MİLLİ MƏCLİSDƏ İCTİMAİ MÜZAKİRƏLƏR KEÇİRİLDİ

Tədbirlər
29 sentyabr 2017 | 07:09   
Paylaşın:        
“Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli Sərəncamına əsasən sentyabrın 29-da Milli Məclisdə Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının birgə təşkilatçılığı ilə ictimai müzakirəyə çıxarıldı.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, təklif olunan dəyişikliklər ölkəmizdə gedən islahatların davamıdır. Azərbaycan Prezidentinin imzaladığı müvafiq sərəncamdan sonra ölkəmizdə həbs qətimkan tədbirlərinin tətbiqi bu il 30 faiz aşağı düşüb. Bu, digər cəza növləri ilə əvəzlənib. Cənab Prezidentin təqdimatı əsasında qanunvericiliyə ediləcək müvafiq dəyişikliklərdən sonra bu göstərici daha da aşağı düşəcək.
Çıxış edən Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərin əhəmiyyətindən danışdı. Bildirdi ki, ötən illər ərzində Cinayət Məcəlləsinə bir sıra dəyişikliklər olunub. Prezident İlham Əliyev dəfələrlə əfv fərmanları verib, Milli Məclis Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə amnistiya aktları qəbul edib. Bütün bunlar ona dəlalət edir ki, biz bir tərəfdən cinayətkarlığa qarşı sərt mübarizə aparmış, digər tərəfdən isə qanunların insanlara ədalətli şəkildə tətbiq edilməsinə çalışmışıq.
Təbii ki, cinayətkarlığa qarşı kəskin mübarizə aparılmalıdır və buna heç kəsin şübhəsi olmamalıdır. Ancaq bununla belə, yaranmış müəyyən şəraitdə qanunu pozmuş şəxslərə humanist münasibət göstərmək lazımdır. Dövlətimizin başçısının həmin Sərəncamında, eyni zamanda, penitensiar sistemin təkmilləşdirilməsinə dair təkliflər də yer alıb. 
Keçmiş SSRİ respublikalarında elə bir praktika yoxdur ki, dövlət başçısı azadlıqdan məhrumetmə ilə bağlı öz narahatlığını bildirsin. Narahatlıq da odur ki, həbs qətimkan, azadlıqdan məhrumetmə tədbirləri çox tətbiq edilir. Prezident bunu qeyri-normal hesab edir. Biz də hüquq ictimaiyyəti olaraq, bununla şərikik. 
Prezident İlham Əliyev imzaladığı bu Sərəncamla cinayət qanunvericiliyinin humanistləşdirilməsi istiqamətində mühüm addım atıb. 
Səfa Mirzəyev diqqətə çatdırdı ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər əsasən dörd istiqamətdədir. Bu istiqamətlərə cinayətin dekriminallaşdırılması və bunun nəticəsində daha geniş alternativ cəzaların tətbiqi daxildir. Layihədə mövcud alternativ cəza növlərinin daha geniş tətbiqi, yeni alternativ cəza növlərinin Cinayət Məcəlləsinə gətirilməsi nəzərdə tutulur. Layihədə, eyni zamanda qeyd edilir ki, cinayət iqtisadi, maliyyə, təsərrüfat fəaliyyəti ilə bağlıdırsa, cinayətin ictimai təhlükəsi onun vurulmuş ziyanı ilə müəyyən edilərsə, həmin hallarda vurulmuş ziyan tam ödənilirsə, onda şəxs ya tamamilə cinayət məsuliyyətindən azad olunacaq, yaxud da yüngül cəza növləri tətbiq olunacaq. Cəza tətbiq olunarkən cəzadan vaxtından əvvəl şərti azad olunmanın genişləndirilməsi, azadlıqdan məhrum etmə cəzasının alternativ cəzalarla əvəz edilməsi vacib məqamlardandır. Bütün bunlar onu göstərir ki, ölkə başçısı sadə insana, bu ölkədə fəaliyyət göstərən, onun iqtisadiyyatının inkişafı üçün zəhmət çəkən insanlara çox böyük diqqətlə yanaşır.
Sonra çıxış edən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev qanun yaradıcıları ilə vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gəlməsini yüksək qiymətləndirdi. Bildirdi ki, ölkə Prezidentinin bu təşəbbüsü inqilabi təşəbbüsdür və Azərbaycanda hüquqi islahatların davamı kimi qiymətləndirilməlidir.   
Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər barədə danışan Prezident Administrasiyası Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin sektor müdiri Vüsal İsayev bildirdi ki,  “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə əsasən, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişikliyin edilməsi nəzərdə tutulub. Layihə humanistləşdirməni, liberallaşdırmanı, azadlıqdan məhrumedilmə sanksiyalarının azaldılmasını özündə ehtiva edir. Bütövlükdə 36 cinayətə görə azadlıqdan məhrum etmə cəzasının hədləri aşağı salınıb. Nəticədə 18 cinayət az ağır cinayətlər kateqoriyasından böyük təhlükə törətməyən kateqoriyaya keçirilib. Eyni zamanda, 4 cinayət ağır kateqoriyadan, az ağır kateqoriyaya keçirilib. 13 sanksiyada azadlıqdan məhrumetmə cəzasının hədləri dəyişdirilib.
Bir sıra əməllərin dekriminallaşdırılması o demək deyil ki, həmin şəxslər cəzasız, məsuliyyətdən kənar qoyulacaq. Belə şəxslərin əməlləri İnzibati Xətalar Məcəlləsinə daxil olduğu üçün onlar inzibati məsuliyyətə cəlb olunacaqlar.
Sonra çıxış edən Ali Məhkəmənin Cinayət Kollegiyasının sədri Şahin Yusifov bildirdi ki, qüvvədə olan cinayət qanunvericiliyində bir sıra çatışmazlıqlar mövcud idi, müzakirəyə çıxarılmış bu qanun layihəsində bütün bunlar aradan qaldırılıb. Buna misal olaraq demək olar ki, müvafiq maddələrdə azadlıqdan məhrumetmə ilə yanaşı, yüksək məbləğlərdə cərimə cəzasının  tətbiqi də nəzərdə tutulub. Ancaq dəyişikliklərdən əvvəl müəyyən cəzaların icrası mümkünsüz olurdu, belə olan halda məhkəmələr əsasən azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verirdilər.
Kollegiya sədri bildirdi ki, dəyişikliklər hazırlanarkən, ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyası, onun tələbləri, digər ölkələrin qanunvericilik və məhkəmə təcrübəsi, Avropa Məhkəməsinin presedent hüququ, Konvensiyaların tələbləri nəzərə alınıb.
Müzakirələr zamanı çıxış edən deputatlar Qüdrət Həsənquliyev, Çingiz Qənizadə, Rəfael Cəbrayılov, Tahir Kərimli, Fazil Mustafa, Konstitusiya Məhkəməsinin və nazirliklərin nümayəndələri, vətəndaş cəmiyyətinin və QHT-lərin təmsilçiləri Cinayət Məcəlləsinə təklif olunan dəyişiklikləri yüksək qiymətləndirdilər, öz qeyd və təkliflərini bildirdilər.
İctimai müzakirələrə yekun vuran Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, ictimai müzakirələr çox faydalı oldu, dəyərli təkliflər səsləndi. Komitə sədri diqqətə çatdırdı ki, müzakirələr açıq olaraq qalır. Bu müddət ərzində müzakirələrə qatılmaq və təkliflər vermək olar.
 Bununla da tədbir başa çatdı.

Milli Məclisin
Mətbuat xidməti 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU