın müzakirəsi zamanı müsbət nəticələr qeyd olunmaqla yanaşı, tövsiyyə və müşahidələr də hazırlanıb. Həmin müşahidələrə dair müxtəlif görüşlər keçirilib, araşdırmalar aparılıb.
BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Herevard Azərbaycan dövlətinin uşaq hüuqlarının müdafiəsi, qəbul olunmuş sənədlərin icrası məsələsinə göstərdiyi diqqəti yüksək qiymətləndirdi və qarşıda duran vəzifələrdən danışdı.
Tədbirdə iştirak edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova cəmiyyətin həssas təbəqəsi olan uşaqların hərtərəfli inkişafı üçün reallaşdırılan dövlət proqramlarından bəhs etdi. Azərbaycanda güclü uşaq siyasəti formalaşdığını deyən komitə sədri son zamanlar Ailə Məcəlləsinə və daha bir neçə qanunverciliyə edilən dəyişiklərin mühüm əhəmiyyətini vurğuladı.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, Yuvenal Ədliyyə məsələsi aktual olaraq qalır. Bu sahədə komitədə hazırlanan yeni layihə ilə bağlı işlər yekunlaşmaq üzrədir və artıq sənəd parlamentə təqdim olunmaq mərhələsinə çatıb.
Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə bildirdi ki, “Sağlamlığın qorunması haqqında” qanuna iki yeni əlavə hazırlanır. Bunlardan biri 3 yaşınadək olan uşaqların sağlamlığının müdafiəsinin gücləndirilməsini, digəri isə ərzağın zənginləşdirilməsini əhatələyir. Ailə Məcəlləsinə isə nigaha girənlərin tibbi arayış təqdim etmələrinə dair yeni əlavə təklif olunub.
İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ölkədə insan hüquqlarının etibarlı təminatından danışaraq ölkəmizdə əlil uşaqların hüquqlarının qorunması sahəsində görülən işlərin bütün dünya üçün model olduğunu dedi. 10-dan artıq yeni qanunun qəbulu, ümumilikdə isə 72 qanun və 11 məcəllədə uşaq hüquqlarının əks olunması, 30-dan artıq Dövlət Proqramının uğurlu icrası dövlətin bu sahəyə göstərdiyi diqqətin bariz nümunəsidir.
Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev dövlətin uşaqların təhsil hüququna gösətərdiyi diqqət və qayğıdan danışaraq dedi ki, təhsil dövlət büdcəsindən ən çox vəsait ayrılan ikinci sahədir. Əlavə etdi ki, Milli Məclisdə təhsil sahəsinə dair bir neçə yeni qanun layihəsi hazırlanır.
Tədbirin sonunda bu sahə ilə əlaqədar müzakirələr aparıldı.
Milli Məclisin
Mətbuat xidməti