İNSAN HÜQUQLARI KOMİTƏSİNİN İCLASI KEÇİRİLDİ

Komitə iclasları
27 sentyabr 2017 | 06:09   
Paylaşın:        
Sentyabrın 27-də Milli Məclisin İnsan hüquqları komitəsinin iclası keçirildi.
Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri Bahar Muradova bildirdi ki, gündəliyə 2017-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə hesabat və  Komitənin 2017-ci il payız sessiyası üçün iş planının layihəsi haqqında məsələlər daxildir.
Milli Məclisin 2017-ci il yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə danışan Bahar Muradova bildirdi ki, komitəyə daxil olan müraciətlər, vətəndaşların qəbulu, komitədə baxılan qanun layihələri ilə bağlı təhlil aparılıb. Komitəyə daxil olan qanun layihələri müzakirə edilib və həmin layihələr plenar sessiyaya tövsiyə olunub.
2017-ci ilin yaz və növbədənkənar sessiyaları dövründə komitənin 10 iclası keçirilib və həmin iclaslarda 11 məsələ müzakirə edilib. Bu məsələlərdən yeddisi qanun layihəsi, biri isə ombudsmanın illik məruzəsi olub. Bunlar “İnformasiya əldə etmək haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Siyasi partiyalar haqqında”, “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanunlara dəyişikliklər və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında” və “Məişət zorakılığının qarşısının alınması haqqında” qanun layihələridir. Komitə bu müddət ərzində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin əsgəri Çingiz Qurbanovun nəşinin verilməməsi ilə bağlı  bəyanat qəbul edib.
Ötən müddətdə komitəyə 827 sənəd daxil olub, komitə rəhbərliyi tərəfindən isə 168 vətəndaş fərdi şəkildə qəbul edilib. Aidiyyəti təşkilatlara göndərilən 181 müraciətdən 175-nə, yəni 97 faizinə cavab alınıb.
Bundan başqa komitə üzvləri İslam həmrəyliyinə, soyqırım cinayətlərinə, media-parlament əlaqələrinə, uşaq hüquqlarına, gənclərin problemlərinə, gender məsələlərinə həsr olunmuş bir sıra tədbirlərdə iştirak etmiş, cəbhənin təmas xəttində keçirilmiş tədbirlərə qatılmışlar. Bu tədbirlərin bir çoxu Milli Məclisin təşkilatçılığı ilə keçirilmişdir. Komitə üzvləri Füzuli rayonunun Alxanlı kəndində ermənilər tərəfindən 2 yaşlı Zəhranın və onun nənəsinin qətlə yetirildiyi hadisə yerində olmuş, ATƏT-in yay sessiyasında bu hadisə qurum üzvlərinin diqqətinə çatdırılmışdır.  
Sonra iclasda komitənin 2017-ci il payız sessiyası üçün iş planının layihəsi müzakirə edildi. Bildirildi ki, bu sessiyada komitənin iş planı səkkiz istiqamətdə həyata keçiriləcək. Bunlar Azərbaycan Respublikası Qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihələri, insan hüquqları sahəsində maarifləndirmə tədbirlərinin keçirilməsi, soyqırımı, təcavüz, etnik təmizləmə və digər beynəlxalq cinayətlərin cəzalandırılmasına nail olunması istiqamətində tədbirlərin təşkili, müvafiq təşkilatlarla bağlanmış anlaşma memorandumlarından irəli gələn məsələlərlə bağlı tədbirlərin keçirilməsi və digər məsələlərdir.
Çıxış edən komitə üzvləri Hikmət Məmmədov, Fazil Mustafa, Əflatun Amaşov, Tahir Kərimli, Flora Qasımova, Elman Nəsirov və Yevda Abramov 2017-ci ilin yaz və növbədənkənar sessiyaları ərzində komitədə görülən işlər barədə hesabatı yüksək qiymətləndirdilər, payız sessiyasının iş planı barədə fikirlərini bölüşdülər. 
Bununla da İnsan hüquqları komitəsinin iclası başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU