MİLLİ MƏCLİSİN İCLASINDA
Oktyabrın 20-də Milli Məclisin növbəti plenar iclası keçirildi. İclası Milli Məclisin Sədri Oqtay Əsədov aparırdı.
Gündəliyin təsdiqindən sonra Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun payız sessiyasının yekunları barədə məlumat verdi. Qeyd olundu ki, qurumun bu sessiyası əvvəlkilərdən fərqli olaraq Azərbaycan nümayəndə heyəti üçün o qədər də asan keçməyib. Bildirildi ki, qurumda Azərbaycandan başqa monitorinq altında olan heç bir ölkəyə belə yanaşma nümayiş olunmayıb. Ölkəmizlə bağlı məlum qərəzli qətnamələrin qəbul olunması prosesində Azərbaycana mənfi münasibət bəsləyən deputatlar əsassız iddialar səsləndiriblər. Çıxış edən şəxslərin qəbul edilmiş sənədlərə təklif etdiyi əlavələr ümumiyyətlə, həqiqəti əks etdirməyib. Vurğulandı ki, Avropa Şurasının baş katibi ən yüksək dəyərləri – insan haqlarını və demokratiyanı alətə çevirərək Azərbaycana təzyiq göstərir. Səməd Seyidov dedi ki, bir milyon qaçqın və məcburi köçkünün pozulmuş hüquqlarına etinasızlıq ölkəmizə qarşı ən böyük ədalətsizlikdir və biz AŞPA ilə münasibətlərimizi çox ciddi təhlil etməliyik, qəti mövqeyimizi ortaya qoymalıyıq.
Millət vəkilləri AŞPA-nın payız sessiyasında ölkəmizin hədəf seçilməsindən narazılıqlarını ifadə etdilər, Azərbaycana qarşı bu münasibətin haqsız olduğunu bildirdilər.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıldı.
Əvvəlcə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsi barədə məlumat verdi. Qeyd olundu ki, sənəd Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilib. Muxtar respublika Konstitusiyasının 6 maddəsi üzrə edilən dəyişikliklər ötən ilin sentyabrında referendum yolu ilə Azərbaycan Konstitusiyasına olunan dəyişikliklərdən irəli gəlir. Belə ki, 8-ci maddənin 3-cü hissəsinə əsasən müəyyən kateqoriyadan olan şəxslərin passiv seçki hüququ qanunla məhdudlaşdırıla bilər. Muxtar Respublikanın Ali Məclisinə deputatlığa namizədlərə tələblərlə bağlı “yaşı 25-dən aşağı olmayan” sözləri “seçkilərdə iştirak etmək hüququna malik olan” sözləri ilə əvəzlənir. Digər bir maddədə Ali Məclisə deputatlıqdan məhrumetmə ilə bağlı 5 hal nəzərdə tutulurdusa, buna əsas yaradan daha iki hal maddəyə əlavə olunur. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə aid tələblər” maddəsindən “yaşı otuzdan aşağı olmayan” sözləri çıxarılır. Naxçıvan Nazirlər Kabinetinin üzvlüyünə namizədlərə aid tələblər maddəsi də yeni redaksiyada verilir və orada da yaş tələbi aradan qaldırılır. Yeni redaksiyada qeyd olunur ki, Naxçıvan Muxtar Respublikasının Baş naziri, Baş nazirinin müavini, nazir, digər mərkəzi icra hakimiyyəti orqanı rəhbəri vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan vətəndaşı təyin edilir. Sənəd səsə qoyularaq qəbul edildi.
“Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə Çin Xalq Respublikasının Keyfiyyətə Nəzarət, Yoxlama və Karantin üzrə Baş Administrasiyası (AQSİQ) arasında texniki tənzimləmə, metrologiya, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrində əməkdaşlığa dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında” qanun layihəsi barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə məlumat verdi. 2017-ci ilin mayın 15-də Pekində imzalanmış sənədin iqtisadi əhəmiyyəti vurğulandı. Bildirildi ki, Azərbaycanın mühüm ticarət müttəfiqi olan Çinlə ölkəmiz arasında imzalanan bu sənəd insan sağlamlığının qorunmasına, məhsulların və xidmətlərin keyfiyyətinin yüksəldilməsinə böyük töhfə olacaq. Sənəd səsə qoyularaq qəbul edildi.
