İQTİSADİ SİYASƏT, SƏNAYE VƏ SAHİBKARLIQ KOMİTƏSİNİN İCLASINDA

Komitə iclasları
19 oktyabr 2017 | 06:10   
Paylaşın:        

Oktyabrın 19-da Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin növbəti iclası keçirildi. Komitə sədri Ziyad Səmədzadə bildirdi ki, iclasda 13 qanun layihəsinə əlavə  və  dəyişikliklər  edilməsi müzakirə ediləcək.
Əvvəlcə komitədə Vergi və İnzibati Xətalar məcəllələrində, “Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı haqqında Əsasnamə”də, “Sığorta fəaliyyəti haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Poçt haqqında”, “Kommersiya sirri haqqında”, “İnvestisiya fondları haqqında”, “Banklar haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “Reklam haqqında” qanunlarda edilən  dəyişikliklər müzakirə olundu. Qeyd edildi ki, bu qanun layihələrinə təklif olunan dəyişikliklər texniki xarakter daşıyır. Dəyişikliklərə əsasən beynəlxalq müqavilələrə uyğun olaraq, xarici dövlətlərin hüquqi və fiziki şəxslərinin Azərbaycanda həyata keçirdikləri maliyyə əməliyyatları barədə məlumatlar Vergi Məcəlləsinin 76-1-ci maddəsinin tələbləri əsasında həmin xarici dövlətlərin səlahiyyətli orqanlarına təqdim edilməlidir.
Bildirildi ki, dəyişikliklərə  müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə aşağıdakı redaksiyada  müvafiq maddə əlavə edilir. “Vergi ödəyicisi kimi qeydiyyatda olmayan şəxslər tərəfindən vergi və maliyyə mübadiləsini nəzərdə tutan Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında xarici dövlətlərdən daxil olan sorğuların cavablandırılması üçün tələb olunan məlumat və sənədlərin müəyyən edilən müddətdə təqdim edilməməsinə və ya bilərəkdən təhrif olunmaqla təqdim edilməsinə görə fiziki şəxslər 50 manat məbləğində, hüquqi şəxslər 100 manat məbləğində cərimə edilir.”
Sonra “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanuna dəyişikliklər  müzakirə  edildi.  Qeyd  olundu ki, Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin 2021-ci ilin yanvarın 1-dək uzadılması nəzərdə tutulur. Qanuna iqtisadi, dövlət və qida təhlükəsizliyi ilə bağlı yeni bir maddə də əlavə edilir.
İclasda “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Avtomobil yolları haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələrinə baxıldı. Hər iki sənəddə aparılan texniki dəyişikliklər  məqsədəuyğun hesab edildi.
Müzakirə olunan məsələlər barədə millət vəkilləri fikirlərini səsləndirdilər. Sonra müzakirə  edilən bütün  məsələlər Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

Milli Məclisin
Mətbuat  xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU