HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNİN İCLASINDA
Oktyabrın 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin növbəti iclası keçirildi. İclası komitə sədri Əli Hüseynli açdı.
Bildirildi ki, komitəyə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən qanunvericilik təşəbbüsü qaydasında “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanunu təqdim edilib. Muxtar respublika Konstitusiyasının 6 maddəsi üzrə edilən dəyişikliklər ötən ilin sentyabrında referendum yolu ilə Azərbaycan Konstitusiyasına olunan dəyişikliklərdən irəli gəlir. Belə ki, 8-ci maddənin 3-cü hissəsinə əsasən müəyyən kateqoriyadan olan şəxslərin passiv seçki hüququ qanunla məhdudlaşdırıla bilər. Muxtar Respublikanın Ali Məclisinə deputatlığa namizədlərə tələblərlə bağlı “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəzlənir. Digər bir maddədə Ali Məclisə deputatlıqdan məhrumetmə ilə bağlı 5 hal nəzərdə tutulurdusa, buna əsas yaradan daha iki hal maddəyə əlavə olunur. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə aid tələblər” maddəsindən “yaşı otuzdan aşağı olmayan” sözləri çıxarılır. Naxçıvan Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə aid tələblər maddəsi də yeni redaksiyada verilir və orada da yaş tələbi aradan qaldırılır. Yeni redaksiyada qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri, Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir.
Sonra iclasda Mülki Prosessual, İnzibati Prosessual Məcəllələrə, eləcə də “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənədlərə baxıldı. Qeyd olundu ki, bu qanun layihələrində edilən dəyişikliklər üzvi surətdə bir-biri ilə bağlıdır. Qeyd olundu ki, Ali Məhkəmənin parlamentə ünvanlandığı bu layihələr məhkəmə-hüquq islahatları çərçivəsində tərtib olunub. Məqsəd məhkəmə prosesində operativliyin artırılması və fiziki şəxslərin peşəkar hüquqşünas-vəkillərlə təmin olunmasıdır. Qeyd olundu ki, məhkəmə təcrübəsi göstərir ki, təqdim olunan ərizələrin çoxu qeyri-peşəkar şəkildə tərtib edilir. Bu da prosesin uzanması, əlavə maliyyə vəsaitlərinin sərf edilməsi, iş yükünün artması ilə nəticələnir. Amma qanunvericiliyə edilən dəyişiklik vəkillik institunun fəaliyyətinin inkişaf etdirilməsi və ölkədə vəkillərin sayının artırılması zərurətini yaradır. Çıxış edənlər qanunvericiliyin uyğunlaşdırılması baxımından dəyişiklikləri vacib saydılar.
Sonda müzakirə edilən sənədlər Milli Məclisin plenar iclasına tövsiyə edildi.
Milli Məclisin
Mətbuat xidməti