Gündəlikdəki növbəti 3 məsələ -“Banklar haqqında”, “Poçt haqqında” və “Mərkəzi Bank haqqında” qanunlara təklif olunan dəyişiklikləri Ziyad Səmədzadə geniş şərh etdi. Bildirildi ki, hər 3 qanuna təklif olunan dəyişikliklər “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilməsi barədə 2017-ci il 25 aprel tarixli qanunun tətbiqi ilə əlaqədar uyğunlaşdırma xarakteri daşıyır. Sənədin qəbulu ilə əlaqədar son illər ölkəmizdə fəaliyyət göstərən bankların qarşılaşdıqları problemlərin aradan qaldırılması, bankların sağlamlaşdırılması üçün qanunvericiliyin dəyişdirilməsi zərurəti meydana gəlib. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq qəbul edildi.
Əli Hüseynli “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna təklif edilən dəyişikliyin də “Valyuta tənzimi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunun tətbiqi ilə əlaqədar olduğunu diqqətə çatdırdı. Bu sənəd də razılıqla qarşılandı.
Sonra Ziyad Səmədzadə “Poçt haqqında” qanunda dəyişikliklər edilməsi barədə sənədi təqdim etdi. Qeyd olundu ki, qanuna təklif edilən dəyişiklik xüsusi poçt rabitəsi xidmətində “Dövlət sirri haqqında” Qanunla qorunan məlumatların, qiymətli metalların, qiymətli daşların, zərgərlik məmulatlarının, qiymətli kağızların və xüsusi yüklərin göndərildiyi poçt göndərişlərinin qəbulunu, çeşidlənməsini, saxlanmasını, daşınmasını və ünvan sahiblərinə çatdırılmasını həyata keçirir. Sənəd səsə qoyularaq qəbul edildi.
Ziyad Səmədzadə Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsini şərh edərkən bildirdi ki, sənəd “Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında” 1976-cı il tarixli Beynəlxalq Konvensiyanın tələblərinə uyğunlaşdırmaq məqsədi ilə hazırlanmışdır. Dənizdə baş vermiş qəza hadisələrinin Beynəlxalq Dəniz Təşkilatı tərəfindən araşdırılması nəticəsində müəyyən olunub ki, qəzanın nəticələrinin aradan qaldırılması üçün hesablanmış məbləğ Beynəlxalq Konvensiyanın müəyyən etdiyi məbləğdən dəfələrlə artıqdır. Azərbaycanın Konvensiyaya qoşulması müəyyən edilmiş tələblərin təmin edilməsi məqsədi ilə Ticarət Gəmiçiliyi Məcəlləsində də müvafiq dəyişiklikləri etmək zərurəti yaratmışdır. Sənəd səsə qoyularaq qəbul edildi.
Sonra Əli Hüseynli “Mülki aviasiya sahəsində xidmətlərə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə sənədi təqdim etdi. Bildirildi ki, bu medalla vəzifələrini nümunəvi icra edən, istehsal fəaliyyətində yüksək nəticələr göstərən mülki aviasiya işçiləri, Azərbaycanda bu sahənin inkişafı və təkmilləşdirilməsində xüsusi rolu olan insanlar təltif olunacaqlar. Sənəd səsvermə yolu ilə təsdiqləndi.
Əli Hüseynli Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında sənədlə əlaqədar dəyişiklikləri diqqətə çatdırdı. Qeyd olundu ki, Məcəllənin 53.1-ci maddəsinə edilən dəyişiklik əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin alınması ilə bağlı tələb olunan sənədlərin siyahısının təqdim edilməsindən ibarətdir. Təklif olunan dəyişiklik bu sahədə mövcud bürokratik əngəllərin qarşısını almaq baxımından mütərəqqi bir addımdır. Sənəd təsdiq edildi.
Sonra Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanunun layihəsi barədə məlumat verdi. Qeyd olundu ki, dəyişikliklər “Reklam haqqında” qanunun müvafiq maddələrinin tələblərinin pozulmasına görə inzibati məsuliyyəti yaratmaq məqsədi ilə təklif edilir. Nəzərdə tutulan dəyişikliklərin mahiyyəti açıqlandıqdan sonra sənəd səsə qoyularaq təsdiqləndi.
Əli Hüseynli “Məhkəmə-Hüquq Şurası haqqında” qanuna təklif olunan dəyişiklikləri də diqqətə çatdırdı. Bildirildi ki, layihə “Dövlət qulluğu haqqında” qanunun tələblərinə uyğunlaşdırma məqsədi ilə hazırlanıb. Sənəd müzakirə edilərək təsdiqləndi.
Əli Hüseynli “Məhkəmələr və hakimlər haqqında” qanuna dəyişikliklər edilməsi barədə sənədin təqdimatında bildirdi ki, layihədə bir sıra dəyişikliklər edilir. Bu dəyişikliklər ölkə Prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli sərəncamına əsasən hazırlanmışdır. Sənəd səsvermə yolu ilə təsdiqləndi.
Sonra Əli Hüseynli bildirdi ki, İnzibati Xətalar Məcəlləsindəki dəyişikliklər “Yol hərəkəti haqqında” qanuna dəyişikliklər edilməsi barədə 2016-cı il oktyabrın 14-də qəbul olunmuş qanunun tətbiqi ilə əlaqədar təklif edilir. Həmin qanuna əsasən yol hərəkəti təhlükəsizliyinin təmin olunması məqsədi ilə iri qabaritli və ağır çəkili nəqliyyat vasitələri icazədən artıq yüklə hərəkətdə olduğu zaman müəyyən hallarda ümumi istifadədə olan avtomobil yollarında iştirakdan kənarlaşdırıla bilər. Sənəd təsdiqləndi.
Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov “Mədəniyyət haqqında” qanuna dəyişiklikləri şərh edərkən bildirdi ki, 1960-cı ildən sonra istehsal olunmuş mədəniyyət nümunələrinin ölkəmizdən ixracını sadələşdirmək məqsədilə sənədə bir neçə yeni maddə əlavə olunub, bəzi maddələrdə isə dəqiqləşdirmələr aparılıb. Bu dəyişiklikdən sonra mədəniyyət məhsullarının ölkədən ixracı zamanı süni maneələr aradan qaldırılacaq. Sənəd səsə qoyularaq qəbul edildi.
Sonda Əli Hüseynli Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində əlavə və dəyişikliklər edilməsi barədə sənədləri təqdim etdi. O, bildirdi ki, bu ilin fevral ayında ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı müvafiq sərəncam imzalanmışdır. Bu sərəncamın icrası istiqamətlərindən biri də bugünkü sənədlərdir. Əli Hüseynli qeyd etdi ki, Cinayət Məcəlləsinə 7 istiqamət üzrə dəyişikliklər təklif olunub 300-ə yaxın dəyişiklik nəzərdə tutulub. Cinayət tərkiblərinin Məcəllədən çıxarılması yolu ilə 15-ə yaxın cinayət əməli dekriminallaşdırılıb. Bunlar əsasən mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqla törədilən cinayətlərdir. Məcəlləyə “azadlığın məhdudlaşdırılması” cəzası da əlavə edilir. Azadlığın məhdudlaşdırılması və digər bu kimi cəzalar bütövlükdə 152 maddənin sanksiyasına daxil edilib. Dəyişiklikdə 18 cinayət az ağır cinayətlər kateqoriyasından “böyük cinayət törətməyən” kateqoriyasına, 4 cinayət əməli ağır kateqoriyadan az ağır kateqoriyaya keçirilib.
Sənədlərlə əlaqədar millət vəkilləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Əli Məsimli, Elmira Axundova, Musa Quliyev, Zahid Oruc, Tahir Kərimli, Vüsal Hüseynov, Fərəc Quliyev, Fuad Muradov, Çingiz Qənizadə, Ziyafət Əsgərov fikirlərini bildirdilər. Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiqləndi.
Bununla da Milli Məclis öz işini başa çatdırdı.
Milli Məclisin
Mətbuat xidməti